Naxçıvan: nəqliyyat, ticarət və iqtisadi əməkdaşlığın qovşağı
Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu günlərdə Naxçıvan Muxtar Respublikasına səfəri, ölkə Prezidentinin səfər çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər beynəlxalq medianın diqqət mərkəzindədir. İnfrastrukturun yenilənməsi, yol və nəqliyyat imkanlarının genişləndirilməsi, enerji layihələrinin həyata keçirilməsi, sosial obyektlərin tikintisi və şəhərsalma işləri Naxçıvanın gələcək iqtisadi potensialına hesablanıb. Cənab İlham Əliyev müsahibəsində “Dövlət tərəfindən Naxçıvan Muxtar Respublikasının inkişafına nə lazımdırsa, o da bu günə qədər edilib və ediləcək. Naxçıvanda son 20 il ərzində bütün tikintilər dövlət büdcəsindən maliyyələşdirilib. Hər il Azərbaycan dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə yüz milyonlarla manat vəsait ayrılır. Yəni bu olmasaydı, təbii ki, biz bugünkü inkişaf edən və abad Naxçıvanı da görə bilməzdik” söyləyərək bildirdi ki, ancaq biz hər zaman daha yaxşısını arzulayırıq, daha yaxşısını istəyirik: “Nəzərə alsaq ki, Qarabağ, Şərqi Zəngəzur demək olar ki, sıfırdan qurulur və Zəngilan rayonu ilə Ordubad rayonu arasında məsafə cəmi 42 kilometrdir. Bu, faktiki olaraq vahid bir məkandır, tarixən də belə olub. Zəngəzur, Naxçıvan, Qarabağ vahid məkan olub və insanların da miqrasiyası əsrlər boyu olub. Ona görə bu böyük coğrafiyada qohum-əqrəbalar da çoxdur. Ona görə biz bunu vahid, nümunəvi bir inkişaf diyarı kimi nəzərdə tuturuq”.
Qarabağ və Şərqi Zəngəzur, eyni zamanda, Naxçıvan yaşıl enerji zonası elan edilib. Bu gün muxtar respublikada istehsal olunan enerjinin əksəriyyəti bərpaolunan enerji hesabınadır. Dövlətimizin başçısı bildirdi ki, biz artıq 250 meqavatlıq iki batareya saxlanc qurğusunu yaratmışıq. Naxçıvanda da birinci mərhələdə ən azı 100 meqavatlıq batareya saxlanc qurğusu qurulacaq. Çünki burada da bərpaolunan enerji - Günəş və su elektrik stansiyaları işləyir. Ona görə bu enerjiləri yığmaq üçün gərək bu müasir texnologiyalardan istifadə edək. Bütün bu işlər artıq sistemli şəkildə davam edir. Əgər biz ölkəmizin coğrafi yerləşməsini götürsək görərik ki, hər bir bölgə üçün xüsusi bir inkişaf planı var. Hər bir iqtisadi bölgəmiz uğurla inkişaf edir və bu, ölkəmizin ümumi inkişafını təmin edir: “Ona görə planlar böyükdür və bu planların icrası ilə bağlı məndə heç bir şübhə yoxdur. Çünki güclü iradə var, maliyyə resurslarımız da var, heç kimdən də asılı deyilik. Naxçıvanda Qarabağ və Şərqi Zəngəzurdakı kimi idarəetmə üsuli-idarəsini yaratmaqla faktiki olaraq biz bu üç bölgəni inzibati nöqteyi-nəzərindən də birləşdiririk. Təbii ki, Naxçıvan Muxtar Respublikasının muxtar respublika statusu qalmaq şərti ilə, ancaq idarəetmə qaydaları təkmilləşməlidir”.
