Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməsi ölkəmizin qarşısında yeni imkanlarla yanaşı, yeni məsuliyyətlər də yaradıb. Artıq söhbət yalnız keçmişdə qarşıya qoyulan məqsədlərin həyata keçirilməsindən deyil, əldə olunan nəticələrin qorunmasından və Azərbaycanın təhlükəsizliyinin uzunmüddətli əsaslarla təmin edilməsindən gedir. Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin çıxışı da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı çıxışında Azərbaycanın qarşısında duran əsas vəzifələri sadalayaraq, ilk növbədə hərbi gücün artırılmasının vacibliyini diqqətə çatdırıb.
Bu yanaşmanın əsas səbəbi Azərbaycanın müharibə şəraitində olmaması ilə təhlükəsizlik məsələlərinin öz aktuallığını itirməməsidir. Bu gün Azərbaycanla Ermənistan arasında münaqişənin və müharibənin olmaması, sərhəddə sakitliyin hökm sürməsi, sülh müqaviləsinin paraflanması və iki ölkə arasında təmasların başlaması yeni vəziyyət yaradıb. Azərbaycan həm də Ermənistanla ticarət əlaqələrinə başlayıb. Lakin Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, əldə edilmiş sülh imkanlarının qorunması üçün dövlətin müdafiə qabiliyyətinin yüksək səviyyədə saxlanılması vacibdir.
Azərbaycanın yaxın tarixində baş verənlər göstərir ki, təhlükəsizlik məsələsinə yalnız mövcud vəziyyətə əsaslanaraq yanaşmaq olmaz. Ölkəmiz 30 ilə yaxın müddətdə münaqişə, işğal və müxtəlif siyasi təzyiqlərlə üzləşib. 2020-ci ildə hərbi Zəfərin əldə olunması və 2023-cü ildə dövlət suverenliyinin tam bərpa edilməsi Azərbaycan üçün yeni mərhələ açsa da, bu nəticələrin qorunması dövlətin daim güclü və hazırlıqlı olmasını tələb edir. Prezident İlham Əliyev də çıxışında hərbi gücün artırılmasını məhz bu baxımdan əsas vəzifələrdən biri kimi təqdim edib.
Məsələnin digər mühüm tərəfi isə regionda və dünyada baş verən proseslərdir. Son illər müxtəlif coğrafiyalarda müharibə və silahlı toqquşmaların davam etməsi beynəlxalq təhlükəsizlik sistemində ciddi dəyişikliklər yaradıb. Azərbaycan belə bir şəraitdə öz milli təhlükəsizliyini təmin etmək üçün hərbi potensialını daim inkişaf etdirməyə üstünlük verir. Prezident İlham Əliyevin VIII Qurultayda qeyd etdiyi kimi, ölkənin hərbi və təhlükəsizlik məsələləri dövlət büdcəsində də prioritet istiqamətlər sırasında saxlanılır.
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Ölkədə ictimai-siyasi sabitliyin qorunması, dövlət sərhədlərinin etibarlı müdafiəsi və milli təhlükəsizliyin təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin qurultaydakı çıxışında da qeyd etdiyi kimi, mövcud sabitlik böyük dəyərdir və dünyada baş verən proseslər fonunda onun qorunması xüsusi əhəmiyyət daşıyır. Məhz buna görə Azərbaycanın hərbi imkanlarının gücləndirilməsi ilə yanaşı, təhlükəsizliyə təsir göstərə biləcək digər amillərin də daim diqqətdə saxlanılması vacib hesab olunur.
Təhlükəsizlik anlayışı isə yalnız ordunun gücü ilə məhdudlaşmır. Dövlət sərhədlərinin etibarlı qorunması, mümkün risklərin əvvəlcədən müəyyənləşdirilməsi, informasiya və ideoloji mühitdə milli maraqların müdafiəsi də bu siyasətin mühüm hissələridir. Prezident İlham Əliyev çıxışında fiziki təhlükəsizliklə yanaşı, ideoloji təhlükəsizliyin də əhəmiyyətini xüsusi qeyd edib. Xüsusilə internetin, sosial medianın, süni intellektin və müasir informasiya texnologiyalarının geniş yayıldığı bir dövrdə cəmiyyətin informasiya təsirlərinə qarşı dayanıqlığının artırılması ayrıca əhəmiyyət daşıyır.
Bu baxımdan təhsil və vətənpərvərlik mühüm amillər kimi önə çıxır. Savadlı və dünyagörüşlü cəmiyyət yalan məlumatları, təxribat xarakterli çağırışları və müxtəlif manipulyasiyaları daha düzgün qiymətləndirə bilir. Gənc nəslin dövlətçilik düşüncəsi, milli dəyərlər və vətənpərvərlik ruhunda yetişdirilməsi də Azərbaycanın gələcək təhlükəsizliyi baxımından əhəmiyyətlidir. Prezidentin qurultaydakı çıxışında ideoloji işin müasir tələblərə uyğun qurulması, şablon yanaşmalardan uzaqlaşılması və yeni üsullardan istifadə olunması ilə bağlı fikirləri də bu məsələnin aktuallığını göstərir.
Azərbaycanın beynəlxalq siyasəti də təhlükəsizlik və milli maraqların qorunması ilə birbaşa bağlıdır. Ölkəmiz son illərdə müxtəlif beynəlxalq və regional platformalarda fəallığını artırıb, Mərkəzi Asiya dövlətləri ilə siyasi, iqtisadi, nəqliyyat və enerji sahələrində əlaqələrini genişləndirib. Prezident İlham Əliyev VIII Qurultayda Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qəbul edilməsini də ölkənin artan regional rolunu göstərən mühüm hadisələrdən biri kimi qeyd edib.
Bütün bunlarla yanaşı, təhlükəsizliyin və müdafiə qabiliyyətinin möhkəmləndirilməsi ölkənin iqtisadi inkişafı ilə paralel aparılır. Çünki güclü iqtisadiyyat dövlətin həm sosial layihələri həyata keçirməsinə, həm də müdafiə və təhlükəsizlik imkanlarını artırmasına şərait yaradır. Bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması, yeni yaşayış məntəqələrinin salınması və Böyük Qayıdış prosesinin davam etdirilməsi də dövlətin qarşısında duran mühüm istiqamətlərdəndir. Prezident İlham Əliyevin VIII Qurultayda qeyd etdiyi kimi, təhlükəsizliklə yanaşı, iqtisadi inkişaf və quruculuq işləri də dövlət siyasətinin əsas istiqamətləri sırasında qalır.
Azərbaycanın bugünkü sabitliyi və təhlükəsizliyi uzun illər ərzində formalaşdırılmış dövlətçilik, iqtisadi və hərbi potensialın nəticəsidir. Qarşıdakı mərhələdə əsas məsələ bu imkanların qorunması və dəyişən dünya reallıqlarına uyğun daha da inkişaf etdirilməsidir. VIII Qurultayda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər də Azərbaycanın yeni dövrdə yalnız əldə etdiyi nəticələri qorumaqla kifayətlənməyəcəyini, təhlükəsizlik, iqtisadi inkişaf, beynəlxalq əməkdaşlıq və cəmiyyətin dayanıqlığı istiqamətlərində fəaliyyətini davam etdirəcəyini göstərir.
Hünər Abdullayev,
Salyan rayon Yolüstü kənd inzibati ərazi dariəsi üzrə nümayəndə, YAP fəalı