Azərbaycan-Ukrayna münasibətlərinin ana xəttini ölkələrin suverenliyi və ərazi bütövlüyünə verilən qarşılıqlı dəstək təşkil edir
Azərbaycan və Ukrayna arasındakı münasibətlər hər zaman qarşılıqlı hörmət, etimad və bir-birinin milli maraqlarına dəstək prinsipləri üzərində qurulub. Aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəmizə növbəti səfəri və Prezident İlham Əliyevlə apardığı danışıqlar bu əlaqələrin yalnız diplomatik xarakter daşımadığını, həm də dərin strateji köklərə malik olduğunu bir daha sübut etdi. Bu baxımdan aprelin 25-də Qəbələdə keçirilən təkbətək və geniş tərkibdə görüş ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi üçün mühüm və geniş imkan yaratdı. Prezident İlham Əliyevin mətbuata bəyanatında qeyd etdiyi kimi, son dörd il ərzində dövlət başçıları səviyyəsində yeddi görüşün keçirilməsi ikitərəfli əlaqələrin nə qədər dinamik və intensiv inkişaf etdiyinin bariz göstəricisidir. Bu dialoqların təməli hələ 2019-cu ildə Prezident Zelenskinin Bakıya ilk səfəri və dövlət başçımızın 2022-ci ilin yanvarında Kiyevə etdiyi tarixi səfər zamanı qoyulmuşdur.
Ölkə rəhbərlərinin şəxsi münasibətlərinin yüksək səviyyədə olması dövlətlərarası əməkdaşlığa da öz müsbət təsirini göstərməkdədir. Azərbaycan-Ukrayna münasibətlərinin ana xəttini ölkələrin suverenliyi və ərazi bütövlüyünə verilən qarşılıqlı dəstək təşkil edir. Hələ 2008 və 2011-ci illərdə imzalanmış strateji tərəfdaşlıq sənədləri bu gün də öz aktuallığını qoruyur. Hər iki dövlət beynəlxalq platformalarda sərhədlərin toxunulmazlığı məsələsində vahid mövqedən çıxış edir. Bu prinsipial yanaşma beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyin nümunəsidir. Keçən il Bakıda keçirilən Xarici İşlər Nazirliklərinin məsləhətləşmələri və Hökumətlərarası Komissiyanın iclasları bu istiqamətdə baş verən mühüm hadisələrdir.
Cənab Prezident İlham Əliyevin bəyanatında enerji sahəsinə xüsusi yer ayrılması da strateji məntiq daşıyır. SOCAR-ın Ukraynada uzun illərdir uğurla fəaliyyət göstərməsi yalnız iqtisadi iştirak deyil, eyni zamanda etibarlı tərəfdaşlıq nümunəsidir. Azərbaycan enerji təhlükəsizliyi məsələsində Ukrayna üçün mühüm tərəfdaş olaraq çıxış edir. Birgə investisiya layihələri, yeni təşəbbüslər və sərmayə qoyuluşu ilə bağlı aparılan müzakirələr göstərir ki, tərəflər münasibətləri yalnız qorumaq yox, genişləndirmək niyyətindədir.Ticarət dövriyyəsinin yarım milyard dolları keçməsi iqtisadi potensialın real göstəricisidir.
Səfər çərçivəsində tərəflər arasında hərbi-texniki əməkdaşlıq məsələləri də ətraflı şəkildə müzakirə olunmuşdur. Aparılan fikir mübadiləsi göstərir ki, bu istiqamətdə çox böyük perspektivlər mövcuddur. Hər iki ölkənin müdafiə sənayesi sahəsindəki potensialı və təcrübəsi gələcəkdə daha genişmiqyaslı layihələrin həyata keçirilməsinə və təhlükəsizlik sahəsində tərəfdaşlığın dərinləşməsinə imkan yaradır.
Bugünkü reallıq göstərir ki, Azərbaycan–Ukrayna münasibətləri uzunmüddətli siyasi etimada əsaslanır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu görüş Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə oldu. İki ölkə arasındakı münasibətlər yalnız bu günü deyil, həm də gələcəyi hədəfləyən, regionda sülh və sabitliyə xidmət edən bir tərəfdaşlıq modelidir. İnanırıq ki, əldə olunmuş razılaşmalar xalqlarımızın rifahı və dövlətlərimizin qüdrətlənməsi yolunda yeni üfüqlər açacaqdır.
İsgəndər İsgəndərov
Qax Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin baş həkimi