Azərbaycan Sənayesində Yeni Mərhələ
Qeyri-neft sektorunun inkişafı dövlətimizin həyata keçirdiyi iqtisadi siyasətin əsas tərkib hissəsidir. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsində əsas amillərdən biridir.22 sentyabr 2026-cı il tarixində Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə çıxışı ölkənin qeyri-neft sektorunun şaxələndirilməsi, təbii sərvətlərdən səmərəli istifadə və regionların iqtisadi potensialının artırılması baxımından mühüm istiqamətləri müəyyənləşdirir.
Müşavirə də Prezident İlham Əliyev qarşıdakı dövr üçün icrası nəzərdə tutulan “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”nın Azərbaycana vəd edəcəyi nailiyyətlərdən də geniş bəhs etdi. Dövlət Proqramının əsas mahiyyəti yalnız filiz yataqlarının istismarından ibarət deyil. Burada hasilatdan emala, zənginləşdirmədən son məhsula qədər tam istehsal zəncirinin formalaşdırılması nəzərdə tutulur. Bu yanaşma ölkədə yeni və müasir sənaye istiqamətinin yaradılmasına imkan verəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bununla yanaşı, yeni müəssisələrin fəaliyyəti vergi daxilolmalarının artmasına, ixrac imkanlarının genişlənməsinə və qeyri-neft sektorunun iqtisadi çəkisinin yüksəlməsinə şərait yaradacaqdır.
Dövlət Proqramının mühüm cəhətlərindən biri təbii ehtiyatların yalnız xammal kimi deyil, yüksək əlavə dəyər yaradan istehsal prosesinin tərkib hissəsi kimi qiymətləndirilməsidir. Filiz hasilatı ilə kifayətlənməyərək zənginləşdirmə, pelet və briketlənmiş dəmir istehsalı müəssisələrinin yaradılması istehsal zəncirinin daha geniş qurulmasına imkan verəcək. Bu baxımdan Qərb Sənaye Parkının yaradılması xüsusi əhəmiyyət daşıyır. Parkın əsas istiqamətlərindən biri “Daşkəsən” filiz yatağının istismarı və ətraf ərazilərdə həyata keçiriləcək layihələrin sənaye infrastrukturu ilə təmin edilməsidir. Beləliklə, regionda hasilatla yanaşı emal müəssisələrinin fəaliyyət göstərməsi yeni iqtisadi imkanlar yaradacaq, yerli resursların ölkə daxilində daha yüksək əlavə dəyərə çevrilməsinə şərait formalaşdıracaqdır.
Azərbaycanın son illərdə sənaye parkları və aqroparklar vasitəsilə formalaşdırdığı iqtisadi model bu baxımdan mühüm baza yaradır. Müxtəlif bölgələrdə yaradılan sənaye infrastrukturu istehsalın ərazi üzrə genişlənməsinə, yeni müəssisələrin fəaliyyətə başlamasına və ixrac potensialının artmasına imkan verib. Dağ-mədən və metallurgiya sənayesinin inkişafı da həmin regional iqtisadi siyasətin yeni istiqamətlərindən biri kimi çıxış edir.
Dövlət Proqramının 2027–2030-cu illərdə icrası regionların sosial-iqtisadi inkişafı baxımından da əhəmiyyətlidir. Sənaye layihələrinin genişləndirilməsi məşğulluq imkanlarının artmasına, xidmət sahələrinin canlanmasına və yeni infrastrukturun formalaşmasına təkan verə bilər. Bu proses işğaldan azad edilmiş ərazilərin iqtisadi reinteqrasiyası baxımından da xüsusi əhəmiyyət daşıyır. Dağ-mədən və metallurgiya sənayesinin inkişafı Qarabağ və Şərqi Zəngəzurda məşğulluğun artırılmasına, iqtisadi fəallığın genişlənməsinə əlavə imkanlar yaradacaq. Beləliklə, sənaye layihələri yalnız konkret müəssisələrin fəaliyyətini deyil, daha geniş regional iqtisadi ekosistemin formalaşmasını şərtləndirə bilər.
Sahənin maliyyə tutumlu olması böyük həcmli investisiyaları zəruri edir. Dövlət Proqramının maliyyə təminatının müəyyənləşdirilməsi dövlətin bu istiqamətdə əsas investisiya yükünü üzərinə götürdüyünün göstəricisidir. Eyni zamanda, yerli və xarici investorların prosesə qoşulması üçün imkanların açıq saxlanılması əlavə maliyyə və texnoloji imkanların cəlb edilməsinə şərait yarada bilər. Lakin dağ-mədən sənayesinin inkişafında iqtisadi səmərəliliklə ekoloji təhlükəsizliyin paralel təmin olunması əsas şərtlərdən biridir. Prezident İlham Əliyevin çıxışında təbiətin qorunmasına xüsusi diqqət yetirməsi də məhz bu yanaşmanı ifadə edir. Filiz yataqlarının istismarı, daşınması və emalı zamanı ekoloji standartların yüksək səviyyədə qorunması sənayeləşmə prosesinin ayrılmaz hissəsi olmalıdır. Bu baxımdan dövlət şirkəti “AzerGold”un fəaliyyəti ilə yanaşı, prosesə cəlb olunacaq bütün yerli və xarici tərəfdaşların da müəyyən edilmiş ekoloji tələblərə ciddi əməl etməsi vacibdir. Sənaye istehsalının genişləndirilməsi təbii ehtiyatlardan istifadənin artması ilə yanaşı, təbiətin mühafizəsinə dair məsuliyyətin də yüksəlməsini tələb edir.
2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı Azərbaycanın sənaye siyasətində yeni mərhələnin formalaşmasına xidmət edə bilər. Filiz yataqlarının istismarından başlayaraq son məhsula qədər uzanan istehsal zəncirinin qurulması, Qərb Sənaye Parkının imkanlarının genişləndirilməsi, regionlarda məşğulluğun artırılması, ixracın şaxələndirilməsi və ekoloji standartların qorunması bu siyasətin əsas istiqamətlərini təşkil edir. Qarşıdakı dörd il ərzində proqramın ardıcıl icrası dağ-mədən sənayesi də ölkə iqtisadiyyatının inkişafında öz sözünü deyəcək və qeyri-neft sektorunun yeni artım mənbələrindən birinə çevriləcək.
Asif Əliyev
"Salyan Aqroparkı"nın təsərrüfat rəhbəri