Ümummilli Liderin xilaskarlıq fəlsəfəsi
Azərbaycan xalqının müasir tarixində elə şəxsiyyətlər vardır ki, onların fəaliyyəti bütöv bir xalqın taleyi, dövlətin gələcəyi və milli inkişaf yolu ilə ayrılmaz şəkildə bağlıdır. Belə nadir tarixi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevdir. Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini daim böyük ehtiramla yad edir, onun dövlətçilik irsini yüksək qiymətləndirir və müstəqil Azərbaycanın qurulması və inkişafı naminə göstərdiyi misilsiz xidmətləri minnətdarlıqla xatırlayır. Çünki Heydər Əliyev təkcə dövlət rəhbəri deyil, həm də ən ağır məqamlarda xalqını və dövlətini xilas edən böyük xilaskar, müasir Azərbaycan dövlətinin memarı və qurucusudur.
1993-cü ilin iyununda Azərbaycan tarixinin ən mürəkkəb dövrlərindən birini yaşayırdı. Ölkədə siyasi böhran dərinləşmiş, hakimiyyət zəifləmış, dövlət idarəçiliyində ciddi problemlər yaranmışdı. Ermənistanın hərbi təcavüzü davam edir, daxildə isə anarxiya və qarşıdurma meyilləri güclənirdi. Azərbaycan müstəqilliyini itirmək, hətta parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir taleyüklü məqamda xalq öz xilaskarını seçdi və üzünü Heydər Əliyevə tutdu. Məhz həmin dövrdə Ulu Öndərin hakimiyyətə qayıdışı Azərbaycanın gələcək taleyini müəyyən edən tarixi hadisəyə çevrildi.
Milli Qurtuluşun və Heydər Əliyevin xilaskarlıq missiyasının uğurunu şərtləndirən bir sıra mühüm amillər vardı. Bu amillər arasında xüsusilə üç məqam həlledici rol oynadı: xalqın Heydər Əliyevə olan möhkəm inamı və dəstəyi, onun müstəsna liderlik keyfiyyətləri və şəxsiyyətinin böyüklüyü, eləcə də Vətəninə və xalqına sonsuz sevgisi.
Əvvəla, xalqın Ulu Öndər Heydər Əliyevə olan sarsılmaz etimadı və dəstəyi onun siyasi fəaliyyətinin ən güclü dayağı idi. Azərbaycan xalqı yaxşı bilirdi ki, ölkəni mövcud böhrandan çıxarmağa qadir yeganə lider məhz Heydər Əliyevdir. Onun sovet dövründə respublikaya rəhbərlik etdiyi illərdə qazandığı uğurlar, yüksək idarəçilik bacarığı və zəngin siyasi təcrübəsi xalqda böyük inam yaratmışdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev məhz bu ümumxalq etimadına söykənərək ölkədə sabitliyi bərpa etdi və dövlətçiliyin xilası missiyasını uğurla həyata keçirdi. Bu, Azərbaycan tarixində xalq-lider birliyinin ən parlaq nümunələrindən biri kimi qiymətləndirilir.
İkinci mühüm amil Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, siyasi müdrikliyi və qətiyyəti idi. Ulu Öndər ən mürəkkəb şəraitdə belə hadisələri düzgün qiymətləndirməyi, milli maraqlara uyğun qərarlar qəbul etməyi bacaran uzaqgörən dövlət xadimi idi. O, hakimiyyətə qayıtdıqdan sonra qısa müddətdə ölkədə siyasi sabitliyi təmin etdi, dövlət institutlarını möhkəmləndirdi, milli həmrəyliyin bərpasına nail oldu və Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirdi. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, yüksək təşkilatçılıq qabiliyyəti və qətiyyətli liderliyi sayəsində Azərbaycan dövlətçiliyi məhv olmaq təhlükəsindən xilas edildi.
Ulu Öndərin tarixi missiyasını mümkün edən üçüncü və bəlkə də ən mühüm amil onun Azərbaycan xalqına və Vətəninə olan sonsuz sevgisi idi. Heydər Əliyev bütün həyatını və fəaliyyətini xalqının rifahına, dövlətinin inkişafına və müstəqilliyinin möhkəmlənməsinə həsr etmişdi. O, dövlət rəhbəri kimi fəaliyyət göstərdiyi bütün dövrlərdə Azərbaycanın maraqlarını hər şeydən üstün tutmuş, xalqının gələcəyi naminə yorulmadan çalışmışdır. Məhz bu təmənnasız Vətən sevgisi ona ən çətin sınaqlar qarşısında belə geri çəkilməmək, bütün məsuliyyəti öz üzərinə götürmək və xalqını təhlükələrdən xilas etmək gücü verirdi.
1993-cü ildə başlanan Milli Qurtuluş yolu sonrakı illərdə Azərbaycanın hərtərəfli inkişafını təmin edən möhkəm təmələ çevrildi. Ulu Öndərin rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitlik bərqərar olundu, hüquqi dövlət quruculuğuna başlanıldı, iqtisadi inkişafın əsasları yaradıldı və Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artdı. Bu siyasət sonrakı dövrdə uğurla davam etdirilərək ölkəmizin daha da güclənməsinə xidmət etdi.
Bu gün Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edir. Çünki xalqımız yaxşı bilir ki, müstəqil Azərbaycan dövlətinin qorunub saxlanılması, möhkəmləndirilməsi və bugünkü inkişaf səviyyəsinə çatması məhz onun xilaskarlıq missiyası sayəsində mümkün olmuşdur. Heydər Əliyevin siyasi irsi, dövlətçilik fəlsəfəsi və milli maraqlara əsaslanan inkişaf strategiyası Azərbaycanın uğurlarının əsas mənbələrindən biri olaraq qalır.
Milli Qurtuluş Günü bir daha xatırladır ki, xalqın öz liderinə olan inamı, liderin yüksək dövlətçilik keyfiyyətləri və Vətənə sonsuz sevgisi tarixin ən çətin sınaqlarından belə qalib çıxmağa imkan verir. Məhz bu üç mühüm amilin vəhdəti nəticəsində Heydər Əliyev Azərbaycanın xilaskarına çevrilmiş, xalqımızın yaddaşında əbədi yaşayan Ümummilli Lider zirvəsinə yüksəlmişdir. Bu səbəbdən də Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və onun müqəddəs irsini gələcək nəsillərə ötürməyi özünün mənəvi borcu hesab edir.
Allahverdi Piriyev
Salyan rayon Ziyalılar birliyinin sədri, Əməkdar müəllim, YAP fəalı