Güclü və müstəqil Azərbaycan xalqımızın milli iradəsinin təcəssümüdür
Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixi zəngin mübarizə, milli iradə və azadlıq arzusu ilə yadda qalıb. Tarixin müxtəlif dövrlərində çətin sınaqlarla üzləşən xalqımız heç zaman müstəqil dövlət qurmaq amalından geri çəkilməyib. Bu milli iradənin ən parlaq təcəssümü 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması oldu. Şərqdə ilk parlamentli respublika kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi düşüncə səviyyəsini, demokratik dəyərlərə bağlılığını və müasir dövlət qurmaq bacarığını nümayiş etdirdi. Cəmi 23 ay yaşamasına baxmayaraq, Cümhuriyyət milli dövlətçilik tariximizdə silinməz iz qoydu və gələcək müstəqil Azərbaycanın ideoloji-siyasi əsaslarını formalaşdırdı.
Azərbaycan Xalq Cümhuriyyətinin ən böyük yadigarlarından biri üçrəngli dövlət bayrağımızdır. Mavi, qırmızı və yaşıl rənglərdən ibarət olan müqəddəs bayrağımız xalqımızın milli kimliyini, dövlətçilik ideallarını və müstəqillik əzmini özündə əks etdirir. Cümhuriyyət dövründə qəbul edilən bu bayraq illər keçsə də xalqımızın yaddaşından silinmədi, azadlıq və istiqlal rəmzi kimi qorunub saxlanıldı. Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdikdən sonra üçrəngli bayrağımız yenidən dövlət bayrağı kimi qəbul olundu və milli qürur mənbəyinə çevrildi.
Bu gün Azərbaycan Bayrağının işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması xalqımızın ən böyük tarixi qələbələrindən biridir. Prezident İlham Əliyevin qətiyyətli siyasəti, Azərbaycan Ordusunun rəşadəti və xalqımızın milli birliyi nəticəsində torpaqlarımız azad olundu, dövlət suverenliyimiz tam bərpa edildi. Vaxtilə işğal altında qalan şəhər və kəndlərimizdə bu gün üçrəngli bayrağımız qürurla dalğalanır. Bu, yalnız hərbi qələbə deyil, həm də Azərbaycan Xalq Cümhuriyyətinin ideallarının və dövlətçilik amalının zəfəridir. Azərbaycan Bayrağının Qarabağda və Şərqi Zəngəzurda ucaldılması Prezident İlham Əliyevin gələcək nəsillərə bəxş etdiyi ən böyük dövlətçilik əmanətlərindən biridir.
Məhz buna görə də bu gün Azərbaycan dövləti öz tarixini, milli dövlətçilik irsini və istiqlal ənənələrini böyük ehtiramla yaşadır. Bakının mərkəzində ucaldılan İstiqlal Bəyannaməsi abidəsi də dövlətçilik tariximizə və Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına göstərilən yüksək ehtiramın təcəssümüdür. Bu abidə xalqımızın azadlıq ruhunun, milli yaddaşının və müstəqillik iradəsinin rəmzi kimi xüsusi əhəmiyyət daşıyır. İstiqlal Bəyannaməsi yalnız tarixi sənəd deyil, həm də Azərbaycan xalqının azad yaşamaq hüququnun və müstəqil dövlətçilik iradəsinin ifadəsidir. Bu abidə qarşısında hər bir Azərbaycan vətəndaşı xalqımızın keçdiyi şərəfli yolu, müstəqilliyin hansı çətinliklər bahasına qazanıldığını və qorunduğunu daha dərindən dərk edir.
Prezident İlham Əliyev çıxışlarında Azərbaycan Xalq Cümhuriyyətinin tarixi rolunu və müasir Azərbaycanın həmin dövlətin siyasi varisi olduğunu xüsusi vurğulayır. Dövlət başçısı qeyd edir: “Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!” Bu fikirlər Azərbaycan dövlətinin tarixi köklərə söykəndiyini və milli dövlətçilik ideyalarının bu gün uğurla davam etdirildiyini bir daha təsdiqləyir.
Doğrudan da, müstəqilliyin qorunması və möhkəmləndirilməsi hər bir xalq üçün ən mühüm vəzifələrdən biridir. Azərbaycan xalqı son illərdə öz birliyi, siyasi iradəsi və vətənpərvərliyi ilə sübut etdi ki, müstəqil dövlətini qorumağa və inkişaf etdirməyə qadirdir. Bu gün ölkəmiz regionun ən güclü dövlətlərindən biri kimi beynəlxalq aləmdə böyük nüfuza malikdir. İqtisadi inkişaf, güclü ordu quruculuğu, uğurlu xarici siyasət və milli həmrəylik Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirib.
Prezident İlham Əliyevin “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır! Yaşasın güclü, müstəqil Azərbaycan!” fikri müasir Azərbaycanın siyasi fəlsəfəsini və dövlətçilik prinsipini ifadə edir. Bu çağırış hər bir Azərbaycan vətəndaşını müstəqilliyimizi qorumağa, dövlətçiliyimizi daha da gücləndirməyə və milli birliyimizi daim möhkəm saxlamağa səsləyir.
28 May – Müstəqillik Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin və azadlıq ruhunun bayramıdır. Bu əlamətdar gün həm Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına ehtiramın, həm də müstəqil Azərbaycanın gücünün və qüdrətinin təntənəsidir. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda dalğalanan üçrəngli bayrağımız xalqımızın yenilməz iradəsinin, şəhidlərimizin müqəddəs xatirəsinin və müstəqil dövlətçilik ənənələrimizin əbədi yaşayacağının ən böyük rəmzidir.
Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinin daha da güclənməsi, milli həmrəyliyin qorunması və dövlətçilik ənənələrinin yaşadılması istiqamətində inamla irəliləyir. Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoyduğu istiqlal ideyaları müasir dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. İşğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı quruculuq işləri, doğma yurdlarına qayıdan insanların sevinc hissi və həmin ərazilərdə qürurla dalğalanan üçrəngli bayrağımız müstəqil Azərbaycanın qüdrətinin və əbədi dövlətçilik iradəsinin parlaq göstəricisidir. Bu gün hər bir Azərbaycan vətəndaşı güclü dövlətə sahib olmağın qürurunu yaşayır və xalqımızın müstəqillik yolunun daim uğurlarla davam edəcəyinə böyük inam bəsləyir.
Hafizə Xudiyeva,
Salyan şəhər 4 saylı tam orta ümumtəhsil məktəbin müəllimi, YAP fəalı