Həmrəylik günü – milli birlik və azərbaycançılıq məfkurəsinin təntənəsi
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik ideyasının, azərbaycançılıq məfkurəsinin və Vətənə bağlılığın rəmzi kimi xalqımızın ictimai-siyasi həyatında xüsusi yer tutur. Bu əlamətdar gün təkcə təqvimdə qeyd olunan bayram deyil, eyni zamanda dünyanın müxtəlif guşələrində yaşayan milyonlarla azərbaycanlının mənəvi birliyini, milli kimliyini və tarixi yaddaşını özündə təcəssüm etdirən mühüm ideoloji platformadır. Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə birləşdirərək xalqımızın ümumi amal və məqsədlər ətrafında sıx birləşməsini ifadə edir.
Tarixi proseslərin gedişində müxtəlif səbəblərdən dünyanın dörd bir tərəfinə səpələnmiş azərbaycanlılar üçün milli kimliyin qorunması, dilə, mədəniyyətə və adət-ənənələrə bağlılıq hər zaman əsas prioritet olmuşdur. Bu mənada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın tarixi taleyinin, milli yaddaşının və müstəqil dövlətçilik ideyasının məntiqi nəticəsi kimi formalaşmışdır. Bu gün dünya azərbaycanlılarının vahid amal ətrafında birləşməsini, güclü və müstəqil Azərbaycan dövlətinə bağlılığını nümayiş etdirir.
Milli həmrəyliyin ideoloji əsaslarının formalaşdırılmasında və dünya azərbaycanlılarının təşkilatlanması prosesində Ümummilli Lider Heydər Əliyevin misilsiz tarixi xidmətləri olmuşdur. Məhz onun uzaqgörən siyasəti nəticəsində azərbaycanlıların harada yaşamasından asılı olmayaraq, vahid ideya – azərbaycançılıq məfkurəsi ətrafında birləşməsi təmin edilmişdir. Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının birliyini Azərbaycan dövlətçiliyinin mühüm dayaqlarından biri kimi qiymətləndirərək bu məsələyə hər zaman strateji yanaşmışdır. Onun siyasi irsində milli birlik, həmrəylik və diaspor quruculuğu məsələləri xüsusi yer tutmuşdur.
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu müdrik siyasət bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirilir. Prezident İlham Əliyev dünya azərbaycanlılarının həmrəyliyini müasir dövrün çağırışlarına uyğun olaraq daha da möhkəmləndirmiş, diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, onların Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımlar atmışdır. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində dünya azərbaycanlıları arasında əlaqələr daha da intensivləşmiş, milli həmrəylik yeni keyfiyyət mərhələsinə yüksəlmişdir.
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının III Qurultayında söylədiyi fikirlər bu siyasətin mahiyyətini və fəlsəfəsini aydın şəkildə ifadə edir: “Bizim xaricdə yaşayan böyük ailəmiz vardır, bu, azərbaycanlılardır. Onlar öz doğma Vətəninə bağlı olan adamlardır. Bizi fərqləndirən əlamət ondan ibarətdir ki, harada yaşamağımızdan asılı olmayaraq, öz Vətənimizə bağlıyıq. Bura bizim vətənimizdir, hamımızın vətənidir. Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var – Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var – azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər.”
Bu fikirlər bir daha təsdiq edir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təkcə emosional bağlılıq deyil, eyni zamanda güclü dövlət, vahid ideologiya və möhkəm milli iradə üzərində qurulmuş strateji birlik modelidir. Müstəqil Azərbaycan bu gün bütün dünya azərbaycanlılarının ideya mərkəzi, mənəvi dayağı və güvən ünvanıdır.
Xüsusilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər dünya azərbaycanlılarının həmrəyliyinin real nəticələrini açıq şəkildə nümayiş etdirdi. Xaricdə yaşayan soydaşlarımız Azərbaycanın haqq səsini beynəlxalq müstəvidə müdafiə edərək milli birliyin sarsılmaz olduğunu sübut etdilər. Bu həmrəylik bir daha göstərdi ki, azərbaycanlı harada yaşamasından asılı olmayaraq, onun qəlbi Vətənlə döyünür.
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, azərbaycançılıq ideologiyasının yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu bayram həm keçmişə ehtiramın, həm bu günə güvənin, həm də gələcəyə inamın ifadəsidir. Güclü Azərbaycan dövləti, onun ətrafında sıx birləşmiş xalq və dünya azərbaycanlılarının sarsılmaz həmrəyliyi ölkəmizin davamlı inkişafının və uğurlarının əsas təminatıdır.
Elçin Kazımov,
YAP Salyan rayon təşkilatının gənc YAP fəalı