Yeni layihələr yeni imkanlar yaradır
İqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı yalnız dövlətin həyata keçirdiyi tədbirlərlə deyil, müxtəlif iqtisadi subyektlərin prosesdə fəal iştirakı ilə daha geniş imkanlar qazanır. Xüsusilə böyük investisiya, müasir texnologiya və peşəkar idarəetmə tələb edən sahələrdə dövlətin yaratdığı şəraitlə özəl sektorun təşəbbüslərinin uzlaşdırılması mühüm nəticələr verir. Bu baxımdan Azərbaycanın iqtisadi inkişaf modelində dövlət və sahibkarlıq subyektləri arasında əməkdaşlığın genişləndirilməsi diqqət çəkən istiqamətlərdən biridir.
Sentyabrın 22-də Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədəki çıxışı da bu məsələnin əhəmiyyətini bir daha ortaya qoydu. Müşavirədə dağ-mədən və metallurgiya sənayesinin qarşıdakı dövrdə inkişaf perspektivləri, mövcud imkanlardan daha səmərəli istifadə olunması, yeni layihələrin həyata keçirilməsi və sahəyə investisiyaların cəlb edilməsi ilə bağlı mühüm məsələlər müzakirə edildi. Səsləndirilən fikirlər göstərdi ki, bu istiqamətdə qarşıya qoyulan məqsədlərin reallaşdırılmasında dövlətlə yanaşı, özəl sektorun imkanlarından da geniş istifadə olunması nəzərdə tutulur.
Prezident İlham Əliyevin “Biz işimizi həm dövlət xətti ilə, həm də özəl sektorun iştirakı ilə qururuq” fikri bu yanaşmanın əsas mahiyyətini ifadə edir. Burada söhbət yalnız dövlət və özəl müəssisələrin ayrı-ayrılıqda fəaliyyət göstərməsindən getmir. Əsas məsələ onların imkanlarının vahid inkişaf məqsədləri ətrafında birləşdirilməsi, dövlətin yaratdığı əlverişli investisiya mühitindən sahibkarlığın daha fəal şəkildə yararlanması və özəl təşəbbüslərin iqtisadi proseslərə əlavə dinamizm gətirməsidir.
Dağ-mədən sənayesi kimi böyük maliyyə və texnoloji imkanlar tələb edən sahələrdə bu əməkdaşlığın xüsusi əhəmiyyəti var. Dövlət tərəfindən infrastrukturun yaradılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və strateji istiqamətlərin müəyyənləşdirilməsi özəl sektor üçün yeni imkanlar açır. Sahibkarlıq subyektlərinin isə maliyyə resursları, çevik idarəetmə imkanları, müasir texnologiyaları tətbiq etmək bacarığı və yeni biznes təşəbbüsləri bu sahənin inkişafına əlavə töhfə verə bilər.
Azərbaycanın son illərdə iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirməsi də belə əməkdaşlığın əhəmiyyətini artırır. Sənayenin müxtəlif istiqamətlərində yeni müəssisələrin yaradılması, istehsal imkanlarının genişləndirilməsi və yerli resursların daha yüksək əlavə dəyər yaradan məhsullara çevrilməsi iqtisadiyyatın şaxələndirilməsinə xidmət edir. Dağ-mədən və metallurgiya sənayesi də bu baxımdan mühüm potensiala malik sahələrdən biridir. Ölkənin malik olduğu metal filizi ehtiyatlarının yalnız xammal kimi deyil, emal və istehsal zəncirinin daha yuxarı mərhələlərində iqtisadi dəyərə çevrilməsi yeni imkanlar yarada bilər.
Müşavirədə səslənən fikirlərdən aydın görünür ki, Dövlət Proqramının qarşıdakı dövr üçün müəyyən etdiyi əsas məqsədlərdən biri də məhz bu potensialdan daha səmərəli istifadə etməkdir. Bunun üçün dövlətin müəyyən etdiyi strateji istiqamətlər özəl sektorun təşəbbüsləri ilə tamamlanmalıdır. Belə yanaşma həm yeni investisiya layihələrinin meydana çıxmasına, həm istehsal güclərinin artırılmasına, həm də sahədə rəqabət və innovasiya imkanlarının genişlənməsinə şərait yarada bilər.
Özəl sektorun prosesə cəlb olunması eyni zamanda sahibkarlar üçün yeni fəaliyyət istiqamətlərinin formalaşması deməkdir. Dağ-mədən və metallurgiya sənayesinin inkişafı yalnız mədənlərin istismarı ilə məhdudlaşmır. Burada geoloji araşdırmalar, hasilat, emal, logistika, avadanlıq və texnologiya təminatı, xidmət sahələri, son məhsul istehsalı kimi bir-biri ilə bağlı çoxsaylı istiqamətlər mövcuddur. Bu zəncirin hər bir mərhələsində özəl təşəbbüslərin genişlənməsi iqtisadi fəallığın artmasına və yeni biznes imkanlarının yaranmasına səbəb ola bilər.
Digər mühüm məqam isə dövlət və özəl sektor arasında münasibətlərin uzunmüddətli məqsədlər üzərində qurulmasıdır. Böyük sənaye layihələri qısa müddətdə nəticə verən təşəbbüslər deyil. Onların reallaşdırılması üçün investisiya, texnologiya, kadr potensialı və düzgün idarəetmə tələb olunur. Dövlətin strateji yanaşması ilə özəl sektorun çevik və təşəbbüskar fəaliyyəti bir-birini tamamladıqda daha dayanıqlı istehsal sistemi formalaşdırmaq mümkündür.
Bu baxımdan, Dövlət Proqramının qəbul edilməsi təkcə konkret sənaye sahəsinin inkişaf planı kimi deyil, həm də dövlət-özəl tərəfdaşlığının yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Qarşıdakı illərdə həyata keçiriləcək layihələrdə yerli sahibkarların, investorların və müasir texnologiyalara malik şirkətlərin iştirakının genişlənməsi sahənin inkişaf tempinə müsbət təsir göstərə bilər.
Nəticədə dövlətin strateji baxışı ilə özəl sektorun təşəbbüskarlığı arasında yaranan əməkdaşlıq iqtisadi imkanların daha geniş miqyasda reallaşdırılmasına xidmət edir. Dövlətin yaratdığı şərait, sahibkarın investisiyası, müasir texnologiya və peşəkar idarəetmə bir araya gəldikdə dağ-mədən və metallurgiya sənayesində yeni istehsal imkanlarının formalaşması üçün möhkəm zəmin yaranır. Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikir də məhz bu yanaşmanı ifadə edir: qarşıya qoyulan məqsədlərə çatmaq üçün dövlətin imkanları ilə özəl sektorun potensialı bir-birini tamamlamalı və vahid inkişaf strategiyasının tərkib hissəsinə çevrilməlidir.
Gülər Quliyeva,
Salyan şəhər 4 saylı tam orta ümumtəhsil məktəbin direktoru, YAP fəalı