Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
Türk dövlətləri ilə inteqrasiyanın dərinləşməsi Cənubi Qafqazdan başlayaraq, Avrasiya məkanına qədər uzanan nəhəng coğrafiyada sabitlik zəmanətidir
Bakıda keçirilən beynəlxalq konfrans çərçivəsində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın gələcəyə baxışını, dövlətçilik prioritetlərini və xarici siyasətdə əsas götürdüyü prinsipləri bir daha ortaya qoydu. Dövlət başçısının çıxışında Azərbaycanın bəşəriyyətin mədəni inkişafına verdiyi töhfələrdən tutmuş milli irsin qorunmasına, türk dünyasındakı mövqeyindən Qafqazdakı roluna qədər bir sıra istiqamətlər diqqət mərkəzində saxlanıldı.

Bununla yanaşı, İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsi, Qarabağda yaşanmış hadisələrin və işğal illərində məhv edilmiş tarixi-mədəni irsin yaddaşda saxlanılması, beynəlxalq münasibətlərdə fərqli yanaşmaların mövcudluğu da dövlət başçısının mesajlarının mühüm hissəsini təşkil etdi. Çıxışda 44 günlük Vətən müharibəsinin nəticələri, Azərbaycanın əldə etdiyi Zəfərdən sonrakı mərhələdə həyata keçirdiyi Böyük Qayıdış prosesi də xüsusi yer aldı.
Prezidentin yanaşmasından aydın görünür ki, Azərbaycan regionda davamlı sülhün və qarşılıqlı əməkdaşlığın tərəfdarı olaraq qalır, lakin bu mövqe ölkənin keçmişini və yaşadığı faciələri unutması kimi qəbul edilmir. Qarabağ və Şərqi Zəngəzurda dağıdılmış yaşayış məntəqələrinin, dini və mədəni obyektlərin bərpası, uzun illər məcburi köçkün həyatı yaşamış insanların öz torpaqlarına dönüşünün təmin edilməsi dövlət siyasətinin əsas istiqamətləri sırasında göstərilir. Eyni zamanda türk dövlətləri ilə əlaqələrin daha da genişləndirilməsi və İslam dünyasında birlik meyllərinin gücləndirilməsi Azərbaycanın regional və beynəlxalq siyasətində mühüm xətt kimi nəzərdən keçirilir.
Dövlət başçısının çıxışında Azərbaycanın postmüharibə mərhələsində qarşısına qoyduğu hədəflər də aydın şəkildə görünür. Söhbət yalnız ərazi bütövlüyünün bərpasından sonrakı quruculuqdan deyil, həm də güclü dövlət institutlarına, milli-mədəni irsə bağlı cəmiyyətə, regional proseslərdə fəal mövqeyə və beynəlxalq müstəvidə öz maraqlarını müdafiə etmək imkanına malik ölkə modelindən gedir.
Prezidentin ortaya qoyduğu bu tezislər Cənubi Qafqazda formalaşan yeni geosiyasi şəraitə hansı təsirləri göstərə bilər?

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı Musavat.com-a dedi ki, Möhtərəm Cənab Prezident İlham Əliyevin Bakıda keçirilən beynəlxalq konfransdakı proqram xarakterli cari siyasi proseslərin mənzərəsini və Cənubi Qafqazın eyni zamanda bütövlükdə regionun yeni geosiyasi arxitekturasını dəqiq cizgilərlə ortaya qoydu: “Dövlət başçısımızın səsləndirdiyi fundamental fikirlər bir daha sübut etdi ki, Azərbaycan postmünaqişə dövründə qalib tərəf olmaqla yanaşı o cümlədən bölgədə sülhün, təhlükəsizliyin və strateji inkişafın əsas memarıdır. Ölkə başçımızın qətiyyətli bəyanatları fonunda yeni reallıqların doğuracağı nəticələr bir neçə strateji istiqamətdə özünü büruzə verir. Dövlət başçısının "Azərbaycan sülhə və regional əməkdaşlığa sadiqdir, lakin bu, tarixi yaddaşdan imtina anlamına gəlmir" mesajı rəsmi Bakının mövqeyinin real gücə və prinsipiallığa əsaslandığını göstərir. Bu o deməkdir ki, sülh prosesi birtərəfli güzəştlər üzərində deyil, beynəlxalq hüquq və ədalət çərçivəsində qurulmalıdır. İrəvan və onun havadarları anlamalıdırlar ki, Azərbaycanın sülh çağırışları qüdrətdən irəli gəlir və rəsmi Bakı milli maraqlarından heç vaxt geri çəkilməyəcək”.
Deputatın sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda erməni vandallığı tərəfindən törədilən dağıntıların unudulmaması ilə yanaşı, həmin torpaqlarda həyata keçirilən misilsizquruculuq işləri regional inkişafın əsas qüvvəsidir: “Cənab Prezidentin vurğuladığı kimi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və həmin ərazilərin yenidən dirçəldilməsi tarixi ədalətin bərpasıdır. Bu, həm də gələcək nəsillərə ötürüləcək ən böyük yaddaş, torpağa bağlılığın ən ali təzahürüdür. Azərbaycanın özünü türk dünyasının ayrılmaz hissəsi kimi təqdim etməsi və İslam həmrəyliyinə verdiyi strateji önəm ölkəmizin xarici siyasət miqyasını artırır. Türk dövlətləri ilə inteqrasiyanın dərinləşməsi Cənubi Qafqazdan başlayaraq Avrasiya məkanına qədər uzanan nəhəng coğrafiyada sabitlik zəmanətidir. İslam aləmində həmrəyliyin gücləndirilməsi Azərbaycana qarşı beynəlxalq müstəvidə sərgilənən qərəzli və ikili standartlara qarşı güclü siyasi qalxan rolunu oynayır. Dünya nizamında hökm sürən ikili standartların ifşa olunması və Azərbaycanın öz milli maraqlarını hər şeydən üstün tutması Qərbin və digər beynəlxalq güclərin birtərəfli təzyiqlərini heçə endirir. Dövlət başçımız Cənab İlham Əliyevin sərgilədiyi müstəqil xətt göstərir ki, Bakı heç bir kənar diktəni qəbul etmir və yalnız öz xalqının iradəsinə əsaslanır. Azərbaycan güclü dövlət, tarixi yaddaşına sahib çıxan xalq, regional əməkdaşlığın öncül qüvvəsi və milli maraqlarını hər platformada qətiyyətlə qoruyan müzəffər aktordur. Bu reallıqla hesablaşmamaq yalnız səhvə yol vermək istəyənlərin özlərinə baha başa gələ bilər. Regionun gələcəyini məhz Azərbaycanın müəyyənləşdirdiyi möhkəm təməllər və strateji hədəflər formalaşdıracaq”.