Anım Günü dərin ehtiramın ifadəsidir
Azərbaycan xalqının tarixində elə günlər var ki, onların mənəvi və tarixi əhəmiyyəti zaman keçdikcə daha aydın görünür. 27 Sentyabr – Anım Günü də xalqımızın yaddaşında xüsusi yeri olan belə tarixlərdəndir. Bu gün Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın ifadəsidir. Hər il 27 Sentyabrda xalqımız Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və dövlətçilik ideallarının müdafiəsi yolunda həyatını fəda edən qəhrəman övladlarını minnətdarlıq və sonsuz ehtiram hissi ilə yad edir.
27 Sentyabrın Anım Günü kimi qeyd olunması Azərbaycan xalqının şəhidlərimizin qarşısında daşıdığı mənəvi borcun dövlət səviyyəsində ifadəsidir. Bu tarix yalnız kədər və hüzn günü deyil, həm də qəhrəmanlıq salnaməmizə nəzər salmaq, Vətən uğrunda göstərilən fədakarlığın mahiyyətini dərk etmək və tarixi yaddaşı gələcək nəsillərə ötürmək baxımından mühüm əhəmiyyət daşıyır. Şəhidlərimizin keçdiyi döyüş yolu, göstərdikləri misilsiz şücaət və Vətənə sədaqətləri Azərbaycan tarixinin ən şərəfli səhifələrindəndir.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Həmin gün Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları xalqımızın uzun illər ərzində gözlədiyi tarixi Qələbəyə aparan yolun başlanğıcını qoydu. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirərək işğal altında olan ərazilərimizin azad edilməsinə nail oldu.
Bu tarixi Qələbənin əldə olunmasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi, siyasi iradəsi və uzaqgörən rəhbərliyi həlledici əhəmiyyət daşıdı. Dövlət başçısının müharibə günlərində nümayiş etdirdiyi prinsipial mövqe, xalqımıza ünvanlanan müraciətləri, beynəlxalq ictimaiyyətə çatdırdığı Azərbaycanın haqlı mövqeyi və hərbi-siyasi proseslərə rəhbərliyi Zəfərin əsas amillərindən biri kimi tarixə düşdü. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bütün imkanlarını səfərbər edərək qarşıya qoyulan tarixi məqsədə nail oldu.
Müharibə günlərində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət Azərbaycan Ordusunun döyüş meydanındakı uğurlarını siyasi müstəvidə də möhkəmləndirdi. Dövlət başçısının qətiyyətli mövqeyi xalqımızda Qələbəyə inamı daha da gücləndirdi. Azərbaycan cəmiyyəti həmin günlərdə dövlət rəhbərinin ətrafında sıx birləşərək milli həmrəyliyin və xalq–ordu birliyinin ən parlaq nümunəsini ortaya qoydu. Bu birlik Vətən müharibəsinin gedişində Azərbaycanın gücünü artıran mühüm amillərdən biri oldu.
Vətən müharibəsinin hər günü qəhrəmanlıq nümunələri ilə yadda qaldı. Azərbaycan əsgər və zabitləri döyüş meydanında misilsiz şücaət göstərərək qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirdilər. Onların arasında müxtəlif bölgələrdən, müxtəlif sosial təbəqələrdən olan Vətən oğulları var idi. Lakin onları birləşdirən ən böyük amal Azərbaycanın ərazi bütövlüyünün bərpası və doğma torpaqların işğaldan azad edilməsi idi.
Bu Qələbə böyük fədakarlıq bahasına əldə edildi. Minlərlə hərbçimiz Vətən uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. Onların hər biri öz ömrünü Azərbaycanın gələcəyinə həsr etdi. Şəhidlərimizin qəhrəmanlığı yalnız döyüş meydanında göstərdikləri igidliklə deyil, Vətən qarşısında müqəddəs borclarını sonadək yerinə yetirmələri ilə ölçülür. Onlar Azərbaycanın tarixində əbədi yaşayacaq qəhrəmanlıq nümunəsi yaratdılar.
