“Xocalı: Unudulmayan faciə, bərpa olunan ədalət”
Xocalı faciəsi Azərbaycan xalqının tarixində ən ağır və faciəli səhifələrdən biridir. Bu hadisə təkcə 1992-ci ilin fevralında törədilmiş kütləvi qətliam deyil, eyni zamanda iki yüz ildən artıq müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin davamı idi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir”. Bu fikir Xocalının mahiyyətini və tarixi kontekstini tam şəkildə ifadə edir.
Dövlət başçısı dəfələrlə vurğulamışdır ki, Xocalı Azərbaycan xalqının milli yaddaşında xüsusi yer tutur. Onun sözləri ilə desək, “Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik”. Həqiqətən də, 2020-ci ildə qazanılmış Şanlı Zəfər və sonrakı antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunması Xocalının azadlığı ilə məntiqi yekununa çatdı. “Xocalıya ədalət!” çağırışı illərlə davam edən siyasi-diplomatik mübarizənin şüarı olmuşdursa, 44 günlük Vətən müharibəsində və 2023-cü ildə həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərində bu ədalət real nəticə ilə təmin olundu.
Xocalının azad edilməsindən sonra Prezident İlham Əliyevin bu torpaqlara ardıcıl və məqsədyönlü səfərləri rayonun dirçəldilməsi prosesinin sistemli xarakter daşıdığını nümayiş etdirir. 2023-cü ilin iyul ayında dövlət başçısı Xocalı rayonunun Çanaqçı və Sığnaq kəndlərinə səfər edərək işğaldan azad edilmiş ərazilərdə mövcud vəziyyətlə tanış oldu, bərpa və yenidənqurma işlərinin istiqamətlərini müəyyənləşdirdi. Həmin ilin oktyabr ayında isə Xocalı şəhərində və Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması mərasimi keçirildi. Prezident Əsgəran qalasına baxış keçirərək bu tarixi abidənin qorunması və gələcək istifadəsi ilə bağlı tapşırıqlar verdi. Bu səfər Xocalının və bütövlükdə Qarabağın üzərində dövlət suverenliyinin rəmzi təsdiqi idi.
2023-cü ilin dekabrında Prezident İlham Əliyev Xocalı rayonunun Şuşakənd, Dağdağan, Naxçıvanlı, Pircamal, Xanabad və Pirlər kəndlərinə baxış keçirdi. Bu səfər çərçivəsində kəndlərin bərpası, infrastrukturun qurulması, kommunikasiya xətlərinin çəkilməsi və gələcək məskunlaşma planları müzakirə olundu. 2024-cü ilin fevralında – Xocalı soyqırımının ildönümündə – dövlət başçısı Xocalıda Soyqırımı Memorialının təməlqoyma mərasimində iştirak etdi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirdi. Həmin gün soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edildi və bu memorialın gələcək nəsillər üçün tarixi yaddaş məkanı olacağı bildirildi.
2024-cü ilin may ayında Prezident Xocalı şəhərində təmir və yenidənqurmadan sonra istifadəyə verilən çoxmənzilli yaşayış binalarında yaradılmış şəraitlə tanış oldu və doğma torpaqlarına qayıdan sakinlərlə görüşdü. Bu, Böyük Qayıdış proqramının real nəticələrinin göstəricisi idi. Həmin ilin iyulunda Xocalı hava limanına baxış keçirilməsi rayonun strateji-logistika imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdı.
2025-ci ildə də Xocalıya səfərlər intensiv şəkildə davam etdi. Fevral ayında Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanışlıq, Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərə baxış və sakinlərlə görüş rayonun həm tarixi-mədəni, həm də sosial baxımdan dirçəldiyini göstərdi. May ayında “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı, həmçinin Xanabad kəndində heyvandarlıq kompleksinin istifadəyə verilməsi rayonun enerji və kənd təsərrüfatı potensialının inkişafına xidmət edən mühüm addımlar oldu. İyul ayında Təzəbinə kəndində görülən işlərlə tanışlıq, kərpic zavodunun açılışı və Xanyurdu kəndində sakinlərlə görüş Xocalıda sənaye və istehsal sahələrinin də formalaşdırıldığını nümayiş etdirdi. Sentyabr ayında Şuşakənd, Seyidbəyli, Daşbulaq və Badara kəndlərinə baxış və sakinlərlə keçirilən görüşlər kompleks bərpa prosesinin ardıcıl şəkildə həyata keçirildiyini təsdiqlədi. Dekabr ayında isə Ballıca kəndində istehsal müəssisəsinin açılışı Xocalının artıq iqtisadi fəaliyyət mərkəzinə çevrilməkdə olduğunu göstərdi.
Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı təkcə hərbi-siyasi baxımdan azad edilməmiş, həm də sosial, iqtisadi və infrastruktur baxımından yenidən qurularaq dirçəldilmişdir. Bu gün Xocalı faciənin deyil, ədalətin bərpasının, dövlət iradəsinin və milli qürurun rəmzinə çevrilmişdir. Azad Xocalıda dalğalanan üçrəngli bayrağımız, qurulan yeni yaşayış məntəqələri və doğma yurdlarına qayıdan insanlar Azərbaycanın tarixi ədaləti təmin etdiyini bütün dünyaya nümayiş etdirir.
Əli Nəcəfov,
Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbin direktor müavini, YAP fəalı