Azərbaycan böyük bərpaolunan enerji potensialına malik olan ölkədir.
8 yanvar 2026-cı il tarixində “Gülüstan” sarayında keçirilən “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılışı müstəqil Azərbaycanın möhkəmlənən iqtisadi iradəsinin, sabit diplomatik mövqeyinin və qlobal enerji sistemində artan rolunun rəsmi təsdiqi kimi dəyərləndirildi. Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilən 240 meqavat gücündə “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzunmüddətli dövlət strategiyasının real nəticəsi olaraq tarixə düşdü.
Bu layihə siyasi sabitliyin iqtisadi inkişafla vəhdətinin ən uğurlu nümunəsidir. 2022-ci ildə təməli qoyulan bu nəhəng müəssisənin qısa müddətdə ərsəyə gəlməsi Azərbaycanın icra gücünü və xalq-iqtidar birliyinin sarsılmazlığını göstərir. Biz, partiya funksionerləri olaraq, cənab Prezidentin bu uzaqgörən kursunu tam dəstəkləyirik. İnanırıq ki, 2030-cu ilə qədər hədəflənən bərpaolunan enerji potensialı, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə – Qarabağ və Şərqi Zəngəzurda ucaldılan yeni stansiyalar "Böyük Qayıdış"ın enerji sütunu olacaqdır.
Azərbaycan böyük bərpaolunan enerji potensialına malik olan ölkədir. Azərbaycan tarixən neft ölkəsi kimi tanınmasına baxmayaraq bu gün qaz və elektrik enerjisi ixracatçısı kimi də mövqeyini möhkəmləndirir. Ölkəmiz regionda yaşıl enerjiyə keçidə hədəflənən qabaqcıl yanaşmaların tətbiqi üzrə liderdir və iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə verir. Ölkəmizlə həm ənənəvi enerji, həm də bərpaolunan enerji sahəsində əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı artır. 2030-cu ilədək respublikamızın “yaşıl artım” ölkəsinə çevrilməsinin və təmiz ətraf mühitə nail olmağın sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirilməsi Azərbaycanın enerji sahəsində atdığı qlobal addımların tərkib hissəsidir. Bu gün ölkəmizin müxtəlif yerlərində bərpaolunan enerji növləri inkişaf edir. Növbəti böyük stansiyaların Biləsuvar, Neftçala, Naxçıvan və işğaldan azad edilmiş ərazilərdə açılışı nəzərdə tutulur. Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı beynəlxalq qiymətləndirməyə görə, 157 giqavat səviyyəsindədir. Yəni, növbəti illərdə artıq bu proses Azərbaycanda geniş vüsət alacaq. Son beş il ərzində yaşıl enerji zonası elan edilən Qarabağ və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyası inşa edilib. Bu gün onların ümumi potensialı 300 meqavatdan çoxdur. Azad edilmiş ərazilərin potensial su elektrik stansiyalarının xəritəsi tərtib edilib və həmin bölgədə təqribən 500-600 meqavat gücündə kiçik su elektrik stansiyalarının inşa edilməsi nəzərdə tutulur. Bərpaolunan enerji resurslarının texniki potensialı Qarabağ və Şərqi Zəngəzurda 10 QVt, Naxçıvanda isə 5 QVt həcmində qiymətləndirilir
Hazırda icra olunan birinci mərhələ üzrə təqribən 2 QVt, sonrakı 5 il və daha uzun dövrdə əlavə 6 QVt-dan çox bərpa olunan enerji güclərinin istifadəyə verilməsi nəzərdə tutulur. Birinci mərhələ üzrə yaradılacaq güclərin əsas təyinatı daxili istehlak, sonrakı mərhələ üzrə isə iqtisadi səmərəlilik meyarı əsas götürülməklə ixrac və ya data mərkəzlərin enerji təminatı olacaq. Reallıq budur ki, Azərbaycan qlobal və regional enerji təhlükəsizliyinin təminatında mühüm aktorlardan biri kimi xüsusən də bərpaolunan enerjinin inkişafı sahəsində davamlı layihələr həyata keçirir, regionda sülhü, sabitliyi və təhlükəsizliyi dəstəkləyir. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.
Prezident İlham Əliyevin “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılış mərasimindəki çıxışı Azərbaycanın enerji siyasətinin ardıcıl, milli maraqlara əsaslanan və qlobal trendlərlə uzlaşan xətt üzrə inkişaf etdiyini bir daha təsdiqlədi. Azərbaycan yaşıl enerjiyə keçidi yalnız niyyət və bəyanatlarla deyil, konkret layihələr və ölçülə bilən nəticələrlə reallaşdırır ki, bu da ölkəmizin dayanıqlı inkişaf strategiyasının uğurla icra olunduğunun ən aydın göstəricisidir.
“XızıAbşeron” stansiyasının açılışı ilə yanaşı, Azərbaycanda enerji transformasiyasının yeni mərhələsinə qədəm qoyulduğu açıqaydın görünür. Bu stansiya yalnız milli enerji balansını gücləndirmək ilə qalmır, həm də ölkənin yaşıl enerji hədəflərinə doğru yolunu sürətləndirir.
Ruslan Fətullayev,
Salyan Peşə liseyinin direktoru