Dünyada soğanın bahalaşması Azərbaycandan soğan ixracına məhdudiyyətləri aktual edir?
"Dekabr ayı və yanvar ayında soğanın qiyməti son 5 ilin müvafiq dövrləri ilə müqayisədə ən maksimum həddə (0,70 AZN/kq) yüksəlib", - deyə Aqrar tədqiqatlar mərkəzinin direktoru Firdovsi Fikrətzadə "Report"a bildirib.
Ekspert Ukraynadan soğan ixracının azalmasının və əksinə bu ölkəyə, o cümlədən Azərbaycandan, idxalın baş verməsinın həm regionda, həm də respublikada məhsulun bahalaşmasına gətirdiyini izah edib.
Rusiyada da ötən ilin sonu ilə müqayisədə soğan bahalaşıb.
Digər səbəblər arasında Mərkəzi Asiyada xeyli soğan ehtiyatını məhv edən şaxtalar, Pakistanda isə soğan əkinlərini əhəmiyyətli məhv edən daşqınlar var.
Fikrətzadənin fikrincə, soğan tədarükçüsü olan ölkələrin tətbiq etdiyi ixrac qadağaları yaxın gələcəkdə bu məhsula tələbatın artmasına və qiymətlərin qalxmasına təkan olacaq.
“Məqsədə uyğun olardı ki, yeni məhsulun çıxdığı dövrə qədər soğanın ixracına məhdudiyyət qoyulsun, idxalına isə güzəştlər tətbiq edilsin”, - deyə o, əlavə edib.