Ermənistanın sülh gündəliyinə gəlməsi Azərbaycanın hərbi-siyasi gücünün nəticəsidir - DEPUTAT
Avqustun 8-də Azərbaycan, Ermənistan və ABŞ arasında Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin birinci ildönümüdür. 2025-ci il avqustun 8-də əldə olunan razılaşma regionda uzun illər davam edən qarşıdurmadan sonra sülh gündəliyinin yeni mərhələyə keçməsi baxımından mühüm hadisə kimi qiymətləndirilir. Vaşinqton görüşü Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, davamlı sülhün təmin edilməsi və Cənubi Qafqazda yeni əməkdaşlıq imkanlarının formalaşdırılması istiqamətində diqqət çəkən siyasi hadisələrdən biri oldu.
Mövzu ilə bağlı Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı Patrul.az-a açıqlama verib. O bildirib ki, sözügedən tarix Cənubi Qafqazda yeni siyasi reallığın rəsmiləşdirilməsi baxımından mühüm mərhələnin başlanğıcıdır:
“Bir il əvvəl Vaşinqtonda imzalanan bəyannamə cənab Prezident İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü və prinsipial siyasətin növbəti nəticəsi idi. Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanaraq ərazi bütövlüyünü bərpa etdi, 2023-cü ildə suverenliyini tam təmin etdi. Bundan sonra qarşıda duran əsas vəzifə hərbi qələbənin yaratdığı reallıqları davamlı sülh və regional əməkdaşlıq müstəvisində möhkəmləndirmək idi. Vaşinqton Birgə Bəyannaməsi məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın mövqeyi əvvəldən aydın idi. Cənubi Qafqazda davamlı sülh yalnız dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmət əsasında mümkündür. Azərbaycan sülh prosesində heç vaxt qeyri-müəyyən yanaşmaların tərəfdarı olmayıb. Əksinə, ölkəmiz konkret və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan beş prinsip irəli sürərək sülh gündəliyinin əsasını müəyyən edib”.
Deputatın sözlərinə görə, Vaşinqtonda əldə olunan razılaşmalar göstərdi ki, Azərbaycanın illər ərzində müdafiə etdiyi mövqe artıq regionun gələcəyini müəyyən edən əsas siyasi reallıqlardan birinə çevrilib:
“Adıçəkilən bəyannamənin mühüm tərəflərindən biri Azərbaycanla Ermənistan arasında sülh prosesinin beynəlxalq səviyyədə dəstəklənməsidir. ABŞ-ın prosesdə konstruktiv mövqe nümayiş etdirməsi və regionda sülhün təmin olunmasına dəstək verməsi mühüm amildir. Prezident Donald Trampın yanaşması xüsusi vurğulanmalıdır. ABŞ administrasiyasının əvvəlki dövründən fərqli olaraq, yeni administrasiyanın Cənubi Qafqazdakı reallıqlara daha praqmatik yanaşması Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələyə keçməsinə imkan yaradıb.
Vaşinqton görüşləri Azərbaycan-ABŞ münasibətlərində strateji tərəfdaşlıq perspektivini gücləndirdi. Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması ilə bağlı razılaşma, 907-ci düzəlişin tətbiqinin dayandırılması və TRIPP layihəsi ilə bağlı əldə olunan razılaşmalar Azərbaycan üçün mühüm siyasi və geoiqtisadi nəticələrdir.
Xüsusilə TRIPP layihəsi Cənubi Qafqazın gələcək nəqliyyat xəritəsi baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyanın yaradılması Azərbaycanın nəqliyyat imkanlarını genişləndirəcək, bütövlükdə regionun Şərq-Qərb nəqliyyat bağlantılarında rolunu artıracaq və Cənubi Qafqazı yeni iqtisadi əməkdaşlıq məkanına çevirəcək”.
G. Ağamalı vurğulayıb ki, Vaşinqtonda əldə olunan nəticələrin ən mühüm mesajlarından biri Cənubi Qafqazda yeni dövrün başlanması və bu yeni dövrün əsasını sülh, əməkdaşlıq və qarşılıqlı maraqların təşkil etməsidir:
“Azərbaycan yeni mərhələyə qalib dövlət olaraq daxil olub. Azərbaycanın məqsədi qələbənin yaratdığı imkanlarla regionda uzunmüddətli sülh və təhlükəsizlik mühiti formalaşdırmaqdır. Azərbaycan müharibədən sonra sülh gündəliyini məhz özü formalaşdırdı. Ermənistanın bu gündəliyə gəlməsi möhtərəm cənab Prezident İlham Əliyevin ardıcıl diplomatik siyasətinin və Azərbaycanın hərbi-siyasi gücünün nəticəsidir. Bir il əvvəl Vaşinqtonda imzalanmış Birgə Bəyannamə bu baxımdan gələcəyə baxışın ifadəsidir. Günümüzdə qarşıda duran əsas məsələ əldə olunmuş razılaşmaları regional əməkdaşlığa çevirməkdir. Azərbaycan siyasi iradəyə, iqtisadi potensiala və regional təşəbbüslərə malikdir. Sülh dövlətlərin bir-birinin suverenliyinə hörmət etməsi, sərhədlərin toxunulmazlığının qəbul edilməsi, kommunikasiya xətlərinin açılması, iqtisadi əlaqələrin genişlənməsi və xalqların rifahının yüksəlməsidir. Azərbaycan Cənubi Qafqazda yeni reallığın formalaşmasında əsas təşəbbüskar və müəyyənedici tərəfdir. Ölkə başçımız cənab İlham Əliyevin siyasi kursu nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, daha sonra regionun gələcəyinə dair sülh və əməkdaşlıq gündəliyini formalaşdırdı”.