Şəhidlərimizin xatirəsinə ehtiram xalqımızın milli-mənəvi dəyərlərinin ayrılmaz hissəsidir. Onların adlarının əbədiləşdirilməsi, xatirələrinin yaşadılması, ailələrinə göstərilən dövlət qayğısı və övladlarının daim diqqətdə saxlanılması şəhidlərimizə olan ehtiramın davamlı ifadəsidir. Şəhid ailələrinin hər bir üzvünə göstərilən diqqət cəmiyyətimizin Vətən uğrunda canından keçən insanlara münasibətinin mühüm göstəricisidir.
27 Sentyabrın mənəvi yükünü daha dərindən anlamaq üçün şəhidlik anlayışının mahiyyətinə nəzər salmaq lazımdır. Şəhidlər öz həyatlarını yalnız bir dövr üçün deyil, Azərbaycanın gələcək nəsillərinin azad və təhlükəsiz yaşaması naminə fəda etdilər. Bu baxımdan onların xatirəsini yaşatmaq təkcə müəyyən günlərdə məzarlarını ziyarət etmək və adlarını yad etməkdən ibarət deyil. Şəhidlərin bizə qoyduğu ən böyük əmanət müstəqil, suveren və bütöv Azərbaycanı qorumaq, dövlətçiliyimizi daha da möhkəmləndirmək və ölkəmizin inkişafına öz töhfəmizi verməkdir.
Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın qarşısında yeni imkanlar açdı. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı, doğma torpaqlarından uzun illər ayrı düşmüş insanların öz yurdlarına qayıdışı təmin edilməyə başladı. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri şəhidlərimizin uğrunda mübarizə apardıqları Azərbaycanın yeni reallıqlarını nümayiş etdirir. Dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, yeni infrastrukturun yaradılması və həyatın bərpa olunması tarixi Qələbənin nəticələrinin davamlı xarakter daşıdığını göstərir.
2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazilərində dövlət suverenliyinin təmin olunması isə Zəfər yolunun mühüm nəticələrindən biri oldu. Beləliklə, xalqımızın uzun illər ərzində arzuladığı ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası təmin edildi. Bu tarixi reallıq şəhidlərimizin fədakarlığının nə qədər böyük və əvəzsiz olduğunu bir daha göstərir.
Anım Günü həm də gələcək nəsillərə ünvanlanan mənəvi mesajdır. Gənclərimiz şəhidlərimizin həyat yolunu və Vətən uğrunda göstərdikləri qəhrəmanlığı öyrənməklə yanaşı, onların müqəddəs amalının davamçıları olduqlarını dərk etməlidirlər. Vətənə sevgi, dövlətə sədaqət, milli dəyərlərə bağlılıq və Azərbaycan dövlətinin inkişafına xidmət etmək şəhidlərimizin xatirəsinə göstərilə biləcək ən böyük ehtiram formalarındandır.
27 Sentyabr – Anım Günü xalqımızın qəlbində həm hüzn, həm də qürur hisslərini bir araya gətirir. Bu gün biz şəhidlərimizin qarşısında baş əyir, onların müqəddəs xatirəsini dərin ehtiramla yad edirik. Onların canı və qanı bahasına əldə edilmiş tarixi Qələbə Azərbaycanın dövlətçilik tarixində əbədi yaşayacaq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi ilə qazanılan bu Zəfər gələcək nəsillər üçün də böyük iftixar mənbəyi olacaqdır.
Şəhidlərimizin əziz xatirəsi daim yaşayacaq, onların qəhrəmanlığı Azərbaycanın milli yaddaşında əbədi qalacaqdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Yalçın Abdullazadə,
YAP Salyan rayon təşkilatının məsləhətçisi,
“Vətən Müharibəsi” iştirakçısı