Milli İradənin Zəfəri: 28 May – Müstəqillik Günü
Müstəqillik Günü milli dövlətçilik tariximiz baxımından son dərəcə əhəmiyyətlidir. Prezident İlham Əliyev 15 oktyabr 2021-ci il tarixdə Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanununu təsdiq edib. Qanuna əsasən, 28 may - Müstəqillik Günü, 18 oktyabr isə Müstəqilliyin Bərpası Günü elan edilib. Bu gün xalqımız Azərbaycan dövlətinin müstəqilliyinin elan edilməsinin 108-ci ildönümünü qeyd edir. 108 il öncə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin, şübhəsiz ki, hər birimizin qəlbində xüsusi yeri var. Elə bir azərbaycanlı tapmaq olmaz ki, 28 May tarixini qürur hissi ilə xatırlamasın.
Azərbaycan xalqını milli müstəqilliyə aparan yol nə qədər keşməkeşli, əzab-əziyyətli olsa belə, bu tarixi həqiqət bütün azərbaycanlılarda qürur və fəxarət hissi doğurur: Azərbaycan 1918-ci il mayın 28-də müsəlman Şərqində öz müstəqilliyini elan edən ilk demokratik respublika kimi tarixə düşmüş, xalqımız qısamüddətli olsa da, müstəqillik ideallarına qovuşmuşdur. XX əsrin əvvəllərində çar Rusiyasında cərəyan edən mürəkkəb ictimai-siyasi proseslər, imperiya daxilində birləşdirilmiş xalqların azadlıq uğrunda mübarizəyə qalxması 1918-ci il mayın 28-də Azərbaycana öz istiqlaliyyətini elan etmək şansı yaratmışdır. Tarixi faktlar göstərir ki, 1918-ci il mayın 27-də müsəlman fraksiyası Tiflisdə ayrıca iclas keçirərək Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəlmişdir. Eyni zamanda müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası adlandırmış, beləliklə, Azərbaycanın ilk parlamenti təsis edilmiş, Rəyasət Heyəti və sədri seçilmişdir. 1918-ci il mayın 28-də Tiflisdə Milli Şuranın 26 üzvünün iştirakı ilə keçirilən iclasda isə Azərbaycanın dövlət müstəqilliyinə dair tarixi sənəd - İstiqlal Bəyannaməsi qəbul olunmuşdur. 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır
XX əsrin əvvəllərində - 1918-ci ilin 28 mayında müstəqilliyini elan etmiş Azərbaycan xalqı müəyyən obyektiv və subyektiv səbəblərdən bu nemətin şirinliyini uzun müddət dada bilməmişdir: milli hökumət 1920-ci ilin aprelində bolşevik qaragüruhu tərəfindən devrilmiş, ölkə işğala məruz qalmışdır. Xalqın şüurunda dərin iz salmış milli müstəqillik və dövlətçilik amalı növbəti dəfə amansızlıqla boğulmuş, respublikamız uzun illər sovet imperiyasının ideoloji buxovları altında fəaliyyət göstərməyə məcbur olmuşdur. 70 il totalitar rejimin ideoloji-siyasi buxovları altında yaşamalı olan Azərbaycan xalqının qəlbində bir müstəqil dövlətçilik idealı kök salmışdı. Ötən əsrin ortalarında Azərbaycanda siyasi hakimiyyətə irəli çəkilən Ulu Öndər Heydər Əliyev ilk gündən həyata keçirdiyi tədbirlərlə xalqın gələcək müstəqilliyinə iqtisadi, siyasi və hüquqi zəmin hazırlamağa çalışmış, bu məqsədlə genişmiqyaslı tədbirlər həyata keçirmişdir. Böyük Öndər Azərbaycana birinci rəhbərliyi dövründə böyük təzyiqlərlə, təqiblərlə üzləşsə də, riskdən çəkinməyərək əzmkar fəaliyyəti ilə xalqda tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti, adət-ənənələri və düşüncə sistemi barədə dolğun təsəvvürlər formalaşdıra bilmişdir. Heydər Əliyev fenomeninin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi də məhz azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsi real siyasi amilə çevrilməsidir.
Məhz 70-80-ci illərdə ölkədə yaradılmış möhkəm təməl əsrin sonlarına doğru Azərbaycanda milli-azadlıq hərəkatının başlanmasına və respublikamızın müstəqillik qazanmasına imkan vermişdir. 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində formal xarakter daşımış, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başlamışdır. Bu mərhələdən etibarən respublikada müstəqil dövlət təsisatları formalaşmış, ilk milli Konstitusiya qəbul olunmuş, Milli Məclisə ilk seçkilər keçirilmiş, bütün bunlar respublikamızın demokratik və hüquqi inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur.
Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixi zəngin, mürəkkəb və bir o qədər də şərəfli mərhələlərdən keçmişdir. Bu tarixin ən parlaq iki zirvəsi — milli dövlətçiliyimizin təməlinin qoyulduğu 28 May Müstəqillik Günü və torpaqlarımızın azadlığını, milli qürurumuzu bərpa edən 8 Noyabr Zəfər Günüdür. Bu iki tarixi qeyd sadəcə təqvim yarpaqları deyil, Azərbaycanın bir əsrdən artıq dövrü əhatə edən müstəqillik, dirçəliş mübarizəsinin başlanğıcı və yekunudur.
Fərəhli haldır ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının növbəti ildönümlərini xalqımız qürur və sevinc hissi ilə qarşılayır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun düşmənə qarşı 27 sentyabr 2020-ci il tarixdən başlayaraq cəmi 44 gün davam edən Vətən müharibəsi zamanı, həmçinin 2023-cü ilin sentyabrında isə təxminən bir gün ərzində ölkəmizin bütün ərazisində Konstitusiya quruluşunun bərpa edilməsini təmin edən lokal xarakterli antiterror tədbirləri həyata keçirməklə Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı birləşmələrini diz çökdürərək təslim olmağa məcbur etməklə tariximizə qızıl hərflərlə yazılacaq növbəti qələbəyə imza atdı.
Günay Əbilova
Salyan şəhər Ə.Kürçaylı adına 7 nömrəli texniki və təbiət fənlər təmayüllü liseyin müəllimi