Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
21.09.2026-cı il tarixində Salyan rayon İcra Hakimiyyəti və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.11-ci bəndinin icrası istiqamətində narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı kompleks tədbirlərin həyata keçirilməsi məqsədilə maarifləndirici tədbir keçirilib.
Tədbirdə Salyan rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun nümayəndəsi Şahin İsmayılov və digər çıxış edənlər narkomaniyanın cəmiyyətə vurduğu zərərlərdən, dövlətin bu sahədə apardığı qətiyyətli mübarizədən və gənclərin asudə vaxtının səmərəli təşkilinin vacibliyindən danışıblar. Qeyd olunub ki, narkomaniya ilə mübarizədə vətəndaşlar da əllərindən gələni əsirgəməməli, xüsusən də ictimai qınaq mexanizminin daim işlək vəziyyətdə olması üçün ciddi səy göstərməlidir. Odur ki, insanların sağlamlığını və həyatını ciddi təhlükə altına alan, əxlaqi və mənəvi dəyərləri sarsıdan, insanlığa xələl gətirən, cəmiyyətin harmoniyasını pozan, sosial-iqtisadi tərəqqini ləngidən, bir sözlə həyatı iflic edən narkomanlığa münasibətdə hər birimiz barışmaz mövqe tutmalı və ümumbəşəri bəlaya qarşı qətiyətli mübarizə aparmalıyıq.
Tədbir zamanı iştirakçılar maarifləndirici materiallarla (bukletlər, statistik məlumat topluları) tanış edilmiş, narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi hallarına qarşı mübarizə tədbirlərinin səmərəliliyinin artırılması üzrə koordinasiya olunmuş fəaliyyətin təşkili, müxtəlif yaş və sosial qrupları əhatə edən antinarkotik düşüncə tərzinin formalaşdırılması məsələləri müzakirə olunub.





