Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanın inkişaf strategiyasında rolu
Azərbaycanda şəhərsalma və memarlıq sahəsinin inkişafına xüsusi diqqət yetirilir və bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin əhəmiyyətini nəzərə alaraq cari il “Şəhərsalma və Memarlıq İli” elan edilmişdir. Bu qərar ölkədə müasir şəhərsalma prinsiplərinin tətbiqinə, memarlıq irsinin qorunmasına və dayanıqlı inkişafın təmin olunmasına verilən önəmin göstəricisidir. Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası kimi mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsini ölkəyə göstərilən böyük etimadın nümunəsi kimi qiymətləndirmişdir. Dövlət başçısı forumun təşkilinə verilən dəstəyə və əməkdaşlığa görə təşəkkürünü ifadə etmiş, bu cür mühüm tədbirə ev sahibliyinin Azərbaycan üçün həm məsuliyyətli, həm də qürurverici olduğunu vurğulamışdır.
2022-ci ildən etibarən BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Azərbaycan ilə sıx əməkdaşlıq edir və bu əməkdaşlıq çərçivəsində işğaldan azad edilmiş ərazilərdə milli şəhərsalma forumları təşkil olunmuşdur. Həmin forumlar Ağdam, Füzuli və Laçın şəhərlərində keçirilmişdir. Prezident vurğulamışdır ki, uzun illər işğal altında qalmış bu ərazilərdə hazırda genişmiqyaslı yenidənqurma və bərpa işləri həyata keçirilir.
Dövlət başçısı qeyd etmişdir ki, həmin şəhərlərin yenidən qurulması zamanı müasir şəhərsalma standartları, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, ekoloji tarazlığın qorunması və dayanıqlı inkişaf prinsipləri əsas götürülür. Məqsəd dağıdılmış əraziləri yalnız bərpa etmək deyil, həm də onları müasir və innovativ yaşayış məkanlarına çevirməkdir. Prezident İlham Əliyevin çıxışı Azərbaycanın şəhərsalma və memarlıq sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm verdiyini, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinin isə dünya üçün nümunəvi inkişaf modeli kimi təqdim olunduğunu nümayiş etdirmişdir.
Azərbaycanda şəhərsalma siyasəti yalnız müasir infrastrukturun qurulması ilə məhdudlaşmır, eyni zamanda tarixi-mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması əsas prioritet istiqamətlərdən biri hesab olunur. Prezident qeyd etmişdir ki, Bakıda keçirilən qlobal forum Azərbaycanın şəhərsalma sahəsində inkişaf strategiyasına, insanların həyat şəraitinin yaxşılaşdırılmasına və əhalinin bütün zəruri sosial-məişət imkanları ilə təmin olunmasına sadiqliyini nümayiş etdirir. Azərbaycanın bir çox qədim şəhərləri zəngin memarlıq irsi və tarixi abidələri ilə seçilir. Dövlət başçısı çıxışında ölkənin müxtəlif bölgələrinin qədim mədəniyyət və şəhərsalma ənənələrini əks etdirən nümunələrə xüsusi diqqət yetirmişdir.
Çıxış zamanı qeyd olunmuşdur ki, Şamaxı vaxtilə Şirvanşahlar dövlətinin paytaxtı olmuş, Azərbaycanın qədim elm və mədəniyyət mərkəzlərindən biri kimi tanınmışdır. Prezident burada 743-cü ildə inşa edilmiş, dünyanın ən qədim məscidlərindən hesab olunan Cümə məscidinin yerləşdiyini vurğulamışdır. Həmçinin böyük Azərbaycan şairi Xaqani Şirvaninin bu şəhərdə doğulduğu diqqətə çatdırılmışdır.
Prezident İlham Əliyev çıxışında qədim Azərbaycan dövlətlərindən biri olan Atabəylər dövlətinin paytaxtı olmuş Naxçıvan şəhərinin də mühüm memarlıq mərkəzi olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, burada dahi memar Əcəmi Naxçıvani tərəfindən XII əsrdə inşa edilmiş Möminə xatun türbəsi Azərbaycan memarlıq məktəbinin ən qiymətli incilərindən biridir. Dövlət başçısı qədim Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələ və Bərdə kimi şəhərlərin də zəngin tarixi-mədəni irsə malik olduğunu vurğulamışdır. Şəki yaxınlığında yerləşən Kiş kəndindəki qədim alban kilsəsinin dünyanın ən qədim dini abidələrindən biri hesab olunduğu qeyd edilmişdir.
Prezident həmçinin Lahıc qəsəbəsinin qədim mühəndislik və şəhərsalma ənənələrinin mühüm nümunələrindən biri olduğunu diqqətə çatdırmışdır. Bildirilmişdir ki, təxminən 15 əsr əvvəl salınmış bu yaşayış məntəqəsində qurulan kanalizasiya və su sistemi bu gün də fəaliyyət göstərir. Bu fakt Azərbaycan xalqının qədim dövrlərdən yüksək memarlıq və mühəndislik bacarıqlarına malik olduğunu bir daha nümayiş etdirir.
Təxminən 30 il işğal altında qalmış Qarabağın incisi Şuşa şəhəri hazırda yenidən qurulur, şəhərin tarixi simasının bərpası istiqamətində mühüm layihələr həyata keçirilir və zədələnmiş tarixi abidələr bərpa olunur. Dövlət başçısı vurğulamışdır ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri Azərbaycanın həm tarixi irsə verdiyi yüksək dəyərin, həm də müasir şəhərsalma siyasətinin bariz nümunəsidir.
Anar Hacıyev,
"Yelo Bank" ASC-nin Salyan filialının müdiri