Azərbaycan–Ukrayna münasibətləri: möhkəm siyasi təməl, prinsipial mövqe və strateji həmrəylik
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ukrayna Prezidenti Volodimir Zelenskinin aprelin 25-də Bakıda keçirilən görüşü və mətbuata verdikləri bəyanatlar iki ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini bir daha təsdiqlədi. Səsləndirilən fikirlər göstərdi ki, Azərbaycan–Ukrayna əlaqələri təsadüfi və situativ deyil, uzun illər ərzində formalaşmış möhkəm siyasi təməl üzərində qurulmuş strateji tərəfdaşlıq modelidir.
Dövlət başçısı İlham Əliyev bəyanatında xüsusi olaraq vurğuladı ki, Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın çox güclü siyasi təməli vardır. Bu münasibətlərin əsasını təşkil edən mühüm sənədlər – 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda imzalanmış strateji tərəfdaşlığa dair razılaşmalar iki ölkə arasında əlaqələrin hüquqi bazasını möhkəmləndirmişdir. Həmin sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına hörmət prinsipləri aydın şəkildə əksini tapmışdır. Bu isə onu göstərir ki, Azərbaycan–Ukrayna münasibətləri beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanır və bu prinsiplər dəyişməz xarakter daşıyır.
Prezident İlham Əliyev həmçinin qeyd etdi ki, Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda daim bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və bundan sonra da bu mövqe qorunub saxlanılacaqdır. Bu qarşılıqlı dəstək təkcə iki ölkə arasında münasibətlərin səviyyəsini deyil, eyni zamanda onların beynəlxalq münasibətlər sistemində ədalətə, hüquqa və prinsiplərə sadiqliyini nümayiş etdirir. Müasir geosiyasi şəraitdə bu cür prinsipial yanaşma xüsusi əhəmiyyət kəsb edir və dövlətlər arasında etimad mühitinin formalaşmasında mühüm rol oynayır.
Bəyanatda iki ölkə liderləri arasında formalaşmış şəxsi münasibətlərin və müntəzəm təmasların da əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi diqqətə çatdırıldı. Qeyd olundu ki, son dörd il ərzində bu, liderlər arasında artıq yeddinci görüşdür. Bu fakt özlüyündə göstərir ki, Azərbaycan və Ukrayna arasında siyasi dialoq davamlı xarakter daşıyır və yüksək səviyyədə qarşılıqlı əlaqələr qorunur. Prezident İlham Əliyev Ukrayna Prezidentinin 2019-cu ildə Azərbaycana ilk səfərini xatırladaraq bildirdi ki, həmin səfər iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasına təkan vermişdir.
Dövlət başçısı eyni zamanda 2022-ci ilin yanvar ayında Kiyevə etdiyi səfəri də xüsusi qeyd edərək vurğuladı ki, həmin görüş zamanı aparılan fikir mübadiləsi və sonrakı dövrdə davam etdirilən təmaslar Azərbaycan–Ukrayna əlaqələrinin daha yüksək səviyyəyə qalxmasına şərait yaratmışdır. Bu, onu göstərir ki, iki ölkə arasında münasibətlər təkcə rəsmi çərçivə ilə məhdudlaşmır, eyni zamanda liderlər arasında formalaşmış qarşılıqlı anlaşma və etimad mühiti ilə də möhkəmlənir.
Bəyanatda diqqət çəkən məqamlardan biri də ikitərəfli əməkdaşlığın institusional əsaslarının davamlı şəkildə inkişaf etdirilməsi ilə bağlı oldu. Qeyd edildi ki, ötən il Bakıda Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr keçirilmiş, həmçinin Hökumətlərarası Komissiyanın iclası baş tutmuşdur. Bu tədbirlər iki ölkə arasında əməkdaşlığın sistemli və planlı şəkildə inkişaf etdirildiyini göstərir. Eyni zamanda, hazırkı görüş zamanı bu prosesin davamı olaraq növbəti iclasların Ukraynada keçirilməsi ilə bağlı fikir mübadiləsinin aparılması tərəflərin qarşılıqlı iradəsinin göstəricisidir.
Bu məqam bir daha təsdiqləyir ki, Azərbaycan–Ukrayna münasibətləri yalnız siyasi bəyanatlarla məhdudlaşmır, konkret mexanizmlər və əməkdaşlıq platformaları vasitəsilə real məzmun kəsb edir. Müntəzəm məsləhətləşmələr və komissiya iclasları vasitəsilə tərəflər müxtəlif sahələr üzrə əlaqələri koordinasiya edir, yeni əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir və mövcud layihələrin icrasını sürətləndirirlər.
Ümumilikdə, mətbuata verilən bəyanat bir daha göstərdi ki, Azərbaycan və Ukrayna arasında münasibətlər qarşılıqlı hörmət, etimad və prinsipial mövqe üzərində qurulmuşdur. Ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı kimi fundamental prinsiplərin hər iki ölkə tərəfindən birmənalı şəkildə dəstəklənməsi bu tərəfdaşlığın əsas sütunlarını təşkil edir. Bu isə yalnız ikitərəfli münasibətlərin inkişafına deyil, eyni zamanda regionda və beynəlxalq müstəvidə sabitliyin möhkəmlənməsinə xidmət edən mühüm amil kimi çıxış edir.
Azərbaycan–Ukrayna əməkdaşlığı bu gün təkcə siyasi münasibətlər sistemi deyil, həm də ortaq dəyərlərə, beynəlxalq hüquqa və qarşılıqlı dəstəyə əsaslanan strateji tərəfdaşlıq nümunəsi kimi çıxış edir. Prezidentlərin bəyanatları isə bu münasibətlərin gələcəkdə də yüksələn xətlə inkişaf edəcəyinə və daha da dərinləşəcəyinə əminlik yaradır.
Rahib Kərimov,
Salyan rayon Yolüstü kənd tam orta ümumtəhsil məktəbin direktoru, YAP fəalı