Muxtar respublika, bu qədim diyar daim inkişaf etsin, insanlar burada rahat, təhlükəsizlik şəraitində yaşasınlar, firavan yaşasınlar. Səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış oldular. Baş Plan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu və beynəlxalq məsləhətçi şirkət “Chapman Taylor” tərəfindən hazırlanıb. Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Naxçıvan şəhərinin müstəqillik dövründə ilk dəfə hazırlanan yeni Baş Planı onun perspektivdə məkan inkişafının vahid strateji baxışını müəyyən edir. Konsepsiya şəhər mərkəzinin yenilənməsi, rekreasiya zonalarının genişləndirilməsi, dayanıqlı mobilliyin təşviqi, yaşayış və sosial infrastrukturun gücləndirilməsi və turizm potensialının daha səmərəli reallaşdırılması əsasında formalaşdırılıb. Şəhərin əsas inkişaf istiqamətlərindən biri onun mərkəzi hissəsinin yenidən formalaşdırılmasıdır. Ekoloji infrastrukturun şəhərin ayrılmaz hissəsinə çevrilməsini hədəfləyən Baş Planın icrası dövründə mövcud yaşıllıq sistemi də genişləndiriləcək, Naxçıvançay boyunca ərazi şəhər həyatına inteqrasiya olunacaq, burada yeni parklar, istirahət zonaları və ictimai məkanlar yaradılacaq. Nəticədə adambaşına düşən yaşıllıq sahəsinin 15 kvadratmetrdən 27 kvadratmetrə çatdırılması nəzərdə tutulur. Şəhər mobilliyinə yanaşma da yeni prinsiplər üzərində qurulub. Dayanıqlı, ekoloji təmiz nəqliyyat həllərinin tətbiqini dəstəkləyən konsepsiyaya əsasən, küçə-yol şəbəkəsinin ümumi uzunluğu 188,4 kilometr, velosiped infrastrukturunun uzunluğu isə 122 kilometr təşkil edəcək. Bu, ümumi küçə-yol şəbəkəsinin 65 faizdən çoxunun velosiped hərəkəti üçün uyğunlaşdırılması deməkdir. Baş Planda Naxçıvanın zəngin tarixi-mədəni irsi və əlverişli coğrafi mövqeyi şəhərin turizm potensialını formalaşdıran əsas üstünlüklər kimi dəyərləndirilir. Tarixi irsin qorunması ilə yanaşı, xidmət sahələrinin genişləndirilməsi və şəhər mühitinin keyfiyyətinin yüksəldilməsi turizm sektorunun rəqabətqabiliyyətliliyinin artırılmasına imkan yaradacaq. Naxçıvanın gələcək inkişafı şəhərin artım potensialı nəzərə alınmaqla planlaşdırılıb. Şəhərin böyüməsi ilə paralel olaraq sosial infrastruktur da genişləndiriləcək. Naxçıvan şəhəri 2044-cü ilədək daha böyük potensiala malik yaşayış məkanı kimi inkişaf edəcək. Şəhərin tarixi-mədəni irsini müasir şəhərsalma prinsipləri ilə uzlaşdıran yeni Baş Plan onun dayanıqlı, inklüziv və insanyönümlü regional mərkəz kimi inkişafının strateji əsasını formalaşdıracaq.
Səfəri zamanı sosial evlər kompleksinin təməlinin qoyulması sosial siyasətin davamlı xarakter daşıdığını bir daha təsdiqlədi. 518 mənzildən ibarət kompleksin yaradılması əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində atılan mühüm addımlardan biridir. Yeni iş yerlərinin açılması, sosial xidmətin səviyyəsinin yüksəldilməsi əsas prioritetlər sırasındadır. Səfər zamanı Naxçıvan Regional DOST Mərkəzinin açılışı, həmçinin Naxçıvan Sənaye Parkının təməlinin qoyulması da bunun bariz nümunəsidir. Bir sözlə, Naxçıvan Muxtar Respublikası bu gün Dövlət Proqramlarını və infrastruktur layihələrini uğurla həyata keçirir, ölkənin iqtisadi qüdrətinin artırılmasında və intellektual potensialının gücləndirilməsində yaxından iştirak edir.
Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri