Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
Azərbaycanın son illərdə qazandığı uğurlar ölkənin beynəlxalq mövqeyinin möhkəmlənməsi və müstəqil siyasət yürütmək imkanlarının genişlənməsi ilə müşayiət olunur. Bu prosesdə dövlətçilik ənənələrinin qorunması, milli maraqların əsas götürülməsi və cəmiyyətin vahid mövqedə olması mühüm rol oynayır. Yeni Azərbaycan Partiyası da yarandığı gündən dövlətçilik ideyalarını, milli maraqları və Azərbaycanın müstəqil inkişaf yolunu əsas fəaliyyət istiqamətlərindən biri kimi qəbul edib. Bu baxımdan Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin çıxışında xarici siyasət və ideoloji təhlükəsizlik məsələlərinə xüsusi yer ayırması diqqət çəkir.
Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində müxtəlif dövlətlərlə əlaqələr quran, regional və qlobal proseslərdə öz mövqeyini ortaya qoyan ölkələrdən biridir. Xarici siyasətdə əsas məqsəd Azərbaycanın milli maraqlarının qorunması, ölkənin müstəqil qərar qəbul etmək imkanlarının saxlanılması və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsidir. Prezident İlham Əliyev VIII Qurultayda Azərbaycanın xarici siyasətinin bundan sonra da daha fəal istiqamətdə davam etdirilməsinin vacibliyini qeyd edib. Dövlət başçısının sözlərinə görə, ölkənin müxtəlif siyasi qütblərlə təmaslarını davam etdirməsi və heç bir düşərgəyə qoşulmaması Azərbaycanın müstəqil siyasət kursunun əsas xüsusiyyətlərindəndir.
Son dövrdə Azərbaycanın beynəlxalq əlaqələrinin coğrafiyası da genişlənib. Mərkəzi Asiya dövlətləri ilə siyasi, iqtisadi, nəqliyyat və enerji sahələrində əməkdaşlığın dərinləşməsi, Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qəbul edilməsi, D-8 təşkilatına qoşulması ölkənin regional əlaqələrinin yeni mərhələyə keçdiyini göstərən hadisələr sırasında qeyd olunur. Avropa İttifaqına üzv dövlətlərlə strateji tərəfdaşlıq münasibətləri, Çin və ABŞ ilə strateji tərəfdaşlıq istiqamətində atılan addımlar da Azərbaycanın xarici siyasətinin çoxşaxəli xarakterini göstərir.
Bu siyasətin mühüm xüsusiyyətlərindən biri Azərbaycanın öz maraqlarını qorumaqla yanaşı, müxtəlif tərəflərlə əməkdaşlıq imkanlarını açıq saxlamasıdır. Ölkəmizin beynəlxalq tədbirlər üçün platforma kimi seçilməsi də bu baxımdan diqqət çəkir. Müxtəlif mövqelərə malik dövlətlərin nümayəndələrinin Azərbaycanda görüşməsi və ayrı-ayrı regional məsələlərin müzakirəsi ölkəmizin diplomatik imkanlarının genişlənməsini göstərir. Prezident İlham Əliyev çıxışında Azərbaycanın beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş kimi qəbul edilməsini bu siyasətin mühüm nəticələrindən biri kimi təqdim edib.
Xarici siyasətdə əldə olunan mövqenin qorunması isə yalnız diplomatik fəaliyyətlə məhdudlaşmır. Ölkənin daxili sabitliyi, iqtisadi imkanları, dövlətçilik düşüncəsi və cəmiyyətin milli maraqlar ətrafında birliyi də bu siyasətin dayanıqlılığı üçün mühüm amillərdir. Məhz bu məqam bizi ideoloji təhlükəsizlik məsələsinə gətirir. Müasir informasiya mühitində dövlət sərhədləri fiziki olaraq qorunsa da, informasiya və ideoloji təsirlər üçün belə sərhədlər mövcud deyil. Prezident İlham Əliyevin qurultaydakı çıxışında ideoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər əhəmiyyətli olduğu xüsusi vurğulanıb. İnternetin, sosial medianın, kiber məkanın və süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə informasiya mənbələrinin çoxalması cəmiyyət qarşısında yeni vəzifələr yaradır. Bu şəraitdə əsas məsələlərdən biri insanların məlumatı düzgün qiymətləndirmək, həqiqətlə yanlış məlumatı ayırmaq və müxtəlif manipulyativ təsirlərə tənqidi yanaşmaq bacarığının gücləndirilməsidir.
