"Ölkəmizdə daxili istehsalın artırılması və idxaldan asılılığın azaldılması istiqamətində sistemli addımlar atılmaqdadır" - DEPUTAT
Möhtərəm cənab Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər Azərbaycanda kənd təsərrüfatının inkişafının strateji prioritet kimi müəyyən olunduğunun və bu sahənin dövlət siyasətinin əsas istiqamətlərindən olduğunun təcəssümüdür.
Cənab Prezidentin vurğuladığı kimi, 2004-cü ildə əsası qoyulan regional inkişaf proqramları ölkəmizin bütün bölgələrinin canlanmasına, məşğulluğun artmasına, müasir infrastrukturun formalaşmasına və kənd təsərrüfatının inkişafına mühüm töhfələr verib. Həyata keçirilən ardıcıl proqramlar regionların sosial-iqtisadi inkişafında yeni mərhələ yaradaraq kəndlərimizin həyat səviyyəsinin yüksəlməsinə və inkişaf imkanlarının genişlənməsinə xidmət edir.
Bu gün ölkəmizdə qazlaşdırma, elektrik təchizatı, yol infrastrukturu, su təminatı kimi fundamental məsələlərin geniş şəkildə həll olunması kənd təsərrüfatının inkişafı üçün möhkəm zəmin formalaşdırıb. Xüsusilə subsidiyalar, güzəştli kreditlər, aqroparkların yaradılması və fermerlərə göstərilən dövlət dəstəyi Azərbaycan kəndlisinin torpağa bağlılığını gücləndirib.
Cənab Prezidentin kəndlərdən şəhərlərə deyil, şəhərlərdən kəndlərə qayıdışın təmin olunması ilə bağlı səsləndirdiyi fikirlər kənd təsərrüfatının inkişafı və milli-mənəvi dəyərlərimizin, ənənəvi həyat tərzimizin və regionların dayanıqlı inkişafının qorunması baxımından mühüm əhəmiyyət daşıdığını önə çəkir.
Günümüzdə dünyada baş verən mürəkkəb geosiyasi proseslər, nəqliyyat zəncirlərinin pozulması və iqlim dəyişiklikləri fonunda ərzaq təhlükəsizliyi hər bir dövlət üçün strateji əhəmiyyət daşıyan məsələyə çevrilib. Möhtərəm Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə bu sahədə etibarlı və davamlı təminat sistemi formalaşdırılıb.
Ölkəmizdə daxili istehsalın artırılması və idxaldan asılılığın azaldılması istiqamətində sistemli addımlar atılmaqdadır.
"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" da məhz bu baxımdan mühüm əhəmiyyət daşıyır. Proqramın icrası nəticəsində kənd təsərrüfatında yeni inkişaf mərhələsi başlayacaq, məşğulluq imkanları artacaq, ölkəmizdə ərzaq təhlükəsizliyi daha da möhkəmlənəcəkdir.
[b]Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri/b]
