Ana dili milli kimliyimizin ifadəsidir"
Hər bir xalqın milli varlığını, tarixi yaddaşını və mənəvi dəyərlərini yaşadan ən müqəddəs sərvətlərdən biri onun ana dilidir. Dil ünsiyyət vasitəsi olmaqla yanaşı, xalqın düşüncə tərzini, mədəniyyətini, dünyagörüşünü və dövlətçilik ənənələrini gələcək nəsillərə daşıyan milli kimliyin ayrılmaz tərkib hissəsidir.
Bunu Teleqraf-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.
O qeyd edib ki, hər il 1 avqust ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunması ana dilimizə göstərilən dövlət qayğısının və milli-mənəvi dəyərlərimizə verilən yüksək önəmin parlaq təzahürüdür:
“Ulu Öndər Heydər Əliyev Azərbaycan dilini milli varlığımızın əsas sütunu kimi dəyərləndirərək, "Dil hər bir millətin milliliyinin əsasıdır" fikri ilə ana dilinin dövlətçilik və milli kimlik baxımından əvəzsiz rolunu xüsusi vurğulayırdı. Təsadüfi deyil ki, sovet ideologiyasının milli dillərin sıxışdırılması siyasətinin hökm sürdüyü bir dövrdə məhz Ümummilli Lider Heydər Əliyev böyük siyasi iradə nümayiş etdirərək Azərbaycan dilinin qorunması uğrunda prinsipial mübarizə apardı. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci il Azərbaycan SSR Konstitusiyasında "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir" müddəasının təsbit edilməsi həmin dövr üçün tarixi cəsarət nümunəsi və milli özünüdərkin mühüm qələbəsi idi.
Müstəqillik illərində Ulu Öndərin həyata keçirdiyi ardıcıl dil siyasəti Azərbaycan dilinin hüquqi statusunu daha da möhkəmləndirdi. 1995-ci il Konstitusiyasında dövlət dilinin Azərbaycan dili kimi təsbit olunması, 2001-ci ildə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərmanın imzalanması, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması və avqustun 1-nin Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edilməsi milli dövlətçilik tariximizin mühüm hadisələri kimi xüsusi əhəmiyyət daşıyır. Bu siyasi xətt bu gün Möhtərəm Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçımız Cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan dilinin saflığının qorunması yalnız dövlət orqanlarının deyil, bütövlükdə cəmiyyətin, ziyalıların, media nümayəndələrinin, elm adamlarının və hər bir vətəndaşın mənəvi məsuliyyətidir. Möhtərəm Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən mühüm fərman və sərəncamlar, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı", Azərbaycan dilinin elektron məkanda tətbiqinin genişləndirilməsi, dövlət dilinin saflığının qorunmasına yönəlmiş institusional islahatlar sözügedən sahədə sistemli dövlət siyasətinin həyata keçirildiyini aydın şəkildə nümayiş etdirir”.

Deputat vurğulayıb ki, xüsusilə qloballaşmanın milli dillər üçün yeni çağırışlar yaratdığı müasir dövrdə ana dilimizin saflığının qorunması strateji əhəmiyyət kəsb edir:
“Azərbaycan dili əsrlər boyu formalaşmış zəngin söz ehtiyatına, mükəmməl ifadə imkanlarına malik dildir və bu dil heç bir süni müdaxiləyə ehtiyac duymur. Ölkə rəhbərimizin vurğuladığı kimi, Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur.
Müasir dövrdə ana dilimizin qorunması yalnız filoloqların və ya dilçilərin deyil, bütövlükdə cəmiyyətin ortaq vəzifəsinə çevrilib. Ailədə, məktəbdə, ali təhsil müəssisələrində, dövlət idarəçiliyində, mediada və rəqəmsal platformalarda Azərbaycan dilinin normalarına hörmətlə yanaşılması milli təhlükəsizlik və milli kimlik məsələsidir. Dili qorumaq xalqın mənəvi bütövlüyünü, tarixi yaddaşını və dövlətçilik ənənələrini qorumaq deməkdir.
Azərbaycan dili ölkə daxilində və dünyanın müxtəlif guşələrində yaşayan 50 milyondan çox azərbaycanlını vahid milli-mənəvi məkan ətrafında birləşdirən əsas dəyərdir. Müstəqil Azərbaycanın beynəlxalq nüfuzunun artması, mədəni diplomatiyanın genişlənməsi və Türk dünyasında inteqrasiyanın dərinləşməsi də ana dilimizin beynəlxalq mövqeyini daha da gücləndirir.
1 Avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü hər birimiz üçün əlamətdar tarixdir. 1 Avqust milli kimliyimizə, dövlətçilik ənənələrimizə və mənəvi irsimizə sədaqətin ifadəsidir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli dil siyasəti Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir. Azərbaycan dili dünən olduğu kimi bu gün də dövlətçiliyimizin dayağı, milli birliyimizin rəmzi və gələcək inkişafımızın ən etibarlı mənəvi sütunlarından biri olaraq yaşayacaq və inkişaf edəcəkdir”.
Hər bir xalqın milli varlığını, tarixi yaddaşını və mənəvi dəyərlərini yaşadan ən müqəddəs sərvətlərdən biri onun ana dilidir. Dil ünsiyyət vasitəsi olmaqla yanaşı, xalqın düşüncə tərzini, mədəniyyətini, dünyagörüşünü və dövlətçilik ənənələrini gələcək nəsillərə daşıyan milli kimliyin ayrılmaz tərkib hissəsidir.