"Azərbaycan və Ukrayna çətin dövrlərdə bir-birinə dayaq ölkələrdir" - DEPUTAT
"Azərbaycan-Ukrayna münasibətləri illərlə formalaşmış siyasi iradənin və qarşılıqlı etimadın məntiqi nəticəsidir. Möhtərəm Cənab Prezident İlham Əliyevin Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycana səfəri zamanı səsləndirdiyi fikirlər sistemli və ardıcıl xarakter daşıyır. Son dörd il ərzində prezidentlər səviyyəsində yeddi görüşün baş tutması münasibətlərimizin yüksək səviyyədə inkişafının təzahürüdür.Azərbaycan və Ukrayna çətin dövrlərdə bir-birinə dayaq ölkələrdir".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı danışıb.
O, açıqlaamsında qeyd edib ki, 2019-cu ildən başlanan şəxsi münasibətlərin bu gün də eyni dinamika ilə davam etməsi, liderlər arasında formalaşmış qarşılıqlı anlayışın göstəricisidir:
" Əməkdaşlığın əsasını təşkil edən strateji sənədlər münasibətlərin hüquqi və siyasi dayaqlarını möhkəmləndirir. 2008 və 2011-ci illərdə imzalanmış sənədlərdə ərazi bütövlüyü və suverenliyin qarşılıqlı dəstəklənməsi prinsipinin ifadə olunması bu gün də öz aktuallığını saxlayır.
Azərbaycan hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə söykənərək Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.
Münasibətlərimizdə enerji sahəsində əməkdaşlıq xüsusən diqqət çəkir. SOCAR-ın Ukraynada uzun illər uğurla fəaliyyət göstərməsi formalaşmış iqtisadi körpünün mövcudluğunu göstərir. Ticarət dövriyyəsinin yarım milyard dolları keçməsi potensialın yalnız bir hissəsidir. Mövcud imkanları nəzərə aldıqda rəqəmlərin yaxın illərdə daha da artacağı gözləniləndir.
Hərbi-texniki əməkdaşlıqla bağlı səsləndirilən fikirlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan və Ukraynanın müdafiə sənayesi sahəsində əldə etdiyi təcrübə birgə istehsal və texnoloji əməkdaşlıq üçün geniş yollar açır. Sözügedən sahədə atılacaq addımlar regionda təhlükəsizlik sisteminin daha da möhkəmlənməsinə töhfə verəcək.
Adıçəkilən səfər və bəyanatlar Azərbaycan-Ukrayna münasibətlərinin qarşılıqlı hörmətə və əməkdaşlığa söykəndiyini önə çəkir. Azərbaycan prinsipial mövqeyini qoruyan, dost ölkələrlə münasibətləri möhkəmləndirən ölkədir. Ukrayna ilə əlaqələrin inkişafı məhz adıçəkilən siyasətin davamıdır. Səfər iki ölkə arasındakı münasibətlərə heç şübhəsiz ki, yeni nəfəs qatacaqdır".