Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
Azərbaycan xalqının müasir tarixində 27 Sentyabr – Anım Günü xüsusi yer tutur. Bu tarix yalnız Vətən müharibəsinin başlanmasını deyil, həm də onilliklər ərzində davam edən işğala, torpaqlarımızın mənimsənilməsinə və xalqımızın hüquqlarının pozulmasına qarşı Azərbaycanın qətiyyətli mübarizəsini ifadə edir. Anım Günü Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın ifadəsi olmaqla yanaşı, xalqımızın hansı tarixi sınaqlardan keçərək bugünkü Qalib Azərbaycan reallığına çatdığını xatırladan mühüm gündür.
27 Sentyabrın tarixi mahiyyətini anlamaq üçün ilk növbədə Azərbaycan xalqının uzun illər ərzində üzləşdiyi işğal siyasətinə nəzər salmaq lazımdır. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü ötən əsrin sonlarından başlayaraq regionda uzunmüddətli münaqişəyə səbəb oldu. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı, yüz minlərlə soydaşımızın doğma yurdlarından didərgin salınması, yaşayış məntəqələrinin dağıdılması və tarixi-mədəni irsimizə vurulan zərər xalqımızın üzləşdiyi ağır faciələr idi.
Beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinə baxmayaraq, işğal faktı uzun müddət aradan qaldırılmadı. Həmin sənədlərdə Azərbaycanın ərazi bütövlüyü və işğal edilmiş ərazilərdən qüvvələrin çıxarılması ilə bağlı tələblər əksini tapmışdı. Lakin illərlə davam edən danışıqlar prosesi nəticəsiz qaldı, işğalın nəticələrinin möhkəmləndirilməsinə yönəlmiş addımlar isə vəziyyəti daha da mürəkkəbləşdirdi. Belə bir şəraitdə Azərbaycan dövləti beynəlxalq hüquqa əsaslanan mövqeyini ardıcıl şəkildə müdafiə edir, münaqişənin sülh yolu ilə həlli üçün diplomatik səylər göstərirdi. Lakin Ermənistanın danışıqlar prosesində nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe, işğalın nəticələrini möhkəmləndirməyə yönəlmiş addımları və ərazi iddialarını davam etdirməsi sülh prosesinə ciddi maneələr yaradırdı. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı ilə bağlı qəbul edilmiş sənədlərin icrasının uzun müddət təmin edilməməsi isə beynəlxalq münasibətlərdə ikili standartlarla bağlı narahatlığı artırırdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev beynəlxalq tribunalardan etdiyi çıxışlarda ölkəmizin ərazi bütövlüyünün təmin olunmasının vacibliyini dəfələrlə vurğulayır, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını tələb edirdi. Azərbaycanın məqsədi yeni ərazilər əldə etmək deyil, beynəlxalq səviyyədə tanınmış torpaqlarını işğaldan azad etmək və suveren hüquqlarını bərpa etmək idi. Bu mövqe dövlətimizin diplomatik fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edirdi. Uzun illər nümayiş etdirilən sülhə bağlılığa baxmayaraq, Ermənistanın hərbi təxribatları gərginliyin artmasına səbəb olurdu. 2016-cı ilin Aprel döyüşləri, 2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən hərbi toqquşmalar və həmin ilin avqustunda Goranboy istiqamətində təxribat-diversiya qrupunun zərərsizləşdirilməsi regiondakı vəziyyətin nə qədər gərgin olduğunu göstərirdi. Xüsusilə Tovuz döyüşləri zamanı hərbi qulluqçularımız və bir mülki şəxs həlak oldu, Azərbaycanın təhlükəsizliyinə və strateji infrastrukturuna qarşı yaranan təhdidlərin ciddiliyi bir daha üzə çıxdı.
Münaqişənin dərinləşməsinə təsir göstərən amillərdən biri də Ermənistanın millətçi dairələrində təbliğ olunan geniş ərazi iddiaları idi. Müxtəlif dövrlərdə irəli sürülən “dənizdən dənizə Ermənistan” ideyası qonşu xalqların torpaqlarına iddiaları ehtiva edən millətçi təsəvvürlərin ifadəsi kimi çıxış edirdi. Belə yanaşmalar Ermənistan-Azərbaycan münasibətlərində düşmənçilik mühitini gücləndirir, regionda etimadın formalaşmasına mane olurdu. Azərbaycan xalqı isə hər zaman sülhə, sabitliyə və dinc yanaşı yaşamağa üstünlük verib. Ölkəmizin mövqeyi dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına əsaslanırdı. Lakin öz torpaqlarının işğalına və davamlı hərbi təxribatlara sonsuzadək səbir göstərmək mümkün deyildi. 2020-ci ilin sentyabrına doğru cəbhə xəttində gərginliyin artması, hərbi qüvvələrin cəmləşdirilməsi və atəşkəs rejiminin pozulması genişmiqyaslı qarşıdurma riskini daha da artırdı.
Nəhayət, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini və cəbhəboyu yaşayış məntəqələrini intensiv atəşə tutması nəticəsində hərbi qulluqçularımız və mülki şəxslər arasında itkilər baş verdi, yaşayış evlərinə və infrastruktura ciddi ziyan dəydi. Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü və əhalinin təhlükəsizliyini qorumaq məqsədilə əks-hücum əməliyyatlarına başladı. Bununla da 44 gün davam edən Vətən müharibəsi başlandı və xalqımızın uzun illər ərzində davam edən mübarizəsində həlledici mərhələ başladı.
Vətən müharibəsi Azərbaycan dövlətinin siyasi iradəsinin, xalqımızın milli birliyinin və Ordumuzun döyüş qabiliyyətinin böyük sınağına çevrildi. Bu tarixi mübarizədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və rəhbərliyi xüsusi əhəmiyyət daşıdı. Dövlət başçısının müharibə günlərində nümayiş etdirdiyi prinsipiallıq, Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması və hərbi-siyasi proseslərə rəhbərliyi Qələbənin əldə olunmasında mühüm rol oynadı.
Müharibənin gedişində Azərbaycan Ordusu böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirərək işğal altında olan torpaqlarımızı azad etdi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının, Şuşa şəhərinin və çoxsaylı yaşayış məntəqələrinin azad edilməsi tarixi ədalətin bərpasına doğru mühüm addımlar oldu. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi Azərbaycanın hərbi və mənəvi Qələbəsinin rəmzinə çevrildi. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Bu tarixi Qələbə böyük itkilər və ağır fədakarlıqlar hesabına əldə edildi. Vətənimizin ərazi bütövlüyü uğrunda minlərlə qəhrəmanımız şəhidlik zirvəsinə ucaldı, hərbçilərimiz yaralanaraq sağlamlıqlarını itirdilər. Onların hər biri Azərbaycanın azadlığı və gələcəyi naminə misilsiz qəhrəmanlıq göstərdi. Anım Günündə həmin qəhrəmanlarımızın xatirəsini yad edərkən onların fədakarlığının tarixi nəticələrini bir daha dərk edirik.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Anım Günü ilə bağlı müraciətində şəhidlərimizin xatirəsinə ehtiramını ifadə edərək demişdir: “Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.”
Bu fikirlər Anım Gününün mahiyyətini və şəhidlərimizin fədakarlığına verilən yüksək qiyməti ifadə edir. Şəhidlərimizin uğrunda canlarından keçdikləri torpaqların azad edilməsi xalqımızın yaddaşında əbədi yaşayacaq tarixi həqiqətdir. Bu gün şəhidlərin xatirəsini yaşatmaq, onların ailələrinə diqqət və qayğı göstərmək, qazilərimizin fədakarlığını yüksək qiymətləndirmək hər birimizin mənəvi borcudur.
27 Sentyabr – Anım Günü Azərbaycan xalqının keçdiyi mürəkkəb və şərəfli tarixi yolun mühüm səhifələrindən biridir. Bu tarix bir daha göstərir ki, milli iradə, dövlətçilik əzmi və güclü ordu qarşıya qoyulan tarixi məqsədlərin reallaşdırılmasında həlledici amillərdir. 2020-ci ildə əldə olunan Zəfər və 2023-cü ildə dövlət suverenliyinin tam bərpası Azərbaycanın öz ərazi bütövlüyünü və milli maraqlarını təmin etmək əzmini ortaya qoydu.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, insanların doğma yurdlarına qayıdışı və həmin ərazilərdə yeni həyatın qurulması Azərbaycanın keçdiyi tarixi yolun məntiqi davamıdır. Şəhidlərimizin fədakarlığı ilə qazanılan bu reallıq Azərbaycan dövlətinin qarşısında yeni hədəflər və imkanlar açır. Anım Günü isə həmin tarixi yolun başlanğıcında dayanan qəhrəmanlığı unutmadan gələcəyə daha böyük məsuliyyətlə addımlamağın mənəvi ifadəsidir.
Heydər Quliyev,
Salyan Rayon İcra Hakimiyyətinin müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun böyük məsləhətçisi,YAP fəalı