Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı Azərbaycan dövlətçiliyinin yaddaşa, tarixə və ədalətə verdiyi dəyərin parlaq ifadəsidir
Prezident İlham Əliyevin Xocalı faciəsinin 34-cü ildönümündə məhz Xocalıda olması və memorial abidə kompleksinin açılışını bu tarixə təsadüf etdirməsi dərin siyasi, mənəvi və tarixi məna daşıyan çoxqatlı bir hadisədir. Bu addım təkcə anım mərasimi deyil, həm də dövlətin, xalqın və tarixin qarşısında verilən strateji və mənəvi mesajdır.
Xocalı memorial kompleksinin açılışı və Prezident İlham Əliyevin burada etdiyi çıxış müasir Azərbaycan tarixində mühüm siyasi və mənəvi hadisə kimi yadda qalacaq. Bu çıxış yalnız keçmişin xatırlanması deyil, həm də gələcəyin siyasi və ideoloji istiqamətlərinin bəyanı idi.
Xocalı faciəsi Azərbaycan xalqı üçün təkcə keçmişin ağrısı deyil, həm də gələcəyin məsuliyyətidir. Cənab Prezident İlham Əliyevin çıxışı bu məsuliyyətin dövlət səviyyəsində necə dərk edildiyini və hansı ardıcıl siyasi xətt üzərində qurulduğunu aydın şəkildə ortaya qoydu. Çıxışda səsləndirilən fikirlər bir daha bütün dünyaya açıq mesaj olaraq təqdim olundu: Xocalıda baş verənlər sıradan müharibə faciəsi deyil, məqsədli şəkildə həyata keçirilmiş etnik nifrət aktıdır. Günahsız insanların qətlə yetirilməsi, ailələrin məhv edilməsi, uşaqların və qadınların amansızcasına öldürülməsi XX əsrin ən ağır cinayətlərindən biri kimi tarixdə qalacaq. Azərbaycan cəmiyyəti bu vəhşiliyi törədənləri qətiyyətlə pisləyir və bu cinayətin arxasında dayanan Ermənistan dövlətinin məsuliyyətdən yayınmaq cəhdlərini rədd edir. Xocalı həqiqətləri nə qədər ört-basdır edilməyə çalışılsa da, zaman və faktlar həmişə ədalətin tərəfində olub.
Cənab Prezident çıxışında bir məqama toxundu ki, bu, mərasimin ən duyğulu anlarından biri idi. Memorialın layihəsi illər əvvəl hazır idi. Onu Bakıda da tikmək olardı. Lakin bir hiss, bir inam buna imkan verməmişdi. O inam bu idi: gün gələcək, memorial Xocalının özündə ucalacaq. Və o gün gəldi. Bu fakt təkcə tikinti qərarı deyil. Bu, siyasi iradənin, səbirli strategiyanın və sarsılmaz əqidənin nəticəsidir. Cənab Prezident açıq mesaj verdi: bu gün dövlət güclüdür. Heç kim bu torpaqda təxribat haqqında düşünməsin. Amma bu güc təkcə hərbi güc deyil. Bu, həm də mənəvi gücdür. Çünki Azərbaycan Ordusu müharibəni müharibə qaydaları ilə apardığını bəyan etdi və buna əməl etdi. Mülki əhaliyə qarşı savaşmadı. Qisas döyüş meydanında alındı. Bu fərq xalqın mənəvi üstünlüyünü daha da möhkəmləndirdi. Memorial Kompleksin açılışında Xocalı sakinləri də iştirak edirdi. Onların gözlərində həm kədər, həm də qürur vardı. Onlar yaxınlarını itirdilər, yurdlarını itirdilər, amma inamlarını itirmədilər. Cənab Prezidentin sözləri ilə desək, bu memorial silinməz yaddaşın təcəssümüdür. Bu abidə keçmişi unutmağa qoymayacaq, gələcək nəsillərə həqiqəti danışacaq, dövlətə və orduya inamın rəmzi olacaq.
Xocalı Soyqırımı Memorialının məhz faciənin ildönümündə açılması göstərdi ki, Xocalı faciəsi nə unudulur, nə də zamanın axarında kölgədə qalır. Bütün bunlar sübut edir ki, tarixi həqiqətlər qorunur, gələcək nəsillərə ötürülür və ədalət anlayışı Azərbaycanın dövlət siyasətində prioritet olaraq qalır. Xocalı qurbanlarının ruhuna ən böyük ehtiram onların torpağında Azərbaycan bayrağının dalğalanması və həmin torpaqda memorial kompleksin ucaldılmasıdır
Prezident İlham Əliyevin Xocalı memorial kompleksinin açılışındakı çıxışı post-münaqişə dövrünün ideoloji manifestlərindən biridir. Bu çıxış,
tarixi yaddaşın dövlət siyasətinin əsas elementi olduğunu təsdiqlədi,
Azərbaycanın qələbə həqiqətini daha da möhkəmləndirdi, azad olunmuş ərazilərdə dövlət suverenliyinin tam bərqərar olduğunu nümayiş etdirdi,
gələcək inkişaf və bərpa siyasətinin ideoloji əsaslarını müəyyən etdi.
Xocalı artıq yalnız faciə simvolu deyil. Xocalı həm də qələbənin, ədalətin və milli dirçəlişin simvoluna çevrilib. Prezidentin bu gün məhz həmin torpaqda olması isə tarix qarşısında verilmiş və yerinə yetirilmiş bir vədin təntənəsi kimi qiymətləndirilməlidir".
Bir zamanlar Xocalı adı yalnız ağrı ilə çəkilirdi. Bu gün isə o ad həm də Qələbənin ünvanıdır. Azad edilmiş torpaqda ucalan memorial ədalətin gec də olsa təntənə etdiyini göstərir. Xocalı artıq təkcə matəm günü deyil. O, milli dirçəlişin, sarsılmaz ruhun və dövlət iradəsinin simvoludur. Gec də olsa tarix yazıldı. Yaddaş qorundu. Ədalət təmin olundu. Xocalıda ucalan abidə bu həqiqətin daşlaşmış ifadəsidir.
Cəmilə Rəhimova,
“Salyan Rayon Mərkəzi Xəstəxanası”” PHŞ Təcili və Təxirəsalınmaz Tibbi yardım şöbəsinin həkimi