Bu baxımdan təhsil xüsusi əhəmiyyət daşıyır. Savadlı, bilikli və geniş dünyagörüşünə malik insan müxtəlif informasiya axınları içərisində daha düzgün seçim edə bilir. Ona görə də ideoloji təhlükəsizliyin təmin olunması yalnız müəyyən tədbirlərin keçirilməsi ilə deyil, cəmiyyətin bilik səviyyəsinin, informasiya mədəniyyətinin və analitik düşüncə imkanlarının artırılması ilə bağlıdır. Prezidentin çıxışında da təhsilin ideoloji təxribatlardan qorunmanın əsas vasitələrindən biri kimi göstərilməsi bu məsələnin əhəmiyyətini ortaya qoyur.
Digər mühüm amil vətənpərvərlikdir. Azərbaycanın keçdiyi yol, əldə etdiyi tarixi nəticələr və dövlət müstəqilliyinin möhkəmlənməsi gənc nəslin milli dəyərlər və dövlətçilik düşüncəsi əsasında formalaşmasına xüsusi məsuliyyət yaradır. Vətənpərvərlik yalnız tarixi qələbələrlə fəxr etmək deyil, həm də ölkənin bu günü və gələcəyi üçün məsuliyyət hiss etmək, dövlətin inkişafına öz fəaliyyəti ilə töhfə verməkdir.
İdeoloji işin qarşısında duran əsas məsələlərdən biri də dəyişən informasiya mühitinə uyğun yeni yanaşmaların formalaşdırılmasıdır. Prezident İlham Əliyev VIII Qurultayda bu sahədə şablon yanaşmalardan uzaqlaşmağın, formal xarakter daşıyan tədbirlərin əvəzinə daha müasir və məzmunlu iş aparılmasının vacibliyinə diqqət çəkib. Azərbaycan reallıqlarının cəmiyyətə düzgün və dolğun çatdırılması, ölkədə görülən işlərin ictimai müzakirəyə çıxarılması və informasiya məkanında milli maraqların qorunması bu baxımdan mühüm istiqamətlərdir. Bu məsələdə Yeni Azərbaycan Partiyasının üzərinə də mühüm vəzifələr düşür. Partiyanın geniş üzv bazası və ictimai-siyasi həyatda fəallığı ideoloji işin daha müasir formada qurulması üçün imkan yaradır. Partiya fəallarının əsas vəzifələrindən biri ölkədə gedən prosesləri düzgün izah etmək, cəmiyyəti real məlumatlarla təmin etmək, xüsusilə gənclərin informasiya mühitində qarşılaşdıqları müxtəlif təsirlərə qarşı sağlam mövqe formalaşdırmasına töhfə verməkdir. Bu fəaliyyət formal xarakter daşımamalı, gündəlik ictimai proseslərlə əlaqəli və müasir informasiya imkanlarından istifadə etməklə aparılmalıdır.
Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi ilə ideoloji təhlükəsizliyin gücləndirilməsi arasında da əlaqə var. Xarici siyasətdə müstəqil mövqe nümayiş etdirən dövlət daxilində də milli maraqları dərk edən, dövlətçilik dəyərlərinə bağlı və informasiya təsirlərini düzgün qiymətləndirən cəmiyyətə ehtiyac duyur. Bu baxımdan təhsil, vətənpərvərlik, informasiya mədəniyyəti və müasir ideoloji iş bir-birini tamamlayan istiqamətlərdir.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən fikirlər Azərbaycanın qarşıdakı dövrdə həm beynəlxalq mövqelərini möhkəmləndirməyə, həm də ölkə daxilində milli həmrəyliyi və ideoloji dayanıqlığı gücləndirməyə yönəlmiş məsələlərə diqqət yetirəcəyini göstərir. Xarici siyasətdə müstəqilliyin qorunması və fəallığın artırılması, ideoloji sahədə isə müasir informasiya reallıqlarına uyğun fəaliyyətin qurulması yeni dövrün mühüm istiqamətləri kimi önə çıxır.
Aynur Əsgərova,
ETİHİ Salyan rayon komitəsinin sədri, YAP fəalı