Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir
Prezidenti İlham Əliyevin ilin sonunda idman ictimaiyyəti ilə görüşü, uğur qazanan idmançıların mükafatlandırılması yalnız idman hadisəsi deyil, dövlət siyasətinin mühüm tərkib hissəsidir. Belə ki, bu, ilk növbədə dövlətin idmana verdiyi siyasi və mənəvi dəstəyin nümayişidir. Ali rəhbərlik səviyyəsində idmançılarla birbaşa görüş idmanın dövlət üçün prioritet sahə olduğunu təsdiqləyir. Gənclərə dövlətin zəhməti və uğuru qiymətləndirdiyi mesajını verir, bu, idmançıların motivasiyasını və məsuliyyət hissini artırır. Belə görüşlər eyni zamanda uzunmüddətli strategiyaların reallaşmasını sürətləndirir. Cənab Prezident budəfəki görüşdə də vacib mesajlar verdi.
Mötəbər Beynəlxalq idman yarışlarına və irimiqyaslı tədbirlərə ev sahibliyi etməsi, eləcə də beynəlxalq yarışlarda idmançılarımızın iştirakı, əldə etdiyi uğurlar Azərbaycanın dünya idmanında öz yerinə və sözünə malık olkə olduğunu bir daha sübut edir. Şübhəsiz ki, idman sahəsindəki uğurların təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursla bağlıdır. Belə ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan bütün sahələrdə olduğu kimi, idman sahəsində də uğurlar əldə olundu. Bu gün isə, bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Ölkə başçısı öz çıxışında xüsusi olaraq vurğulayıb ki, Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilib. İdman infrastrukturu demək olar ki, sıfırdan qurulub və bu gün ən yüksək səviyyədədir. Bölgələrdə idmanla məşğul olmaq üçün bütün şərait var. Bu il Gəncədə və Yevlaxda Olimpiya İdman komplekslərinin tikintisi başa çatıb. Beləliklə, bölgələrdə Olimpiya İdman komplekslərinin sayı 46-ya çatıb.
Bu ilin ölkəmizdə keçirilmiş əsas idman yarışı təbii ki, MDB ölkələrinin üçüncü Oyunları olub. Azərbaycanda ənənəvi olaraq bir çox beynəlxalq idman yarışları keçirilir. Bəziləri ənənəvi xarakter alır, bəziləri xüsusilə çox böyük beynəlxalq idman yarışları ilk dəfə idi ki, Azərbaycanda keçirilmişdir. MDB ölkələrinin üçüncü Oyunları çox yüksək səviyyədə keçirilib. Prezident İlham Əliyev bu barədə bildirib ki, “bu Oyunların xüsusiyyəti ondan ibarət idi ki, onlar bölgələrdə - bir neçə şəhərdə keçirilmişdir. Yəni bu, özlüyündə bir göstəricidir. Təbii ki, Bakı şəhərində istənilən idman yarışını keçirmək olar. Ancaq minlərlə xarici qonağın iştirakı ilə bölgələrdə keçirilmiş MDB Oyunları əlbəttə ki, bizim potensialımızı göstərir. Gəncə şəhəri mərkəz seçilmişdi. Yarışların bəziləri digər şəhərlərdə, o cümlədən Xankəndi şəhərində keçirilmişdir. Məndə olan məlumata görə, bütün qonaqlar çox böyük minnətdarlıqla həm bizim qonaqpərvərliyimizi qeyd ediblər, həm də bölgələrimizin gözəlliyi və yaradılmış şəraitlə tanış olublar. İdmançılarımız bu Oyunlarda yaxşı nəticə göstərmişlər, komanda hesabında ikinci yerə biz layiq görüldük. Əlbəttə ki, bütövlükdə bu kimi tədbirlər ölkəmizin imicini, idman potensialını bütün dünyaya göstərir”.
Məlum olduğu kimi, bu il ölkəmizdə ilk dəfə UFC turniri keçirildi. UFC-nin prezidenti Deyna Uayt iyunun 20-də Prezident İlham Əliyevlə görüşdə bu turnirə hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını vurğulayaraq, göstərilmiş dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirmişdi. Prezident İlham Əliyev cıxışında bildirdi ki, UFC kimi mötəbər turnirin Bakıda təşkil olunması Azərbaycanın idman ölkəsi kimi dünyada artan nüfuzunun və potensialının daha bir göstəricisidir: “…turnirin təşkilatçıları ilə görüşüm zamanı onlar da qeyd edirdilər ki, Bakının bu cür inkişaf etmiş şəhər olmasını, bu dərəcədə gözəl şəhər olmasını heç təsəvvür edə bilmirdilər, heç gözləmirdilər. Yəni minlərlə iştirakçının, xarici qonağın iştirakı ilə keçirilən və dünya mediası tərəfindən işıqlandırılan belə bir yarış ölkəmizin təqdimatının bir növüdür”.
Gələn il də ölkəmizdə nüfuzlu idman yarışlarının keçirilməsi gözlənilir. Xüsusilə də xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokunu qeyd etmək olar. Belə ki, ölkəmiz 2026-cı ildə xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokuna ev sahibliyi edəcək. Beynəlxalq Xizək Alpinizmi Federasiyası (İSMF) ilə əldə olunan razılığa əsasən, yarışların "Şahdağ" Turizm Mərkəzində keçirilməsi ilə bağlı qərar qəbul edilib və yarışlar beynəlxalq federasiyanın yarış təqviminə salınıb. Avropa çempionatının 2026-cı il martın 4-8-də, Dünya Kubokunun isə martın 6-8-də "Şahdağ" Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur.
2025-ci ilin idman yekunlarına həsr olunan tədbir respulikada idmana göstərilən dövlət qayğısının, vətəndaşların idmana münasibətinin, idmanın Azərbycanı dünyaya tanıtma vasitələrindən biri olduğunun təsdiqi kimi tarixləşdi. Azərbaycan gəncliyi bundan sonra da bu tarixləşmə prosesinin ən fəal icraçıları olacaqdır.
İlkin Əhmədli ,
Güllə atıcılığı üzrə məşqçi, Azərbaycan Atıcılıq Federasiyasının Salyan rayonu Atıcılıq tiri üzrə məsul şəxsi