Humanitar həmrəylikdən strateji tərəfdaşlığa: Azərbaycan–Ukrayna münasibətlərinin dərin məzmunu
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında əlaqələrin dayanıqlılığı təkcə siyasi və iqtisadi maraqlarla deyil, eyni zamanda humanitar dəyərlər, qarşılıqlı dəstək və xalqlar arasında formalaşan mənəvi bağlılıqla ölçülür. Bu baxımdan Azərbaycan ilə Ukrayna arasında münasibətlər xüsusi diqqət çəkir. İki ölkə arasında formalaşmış əməkdaşlıq modeli humanitar həmrəyliklə strateji tərəfdaşlığın üzvi vəhdətini əks etdirir.
Azərbaycan və Ukrayna xalqları arasında münasibətlər tarixi köklərə söykənməklə yanaşı, müasir dövrdə yeni məzmun və keyfiyyət qazanmışdır. Qarşılıqlı hörmət, dostluq və çətin anlarda bir-birinə dayaq olmaq ənənəsi bu münasibətlərin əsasını təşkil edir. Xüsusilə son illərdə baş verən hadisələr fonunda bu bağlılıq daha qabarıq şəkildə özünü göstərmiş, dövlətlərarası münasibətlər humanitar müstəvidə də güclü ifadə tapmışdır. Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri də bu münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini nümayiş etdirən mühüm siyasi hadisə kimi dəyərləndirilir. Səfər çərçivəsində aparılan müzakirələr Azərbaycan–Ukrayna əlaqələrinin yalnız diplomatik deyil, həm də humanitar və strateji müstəvidə yeni mərhələyə qədəm qoyduğunu göstərmişdir.
Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyev çıxışında vurğulamışdır ki, iki ölkə arasında münasibətlər yalnız siyasi və iqtisadi əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda humanitar sahədə də uğurla inkişaf edir. Dövlət başçısı qeyd etmişdir ki, Azərbaycan hər zaman dost və tərəfdaş ölkələrə, xüsusilə çətin dövrlər yaşayan xalqlara dəstək göstərməyi özünün prinsipial mövqeyi kimi qəbul edir və Ukrayna ilə əməkdaşlıq bu siyasətin bariz nümunəsidir.
Daha sonra Ukrayna Prezidenti Volodimir Zelenski çıxışında Azərbaycanın çətin günlərdə nümayiş etdirdiyi həmrəyliyi və göstərdiyi sistemli dəstəyi yüksək qiymətləndirərək demişdir ki, Ukrayna ağır bir dövrdə Azərbaycandan 11 humanitar yardım paketi almışdır. O, bu dəstəyə görə Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə dərin təşəkkürünü ifadə etmiş, xüsusilə müharibədən zərər çəkmiş uşaqlara göstərilən qayğını xüsusi vurğulamışdır. Prezident Zelenski qeyd etmişdir ki, cəbhəyanı bölgələrdən gəlmiş və müharibənin ağır nəticələri ilə üzləşmiş uşaqlara göstərilən diqqət humanitar siyasətin ən ali nümunəsidir. Onun sözlərinə görə, beş yüzdən artıq ukraynalı uşaq Azərbaycanda reabilitasiya proqramlarına cəlb olunmuşdur ki, bu da xalqlar arasında dostluğun və səmimi münasibətlərin göstəricisidir.
Bu səmimi minnətdarlıq ifadələri Azərbaycanın beynəlxalq müstəvidə həyata keçirdiyi humanitar siyasətin ardıcıl və prinsipial xarakter daşıdığını bir daha təsdiqləyir. Azərbaycan yalnız siyasi bəyanatlarla deyil, konkret addımlarla da tərəfdaş ölkələrə dəstəyini nümayiş etdirir. Xüsusilə uşaqların reabilitasiyası və sosial dəstək proqramları bu siyasətin əsas istiqamətlərindən biridir.
Eyni zamanda, Azərbaycanın Ukraynaya göstərdiyi dəstək təkcə humanitar və diplomatik müstəvidə deyil, həm də həyati əhəmiyyət kəsb edən enerji infrastrukturunun bərpası istiqamətində özünü qabarıq şəkildə büruzə verir. Müharibənin yaratdığı dağıntılar nəticəsində sosial obyektlərin fəaliyyətinin məhdudlaşdığı bir şəraitdə rəsmi Bakı tərəfindən göndərilən generatorlar və digər texniki avadanlıqlar mühüm rol oynayır. Bu addımlar xəstəxana, məktəb və körpələr evi kimi vacib obyektlərin fasiləsiz fəaliyyətini təmin etməyə xidmət edir və minlərlə insanın gündəlik həyat şəraitinin qorunmasına töhfə verir.
Humanitar əməkdaşlıqla yanaşı, Azərbaycan–Ukrayna münasibətlərində strateji istiqamətlər də mühüm yer tutur. Bu baxımdan energetika sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. SOCAR-ın Ukraynada uzun illərdir uğurla fəaliyyət göstərməsi iki ölkə arasında iqtisadi əlaqələrin dayanıqlı əsaslar üzərində qurulduğunu göstərir. Bu fəaliyyət yalnız enerji sektorunu əhatə etmir, eyni zamanda qarşılıqlı etimadın və strateji tərəfdaşlığın güclənməsinə xidmət edir.
Mətbuata verilən bəyanatlarda qeyd edildiyi kimi, energetika sahəsində əldə edilmiş nailiyyətlərlə yanaşı, gələcək üçün geniş perspektivlər də mövcuddur. Birgə layihələr, sərmayə qoyuluşu və yeni təşəbbüslər bu əməkdaşlığın daha da dərinləşdirilməsinə imkan yaradır. Bu isə Azərbaycan–Ukrayna münasibətlərinin uzunmüddətli və strateji xarakter daşıdığını bir daha təsdiqləyir.
İki ölkə arasında iqtisadi əməkdaşlığın mühüm göstəricilərindən biri olan ticarət dövriyyəsinin yarım milyard dolları ötməsi əlaqələrin dinamik inkişafını nümayiş etdirir. Mövcud potensial isə bu göstəricinin yaxın illərdə daha da artacağına əsas verir. Bu artım həm iqtisadi, həm də humanitar sahələrdə yeni imkanların yaranmasına şərait yaradır.
Bir sözlə, Azərbaycan–Ukrayna münasibətləri humanitar həmrəylik, qarşılıqlı dəstək və strateji tərəfdaşlıq prinsipləri üzərində formalaşmış nümunəvi modeldir. Bu münasibətlər zaman keçdikcə daha da dərinləşir və yeni məzmunla zənginləşərək iki xalq arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə xidmət edir.
Yeganə Cəfərova,
Salyan Rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin direktor əvəzi, YAP fəalı