Səməd Seyidov : "Avropa Şurası Parlament Assambleyasının məruzəçiləri yanlış məlumatı bəyanat kimi yayıblar”
“Təəssüflər olsun ki, Avropa Şurası Parlament Assambleyasının məruzəçiləri yalan və böhtanı, manipulyasiya edərək tamamilə yanlış bir məlumatı bəyanat kimi yayıblar”.
Bunu açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.
S. Seyidovun sözlərinə görə, bu, bir daha sübut edir ki, AŞ-ın nümayəndələri ümumiyyətlə, Azərbaycana, müstəqil siyasət aparan dövlətlərə qarşı reallıqdan uzaq və qərəzli mövqedən çıxış edirlər: “Azərbaycanda gedən proseslərin Avropa Şurasında və başqa beynəlxalq təşkilatlarda təhlil edilməsi üçün ən azı həmin məruzəçilər Azərbaycanın həmin təşkilatlardakı nümayəndələri, yaxud ölkədəki müvafiq strukturlarla normal qaydada əməkdaşlıq etməlidirlər. Ancaq bu məruzəçilər nə Azərbaycanın nümayəndə heyəti, nə Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəsi, nə Azərbaycanda insan haqları üzrə İşçi Qrupunun nümayəndələri, nə də ölkəmizdə bu məsələlərlə məşğul olan strukturlarla əlaqə yaratmayıb, tamamilə yalan, yanlış, həqiqəti əks etdirməyən məlumatlara və bilinməyən mənbələrin müraciətə əsaslanaraq belə bir bəyanat veriblər. Bu bəyanatlar onlar özlərini bir daha ifşa ediblər və ifşa edirlər. Bununla da Avropa Şurasına daha böyük zərbə vururlar”.