Azərbaycan Respublikası ilə Çexiya Respublikası arasında dialoq yüksək səviyyədədir.
27 aprel 2026-cı il tarixində Azərbaycan Prezidenti cənab İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babiş Qəbələdə mətbuata birgə bəyanatla çıxış etmişdirlər. Görüş zamanı dövlət başçısı ölkələr arasındakı münasibətlərin möhkəm siyasi dialoq və qarşılıqlı etimada əsaslandığını vurğulayıb.
Azərbaycan ilə Çexiya arasında münasibətlər son illərdə dinamik inkişaf mərhələsinə qədəm qoyaraq, qarşılıqlı etimad və strateji tərəfdaşlıq prinsipləri əsasında daha da möhkəmlənməkdədir. Bu əlaqələr yalnız diplomatik çərçivə ilə məhdudlaşmır, həm də iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, investisiya mühiti, eləcə də mədəni və humanitar sahələri əhatə edən geniş spektri özündə birləşdirir.
Son vaxtlar Azərbaycanda neçə-neçə iri miqyaslı beynəlxalq tədbirlər, bu sıradan dünyanı düşündürən ciddi problemlərlə bağlı forumlar da keçirilir. Yeri gəlmişkən, bu səfər çərçivəsində Azərbaycan-Çex Respublikası biznes forumu da keçirildi. Azərbaycanın ticarət dövriyyəsinin daha yüksək səviyyəyə çatdırılacağına əminliyini bildirən dövlət başçımız ticarət dövriyyəsinin daha tarazlı olmasını, strukturun təkmilləşdirilməsinə ümidli olduğunu da xatırladaraq dedi: “Ümid edirəm ki, biz buna nail olacağıq. Çünki bu gün həm təkbətək görüşdə, həm heyətlərin iştirakı ilə apardığımız danışıqlarda bir çox konkret iqtisadi və sərmayə yönümlü layihələr müzakirə edilmişdir; - Əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir; - Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür. O cümlədən Azərbaycan Çexiyaya qonşu olan ölkələrə təbii qaz ixrac edir”
Azərbaycanla Çexiya arasında əməkdaşlıq təkcə iqtisadi, enerji təhlükəsizliyi ilə məhdudlaşmır, eyni zamanda müdafiə sənayesi kimi strateji istiqaməti də əhatə edir. Bu isə Azərbaycan ilə Çex Respublikası arasında münasibətlərin nə qədər dərin və çoxşaxəli xarakter daşıdığını aydın şəkildə göstərir. Xüsusilə son illərdə müdafiə sənayesi sahəsində qarşılıqlı maraq və əməkdaşlıq imkanlarının genişlənməsi diqqət çəkir.
Prezident İlham Əliyev Qəbələdə Andrey Babişlə mətbuata bəyanatında bu məsələyə xüsusi toxunaraq bildirdi ki, uzun müddət ərzində bu sahədə uğurlu əməkdaşlıq aparılır. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alır və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Cənab Prezident İlham Əliyevin bu fikirləri iki ölkə arasında müdafiə ahəsində əməkdaşlığın artıq yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Məlumdur ki, Azərbaycan son illərdə müdafiə qabiliyyətinin gücləndirilməsinə və bu sahədə yerli istehsalın genişləndirilməsinə xüsusi önəm verir. Bu yanaşma yalnız milli təhlükəsizliyin təmin edilməsində deyil, həm də sənaye və texnologiya sektorunun inkişafında mühüm rol oynayır. Bu baxımdan, müdafiə sənayesində böyük təcrübəyə malik olan Çexiya ilə əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır. Çexiyanın bu sahədə formalaşmış sənaye infrastrukturu, müasir texnoloji imkanları və zəngin təcrübəsi birgə layihələrin uğurla həyata keçirilməsinə əlverişli şərait yaradır. Hesab edirəm ki, bu istiqamətdə əldə olunacaq nailiyyətlər tərəfdaşlığın strateji əhəmiyyətini daha da artıracaq və iki ölkə arasında münasibətlərin gələcək inkişafına mühüm təkan verəcək.
Bundan əlavə, humanitar və mədəni sahədə əməkdaşlıq da münasibətlərin inkişafında önəmli yer tutur. Təhsil, turizm və mədəniyyət sahələrində həyata keçirilən layihələr xalqlar arasında qarşılıqlı anlaşmanı və dostluğu möhkəmləndirir. Çexiyanın zəngin mədəni irsi və Azərbaycanın qədim tarixi ənənələri bu əməkdaşlıq üçün geniş imkanlar yaradır.
Gələcək perspektivlərə nəzər saldıqda, Azərbaycan ilə Çexiya arasında münasibətlərin daha da genişlənməsi üçün böyük potensial mövcuddur. Xüsusilə qeyri-neft sektorunda əməkdaşlığın artırılması, alternativ enerji mənbələrinin inkişafı, rəqəmsal iqtisadiyyat və innovasiya sahələrində birgə layihələrin həyata keçirilməsi prioritet istiqamətlər kimi çıxış edir. Eyni zamanda, nəqliyyat-logistika sahəsində, xüsusilə Orta Dəhliz çərçivəsində əməkdaşlığın inkişafı Çexiya üçün yeni imkanlar yarada bilər.
Hazırda Azərbaycan Respublikası ilə Çexiya Respublikası arasında siyasi-iqtisadi münasibətlər sabit və inkişaf edən xarakter daşıyır. Qarşılıqlı maraqlara əsaslanan bu əməkdaşlıq gələcəkdə daha da dərinləşərək həm regional, həm də beynəlxalq səviyyədə mühüm əhəmiyyət kəsb edəcəkdir.
Vüqar Usubov,
Salyan rayon Marışlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə