Azərbaycanda ötən il 287 min ton pambıq yığılıb

Ötən təsərrüfat ilində Azərbaycanda 17 rayonda 100,5 min hektar ərazidə pambıq əkiilib, 286,7 min ton məhsul tədarük edilərək emal müəssisələrinə verilib.
Kanal4.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov bildirib.
"Bununla da hər hektar üçün orta məhsuldarlıq 28,5 sentner təşkil edib ki, bu da yüksək göstəricidir", - deyə o, qeyd edib.
Şöbə müdirinin fikrincə, gələcəkdə pambıq əkilərkən iqlim dəyişikliyinə adaptasiya olan texnologiyaların tətbiqinə üstünlük verilməlidir:
Pambıqçılıqda qulluq işləri aqrotexniki qaydalara əsasən həyata keçirilsə də, nəzərə almalıyıq ki, qlobal iqlim dəyişikliyi fonunda dünyada müəyyən çətinliklər yaranıb. Kənd təsərrüfatı da iqlimdən asılı sahədir. Bizim ölkədə də bu il qlobal iqlim dəyişkliyi öz təzahürünü göstərib. Amma nazirlik daima fermerlərin yanındadır".