Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
Qlobal geosiyasi və iqtisadi nizamın yenidən formalaşdığı müasir dövrdə Azərbaycan Respublikası ilə Mərkəzi Asiya regionu arasında mövcud olan tarixi, mədəni və strateji bağlar keyfiyyətcə tamamilə yeni bir mərhələyə qədəm qoyub. Türkmənistanın Türkmənbaşı şəhərində, Xəzərin mühüm liman mərkəzində reallaşan Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü bu birliyin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi.
Sammitdə mühüm rəsmi sənədlər imzalandı və tərəfdaşlığın institusional əsasları daha da möhkəmləndirildi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görüşdəki proqram xarakterli və konseptual çıxışı, Bakının Mərkəzi Asiya paytaxtları ilə birlikdə Avrasiyanın mərkəzində yeni sabitlik və inkişaf platforması yaratdığını sübut etdi.
Azərbaycanın bu formatda iştirakı sadəcə qonşuluq əlaqələri ilə məhdudlaşmır. Ötən ilin noyabr ayında Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü statusunu qazandı. Bu, türk dünyasının coğrafi və siyasi baxımdan bütövləşməsi istiqamətində atılmış ən böyük addımlardan biridir.
Dövlətimizin başçısı öz çıxışında bu tarixi qərarı yekdilliklə dəstəklədikləri üçün bütün həmkar dövlət rəhbərlərinə xüsusi təşəkkürünü bildirdi. Prezident İlham Əliyev bu regional təşəbbüsdə Türkmənistanın və şəxsən Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun müstəsna rolunu xüsusi qeyd etdi. Məhz Qurbanqulu Berdiməhəmmədovun avqust ayında Avazada Azərbaycanın bu formatda tamhüquqlu iştirakı təşəbbüsü ilə çıxış etməsi, bu gün real bəhrələrini verən böyək bir ittifaqın təməl daşına çevrildi.
Azərbaycan ilə Türkmənistan arasındakı ikitərəfli münasibətlər son illərdə özünün ən parlaq dövrünü yaşayır. Son bir ildən başlayaraq ən yüksək dövlət səviyyəsində artıq beş qarşılıqlı səfərin həyata keçirilməsi, siyasi dialoqumuzun hansı dərəcədə intensiv, etibarlı və şəffaf olduğunu nümayiş etdirir. Bu intensivlik iki ölkənin qarşılıqlı şəkildə əlaqələri maksimum dərəcədə gücləndirmək niyyətinin bariz göstəricisidir.
Bu mənəvi birliyin ən ali nümunəsi kimi, hörmətli Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində möhtəşəm bir məscidin tikintisi xüsusi vurğulanmalıdır. Keçən il hər iki ölkə rəhbərinin birgə iştirakı ilə təməli qoyulan bu müqəddəs ocaq, qardaş Türkmənistanın xalqımıza, dövlətimizə ən mühüm hədiyyəsi və mənəvi yaxınlığımızın əbədi rəmzidir. Azərbaycanın otuzillik işğaldan azad edilmiş ərazilərinin sürətli bərpası və yenidən qurulması prosesində Mərkəzi Asiyanın qardaş dövlətlərinin nümayiş etdirdiyi dəstək dövlətimiz tərəfindən çox yüksək qiymətləndirilir. Bu yardımlar sadəcə bərpa işi deyil, ortaq soy-kökə malik xalqların sarsılmaz birliyinin əyani nümayişidir:
İqtisadi tərəfdaşlığı daha üst səviyyəyə qaldırmaq məqsədilə Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları təsis edib. Bu fondların hər birinin nizamnamə kapitalı yüz milyonlarla dollar məbləğindədir.
Prezident İlham Əliyev öz çıxışında strateji hədəfi dəqiq müəyyənləşdirib: Bu fondların nəhəng potensialından yeni istehsal müəssisələrinin yaradılması, sənaye kooperasiyasının genişləndirilməsi və iri infrastruktur layihələri üçün daha aktiv istifadə olunmalıdır. Tərəflər artıq yalnız birtərəfli ticarətlə kifayətlənməməli, birgə sərmayə qoymalı, istehsal etməli və qlobal xarici bazarlara vahid güc kimi birgə çıxmalıdırlar.
Əməkdaşlığın ən mühüm və strateji qlobal sahələrindən biri nəqliyyat-logistika sektorudur. Müasir geosiyasi çağırışlar fonunda Xəzər dənizi ölkələrimiz arasında, eləcə də şərqlə qərb arasında nəqliyyat qarşılıqlı əlaqələrində mərkəzi rol oynayır. Xəzərin hər iki sahilindəki müasir limanlar, dəmir yolları və logistik mərkəzlər Mərkəzi Asiyanı Azərbaycan vasitəsilə beynəlxalq bazarlara birləşdirir.
Son illərdə nəqliyyat infrastrukturunun – dəniz limanlarının, müasir aeroportların, magistral və dəmir yollarının inkişafına milyardlarla dollar investisiya qoyulub. Bu strateji sərmayənin nəticəsi olaraq Orta Dəhliz marşrutu üzrə keçən il tranzit yükdaşımaların həcmi 10 faizdən çox, cari ilin ilk səkkiz ayında isə təxminən daha 20 faiz artmışdır. Bu nəqliyyat şəbəkəsi paralel olaraq rəqəmsal müstəviyə daşınır: Xəzər dənizinin dibi ilə fiber-optik kabel xətlərinin çəkilişini nəzərdə tutan “Rəqəmsal İpək Yolu” layihəsi regionu həm də qlobal məlumat qovşağına çevirir.
Energetika sahəsi əməkdaşlıqda ənənəvi olaraq xüsusi və strateji çəkiyə malikdir. Azərbaycan Mərkəzi Asiyanın zəngin enerji resurslarının qlobal bazarlara təhlükəsiz və diversifikasiya olunmuş şəkildə çatdırılmasında əvəzedilməz tranzit tərəfdaşdır. Türkmənistan və Qazaxıstan neftinin ölkəmizin boru xətləri və dəniz nəqliyyatı vasitəsilə daşınması ildən-ilə artan templə davam edir.
Əməkdaşlığın ən perspektivli və innovativ qolu isə bərpaolunan enerji sahəsidir. Hazırda Azərbaycan, Qazaxıstan və Özbəkistan Xəzər və Mərkəzi Asiya regionunun ekoloji təmiz elektrik enerjisini birləşdirəcək nəhəng "Yaşıl enerji dəhlizi" layihəsi üzərində birgə iş aparır. Bu layihə regionun gələcək qlobal ekoloji arxitekturadakı yerini təmin edəcək.
Dövlətimizin başçısının bəyan etdiyi kimi, bu nəhəng tərəfdaşlıq formatının rəqabət qabiliyyəti və geosiyasi əhəmiyyəti təkcə energetika və nəqliyyat layihələri ilə məhdudlaşmır. Həyata keçirilən bütün irimiqyaslı iqtisadi və logistik layihələrin, qazanılan bütün tarixi nailiyyətlərin fundamental təməlində ölkələrimizdə hökm sürən sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik dayanır.
Səkinə Məlikova,
Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının direktoru