Günay Ağamalı: “Məktəblərdə psixoloji xidmətlərin rolu daha da gücləndirilməlidir”
Xəbər verdiyimiz kimi, Azərbaycanın bir neçə rayonunun məktəblərində yuxarı sinif şagirdləri arasında kütləvi yoxlamalara başlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları məktəblərdə şagirdlərin çantalarını və üzərilərində olan əşyaları yoxlayaraq qadağan olunmuş predmetlərin olub-olmamasını araşdırırlar. Bu isə sosial şəbəkələrdə müzakirələr yaradıb. Belə ki, çantaların yoxlanışından daha vacib məktəblərdə fəaliyyət göstərən psixoloqların vəzifə borclarının nəzarətə alınması olduğu bildirilir. Müzakirələrdə o da qeyd edilir ki, psixoloqlar uşaqlarla mütəmadi söhbət aparsalar, təhlükəli vəziyyətlərin qarşısı daha tez nəzarət altına alına bilər.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Günay Ağamalının sözlərinə görə, məktəblərdə yuxarı sinif şagirdlərinin çantalarının yoxlanılması ilə bağlı görülən tədbirlər ilk növbədə uşaqların təhlükəsizliyinin təmin olunması istiqamətində atılan addımlardandır.
G.Ağamalı bildirib ki, bu gün dünyanın yeni çağırışları fonunda gənc nəslin qorunması, onların zərərli təsirlərdən uzaq saxlanılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir: “Bu baxımdan məktəblərdə aparılan yoxlamalar preventiv xarakter daşıyır və mümkün risklərin qarşısının vaxtında alınmasına yönəlib. Hesab edirəm ki, hər bir valideyn üçün əsas məsələ övladının təhlükəsizliyidir. Müəyyən nəzarət tədbirləri uşaqların həyatını və sağlamlığını qorumağa xidmət edirsə, bu addımların məqsədi düzgün anlaşılmalıdır. Proseslər göstərir ki, məktəblərdə psixoloji xidmətin rolu daha da gücləndirilməlidir. Psixoloqlar şagirdlərin davranış və psixoloji vəziyyətinə nəzarət etməlidirlər. Bu sahədə mövcud boşluqların aradan qaldırılması, psixoloqların fəaliyyətinin daha effektiv təşkili dövlətin insan kapitalına yönəlmiş siyasətinin mühüm tərkib hissəsidir. Psixoloqların fəaliyyətinin qiymətləndirilməsi və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi də bu baxımdan vacibdir. Məqsəd sistemin daha sağlam və funksional olmasıdır. Uşağın formalaşmasında hər kəs öz məsuliyyətinin fərqində olmalıdır. Dövlət öz üzərinə düşən vəzifəni yerinə yetirərək təhlükəsizlik və nəzarət mexanizmlərini gücləndirir. Valideynlər və təhsil əməkdaşları sadalanan prosesdə aktivlik göstərməlidirlər. Görülən hər bir tədbir sağlam, təhlükəsiz və intizamlı cəmiyyətin formalaşmasına xidmət edir. Uşaqları qorumaq, düzgün istiqamətləndirmək və sağlam mənəviyyata sahib nəsil yetişdirmək sabahımıza işıq tutmaq deməkdir”.