Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpa olunması ilə Qarabağ və Şərqi Zəngəzurda yeni mərhələ başlanıb. 2020-ci ildə əldə edilən tarixi Zəfər yalnız torpaqlarımızın işğaldan azad edilməsi ilə yekunlaşmayıb, qarşıda duran böyük bərpa və quruculuq prosesinin də əsasını qoyub. Cəbrayıl rayonu da bu prosesin ən sürətlə inkişaf etdiyi ərazilərdən biridir. 4 oktyabr 2020-ci ildə Cəbrayıl şəhərinin azad edilməsi ilə başlayan yeni tarix bu gün burada müasir şəhərin, kəndlərin, yolların, sosial obyektlərin və iqtisadi infrastrukturun qurulması ilə davam edir. Cəbrayılın timsalında dağıdılmış yurdların yenidən həyata qaytarılması prosesinin real nəticələri artıq aydın görünür.
Azadlıqdan dərhal sonra Cəbrayılın gələcək inkişafı ilə bağlı mühüm layihələrin icrasına başlanılıb. Prezident İlham Əliyevin 2021-ci il 4 oktyabr tarixində Cəbrayıl rayonuna səfəri zamanı bir sıra mühüm layihələrin təməli qoyulub, “Cəbrayıl” yarımstansiyası istifadəyə verilib, şəhərin bərpasının və Memorial Kompleksin təməli qoyulub. Həmin səfərdən sonra rayonun sosial-iqtisadi inkişafını təmin edən layihələrin sayı və miqyası daha da genişlənib. Bu gün Cəbrayılda həyata keçirilən işlər təkcə şəhər və kəndlərin yenidən salınmasını deyil, həm də rayonun gələcək iqtisadi potensialının formalaşdırılmasını əhatə edir.
Cəbrayılın inkişafında mühüm istiqamətlərdən biri iqtisadi və enerji infrastrukturunun yaradılmasıdır. Rayon ərazisində yaradılan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı regionun iqtisadi fəallığının artırılması, sahibkarlığın inkişafı və yeni iş yerlərinin yaradılması baxımından əhəmiyyətli layihələrdəndir. Ərazisi 200 hektar olan sənaye parkında hazırda 20 sahibkarlıq subyektinə rezident, 3 sahibkara isə qeyri-rezident statusu verilib, layihələr üzrə 130-dan artıq iş yeri yaradılıb. Sənaye parkının yeni magistral avtomobil və dəmir yolları üzərində yerləşməsi onun gələcəkdə Cəbrayılın mühüm iqtisadi və logistika mərkəzlərindən birinə çevrilməsi üçün imkan yaradır.
Rayonda enerji infrastrukturunun yaradılması da ardıcıl şəkildə həyata keçirilir. 2021-ci ildə “Cəbrayıl” yarımstansiyasının istifadəyə verilməsi ilə rayonun enerji təminatının əsasları formalaşdırılıb. 2026-cı il mayın 9-da isə Soltanlı kəndində 330 kV-luq “Şəfəq” yarımstansiyası istifadəyə verilib. Yarımstansiyanın yaradılması Cəbrayılda həyata keçirilən iri enerji layihələrinin enerji sisteminə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, BP tərəfindən rayonda 240 meqavatlıq “Şəfəq” Günəş Elektrik Stansiyasının inşası davam etdirilir.
Cəbrayılın yeni inkişaf mərhələsində yol infrastrukturu da xüsusi yer tutur. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu rayonun nəqliyyat əlaqələrinin genişləndirilməsi ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun digər əraziləri ilə bağlantının gücləndirilməsinə xidmət edir. Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu da Cəbrayılın həm rayon daxilində, həm də qonşu ərazilərlə nəqliyyat əlaqələrinin inkişafına mühüm töhfə verəcək. Beləliklə, Cəbrayılın bərpası yalnız yaşayış məntəqələrinin salınması ilə məhdudlaşmır, rayonun gələcək iqtisadi həyatını təmin edəcək geniş nəqliyyat və kommunikasiya şəbəkəsi də yaradılır.
