Xocalı soyqırımı – bəşəriyyətə qarşı törədilmiş cinayət və beynəlxalq ədalət mübarizəsi
1992-ci il fevralın 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilən kütləvi qırğın XX əsrin ən dəhşətli faciələrindən biri kimi tarixə həkk olunmuşdur. Həmin gecə yüzlərlə dinc sakin – qadınlar, uşaqlar, qocalar xüsusi amansızlıqla qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmış, şəhər tamamilə dağıdılmışdır. Xocalı soyqırımı təkcə bir şəhərin faciəsi deyil, bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş etnik təmizləmə və soyqırımı siyasətinin bariz nümunəsi idi. Bu hadisə öz qəddarlığı və qeyri-insani üsulları ilə insanlıq tarixində qara səhifə kimi qalır.
Ulu Öndər Heydər Əliyev Xocalı faciəsinə ilk dəfə dolğun siyasi-hüquqi qiymət verən dövlət xadimi olmuşdur. Onun qətiyyətli mövqeyi nəticəsində 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi Xocalı hadisələrini soyqırımı kimi tanıyan qərar qəbul etmişdir. Bu sənəd faciənin mahiyyətinin müəyyənləşdirilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm dönüş nöqtəsi idi. Ümummilli Lider Xocalı soyqırımının yalnız Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu xüsusi vurğulayaraq bildirirmişdir: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.”
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Xarici ölkələrə səfərləri zamanı, beynəlxalq təşkilatların tribunasından etdiyi çıxışlarda o, bu faciənin mahiyyətini dünya ictimaiyyətinin diqqətinə çatdırır, Ermənistanın işğalçılıq siyasətini ifşa edirdi. Beləliklə, Xocalı məsələsi beynəlxalq gündəmdə daim saxlanıldı və onun soyqırımı kimi tanınması istiqamətində sistemli fəaliyyətin əsası qoyuldu.
Sonrakı illərdə Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması istiqamətində mühüm addımlar atılmışdır. Müxtəlif ölkələrin parlamentləri və beynəlxalq qurumlar tərəfindən qəbul edilən qətnamələr və bəyanatlar bu faciəyə siyasi qiymətin verilməsi baxımından əhəmiyyətli olmuşdur. Bu istiqamətdə diaspor təşkilatları, qeyri-hökumət qurumları və ictimai təşəbbüslər fəal fəaliyyət göstərmişdir.
Xüsusilə 2008-ci ildən etibarən həyata keçirilən “Justice for Khojaly” beynəlxalq kampaniyası Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında mühüm platformaya çevrilmişdir. Kampaniya çərçivəsində dünyanın onlarla ölkəsində konfranslar, sərgilər, anım mərasimləri və məlumatlandırma aksiyaları keçirilmiş, geniş auditoriyaya faktlar və sübutlar təqdim edilmişdir. Eyni zamanda, “Justice for Khojaly” informasiya portalı Xocalı soyqırımı ilə bağlı sənədlərin, foto və video materialların, şahid ifadələrinin yayılmasında, erməni təbliğatının saxtalaşdırma cəhdlərinin ifşasında mühüm rol oynayır. Bu platforma Xocalı ilə bağlı həqiqətlərin sistemli və ardıcıl şəkildə beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edir.
Xocalı soyqırımının tanıdılması təkcə keçmişə münasibət deyil, həm də beynəlxalq hüququn aliliyinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu faciəyə hüquqi-siyasi qiymətin verilməsi gələcəkdə belə cinayətlərin təkrarlanmaması üçün də mühüm presedentdir. Azərbaycan dövləti bu istiqamətdə fəaliyyətini ardıcıl şəkildə davam etdirir, beynəlxalq platformalarda Xocalı məsələsini daim gündəmdə saxlayır.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə aparılan qətiyyətli siyasət, güclü ordu quruculuğu və milli həmrəylik nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edilmişdir. Xocalı şəhəri də işğaldan azad olunaraq öz həqiqi sahibinə qovuşmuşdur. Bu, təkcə hərbi qələbə deyil, həm də tarixi ədalətin bərpasıdır.
Bu gün azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı quruculuq və bərpa işləri Xocalının yeni həyat mərhələsinə qədəm qoyduğunu göstərir. Dağıdılmış şəhərlər yenidən qurulur, infrastruktur layihələri həyata keçirilir, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Bu proses Xocalı şəhidlərinin xatirəsinə ən böyük ehtiramın ifadəsidir.
Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında sağalmaz yara olsa da, eyni zamanda milli birliyin, mübarizə əzminin və ədalətə inamın simvoludur. Bu faciənin beynəlxalq aləmdə tanınması istiqamətində aparılan mübarizə davam edir və davam edəcəkdir. Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün daim fəaliyyət göstərməli, tarixi həqiqətləri faktlara əsaslanaraq beynəlxalq ictimaiyyətə təqdim etməliyik. Ermənilər hər il aprelin 24-də qondarma “erməni soyqırımı” iddialarını təbliğ etməyə çalışırlar. Lakin onların irəli sürdüyü iddialar heç bir mötəbər tarixi sübuta əsaslanmır, siyasi manipulyasiya xarakteri daşıyır. Əksinə, Xocalı soyqırımı real faktlara, beynəlxalq jurnalist araşdırmalarına, foto və video materiallara, sağ qalan şahidlərin ifadələrinə və rəsmi sənədlərə əsaslanan tarixi həqiqətdir.
44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbə və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuşdur. Bu proses yalnız hərbi-siyasi baxımdan deyil, həm də tarixi ədalətin bərpası baxımından mühüm əhəmiyyət daşıyır. Uzun illər cəzasız qaldıqlarını düşünən, dinc əhaliyə qarşı ağır cinayətlər törətmiş şəxslər artıq istintaqa cəlb olunmuş, məhkəmə qarşısına çıxarılmış və qanun qarşısında cavab verməyə başlamışlar. Bu, beynəlxalq hüququn və ədalət prinsipinin təntənəsidir.
Beləliklə, Xocalı şəhidlərinin ruhu qarşısında borcumuz yalnız onları anmaqla bitmir. Biz həm də həqiqətləri qorumaq, gələcək nəsillərə çatdırmaq və ədalətin tam bərqərar olması üçün mübarizəni davam etdirmək məsuliyyətini daşıyırıq. Xocalı faciəsi heç vaxt unudulmayacaq, şəhidlərimizin xatirəsi daim ehtiramla yad olunacaq və Azərbaycan xalqı tarixinin bu qanlı səhifəsini dünya yaddaşında yaşatmaqda qətiyyətli olacaqdır.
Lətif Zərbəliyev,
YAP Salyan rayon təşkilatının veteran üzvü