Azərbaycan və Ukrayna münasibətləri sadəcə iqtisadi tərəfdaşlıq deyil, həm də strateji tərəfdaşlıq xarakteri daşıyır
25 aprel 2026-cı il tarixində Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana rəsmi səfəri və Qəbələdə Prezident İlham Əliyevlə keçirdiyi görüş, iki ölkə arasındakı münasibətlərdə yeni bir səhifə açdı. Regional təhlükəsizlik və iqtisadi əməkdaşlığın diqqət mərkəzində olduğu bu görüş, həm də beynəlxalq hüququn müdafiəsi baxımından mühüm mesajlarla yadda qaldı.
Əvvəlki illədən bu günə kimi iki ölkə arasında siyasi əlaqələr ardıcıl şəkildə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan və Ukrayna beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. Bu təşkilatlar sırasında Birləşmiş Millətlər Təşkilatı, ATƏT və GUAM xüsusi yer tutur.
Azərbaycan və Ukrayna prezidentləri arasında təmasların müntəzəm xarakter daşıması münasibətlərin yüksək səviyyədə olduğunu göstərir. Son dörd il ərzində yeddi görüşün keçirilməsi, o cümlədən beynəlxalq platformalarda davamlı dialoq, siyasi münasibətlərin formal çərçivədən kənara çıxaraq real əməkdaşlıq mexanizmlərinə söykəndiyini təsdiqləyir. Bu dinamika şəxsi münasibətlərin də dövlətlərarası əlaqələrə müsbət təsir etdiyini göstərir və liderlər arasında formalaşmış qarşılıqlı etimad mühüm amil kimi çıxış edir.
Azərbaycan-Ukrayna münasibətlərinin əsas sütunlarından biri güclü hüquqi-siyasi baza üzərində qurulmasıdır. 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda imzalanmış strateji tərəfdaşlıq sənədləri bu əlaqələrin institusional çərçivəsini formalaşdırıb. Həmin sənədlərdə qarşılıqlı olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının dəstəklənməsi kimi fundamental prinsiplərin təsbit olunması xüsusilə diqqət çəkir. Bu yanaşma, həm də hər iki ölkənin beynəlxalq hüquqa əsaslanan mövqeyinin uzlaşdığını və qlobal platformalarda bir-birinə verdiyi siyasi dəstəyin davamlı xarakter daşıdığını nümayiş etdirir.
Qəbələdə keçirilən mətbuat konfransında ölkə başçısı qeyd edib ki, bir çox istiqamətlər üzrə bu gün biz uğurla əməkdaşlıq edirik. Bu əməkdaşlıq bu gün bir daha təsdiqləndi. Bu gün müzakirə edilən məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində də əməkdaşlığı qeyd edən dövlətimizin başçısı deyib: “Burada həm əldə edilmiş nailiyyətlər var, - SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, - eyni zamanda, çox gözəl perspektivlər var, birgə layihələr var”.
İki ölkə başçısının görüşü zamanı hərbi-texniki əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı və burada da çox böyük perspektivlər var. “Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla, ümumiyyətlə, sənaye sahəsində birgə istehsal ilə bağlı çox gözəl imkanlar var”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Prezident İlham Əliyev mətbuata bəyanatında bir daha vurğuladı ki, Azərbaycan və Ukrayna beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində bir-birinin suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir. Bu mövqe təkcə ikitərəfli bəyanat deyil, həm də BMT və digər beynəlxalq platformalarda sərgilənən prinsipial yanaşmadır.
Prezident cənab İlham Əliyevin bəyanatı göstərir ki, Azərbaycan-Ukrayna münasibətləri çoxşaxəli və dinamik inkişaf mərhələsindədir. Qarşılıqlı hörmətə və milli maraqların uzlaşdırılmasına əsaslanan bu əməkdaşlıq modeli həm regional, həm də beynəlxalq kontekstdə əhəmiyyətli rol oynayır. Mövcud siyasi iradə və institusional baza nəzərə alındıqda, bu əlaqələrin gələcəkdə daha da dərinləşəcəyi və yeni strateji məzmun qazanacağı şübhə doğurmur. Bu səfər və onun nəticələri bir daha təsdiq edir ki, Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq yalnız mövcud reallıqların deyil, həm də gələcək əməkdaşlıq perspektivlərinin formalaşdırılmasında mühüm amil kimi çıxış edir.
Hazırkı mərhələdə Azərbaycan və Ukrayna arasında münasibətlər daha da dərinləşməkdədir. Regional təhlükəsizlik məsələləri, enerji marşrutlarının genişləndirilməsi və yeni iqtisadi layihələr əməkdaşlığın əsas istiqamətləri olaraq qalır. Xüsusilə dəyişən geosiyasi şərait fonunda bu iki ölkənin bir-birinə olan ehtiyacı artır. Qarşılıqlı dəstək, strateji tərəfdaşlıq və ortaq maraqlar gələcək əməkdaşlığın əsasını təşkil edir.
Qəbələ bəyanatları göstərir ki, Azərbaycan və Ukrayna münasibətləri sadəcə iqtisadi tərəfdaşlıq deyil, həm də strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu görüş regionda sabitliyin təmin olunması və dövlətlərin suveren hüquqlarının müdafiəsi yolunda atılmış mühüm addımdır.
Rasim Abıyev,
Salyan rayon Parça Xələc kənd inzibati ərazi dairəsi üzrə nümayəndə