Şəhərin gələcək inkişafı isə təsdiq edilmiş Baş plan əsasında həyata keçirilir. Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planda yaşayış məhəllələrinin, sosial obyektlərin və ictimai məkanların müasir şəhərsalma prinsipləri əsasında yaradılması nəzərdə tutulur. Şəhərin mərhələli şəkildə qurulması ilə burada əhalinin məskunlaşması genişlənəcək, Cəbrayıl yenidən rayonun inzibati, sosial və iqtisadi mərkəzinə çevriləcək. Bərpa-quruculuq işlərinin mühüm hissəsini kəndlərin yenidən salınması təşkil edir. Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərində geniş yaşayış məhəllələrinin yaradılması, məktəb və uşaq bağçalarının, inzibati və sosial obyektlərin tikintisi nəzərdə tutulub. Horovlu kəndində birinci mərhələ artıq başa çatdırılıb, yaşayış evləri və sosial infrastruktur yaradılıb. 2026-cı il mayın 9-da isə Şükürbəyli kəndinin açılışı keçirilib. Kənddə məktəb, musiqi məktəbi, iki uşaq bağçası, tibb məntəqəsi və digər zəruri obyektlər yaradılıb.
Cəbrayılın bərpasının ən mühüm göstəricisi isə insanların öz doğma torpaqlarına qayıdışıdır. 2024-cü il sentyabrın 26-da Cəbrayıl şəhərinə ilk köç karvanının yola salınması ilə rayon sakinlərinin uzun illərdən sonra doğma yurda qayıdışı yeni mərhələyə qədəm qoyub. Bu proses sonrakı dövrdə də davam etdirilib və şəhərlə yanaşı, Horovlu və Şükürbəyli kəndlərinə də ailələrin köçü təmin olunub. 2026-cı il mayın 9-da Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdə Prezident İlham Əliyev burada yaradılan şəraitin müasir məktəb, uşaq bağçası, tibb məntəqəsi və yaşayış evləri ilə tamamlandığını qeyd edib.
Cəbrayıl yaşayış kompleksinin istifadəyə verilməsi də şəhərdə yeni yaşayış mühitinin formalaşdırılmasının mühüm addımlarındandır. Burada çoxmənzilli binalarla yanaşı, sosial-məişət obyektləri, istirahət və idman meydançaları yaradılıb. Sonrakı mərhələlərdə ikinci və üçüncü yaşayış komplekslərinin də təməlinin qoyulması şəhərdə məskunlaşmanın genişləndirilməsi istiqamətində işlərin davam etdiyini göstərir.
Cəbrayılın bugünkü siması Prezident İlham Əliyevin rayonun bərpası prosesinə davamlı diqqətinin nəticəsində formalaşır. 2020-ci ildən sonra dövlət başçısının rayona çoxsaylı səfərləri zamanı müxtəlif layihələrin təməli qoyulub, açılışlar keçirilib, yeni yaşayış məhəllələri və kəndlərdə görülən işlərlə tanışlıq olub. Bu səfərlər bərpa prosesinin ayrı-ayrı mərhələlərinin ardıcıl şəkildə həyata keçirildiyini göstərir. 2021-ci ildə şəhərin bərpasının təməlinin qoyulmasından 2026-cı ildə Şükürbəyli kəndinin açılışına və “Şəfəq” yarımstansiyasının istifadəyə verilməsinə qədər keçilən yol Cəbrayılın qısa müddətdə necə dəyişdiyini nümayiş etdirir.
Bu gün Cəbrayıl artıq yalnız azad edilmiş şəhər və rayon kimi deyil, yeni həyatın qurulduğu, insanların doğma torpaqlarına qayıtdığı, iqtisadi və sosial imkanların genişləndirildiyi bir məkan kimi inkişaf edir. Burada salınan yeni şəhər və kəndlər, yaradılan yollar, enerji və istehsal infrastrukturu, istifadəyə verilən sosial obyektlər Böyük Qayıdışın real mənzərəsini formalaşdırır. Cəbrayılın keçmişdən gələn tarixi ilə müasir inkişafın vəhdəti isə rayonun gələcəkdə Qarabağ və Şərqi Zəngəzurun mühüm yaşayış və iqtisadi mərkəzlərindən birinə çevrilməsi üçün yeni imkanlar yaradır.
Günay Xankişiyeva,
YAP Salyan rayon təşkilatının fəalı