Azərbaycan enerji siyasətində yeni mərhələyə qədəm qoyur.
Azərbaycan müasir dünyada enerji təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirdiyi uğurlu və uzaqgörən siyasət nəticəsində tarixi bir transformasiya yolu keçmişdir. Ölkəmiz qısa zaman kəsiyində enerji asılılığına tamamilə son verməklə yanaşı, bu sahədə qlobal miqyasda aparıcı və həlledici dövlətlərdən birinə çevrilmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın enerji siyasətinin yeni və ən müasir mərhələsi başlayıb. Bu mərhələnin əsas hədəfi karbohidrogen resursları ilə yanaşı, bərpaolunan enerji mənbələrindən maksimum yararlanmaqdır. 8 yanvar 2026-cı il tarixində Bakıda rəsmi açılış mərasimi keçirilən “Xızı-Abşeron” Külək Elektrik Stansiyası da Azərbaycanın “yaşıl enerji” strategiyasında yeni bir mərhələdir. Bu, eyni zamanda, Azərbaycanın enerji sistemində strateji əhəmiyyət kəsb edir. 40 MVt gücündə olan bu nəhəng layihə təkcə elektrik enerjisi istehsalı deyil, həm də ölkəmizə cəlb olunan 340 milyon ABŞ dolları həcmində birbaşa xarici investisiyanın, beynəlxalq etimadın bariz nümunəsidir. 2026-cı ilin ilk günlərində rəsmi açılışı reallaşan “Xızı-Abşeron” KES ölkəmizin bərpaolunan enerji potensialını yeni zirvəyə daşıyır.
Azərbaycanın bərpaolunan enerji potensialı yaxın illərdə əhəmiyyətli dərəcədə artacaq. Bu artım ölkənin enerji strategiyasında yeni mərhələnin başlanğıcıdır. Gələcək planlar məhz bu potensialın səmərəli idarə olunmasına hesablanıb. Artan bərpaolunan enerji həcmi onun saxlanmasını zəruri edir. Buna görə də müasir enerji infrastrukturunun yaradılması prioritetdir. Bu məqsədlə ölkəmizdə tarixdə ilk dəfə Batareya Enerji Saxlanc Sistemi qurulur. Bu, enerji sektorunda mühüm yenilik hesab olunur. Birinci layihə 250 meqavat gücündə nəzərdə tutulub. Layihə “AzərEnerji” tərəfindən öz vəsaiti hesabına icra edilir. Bu addım dövlət şirkətinin strateji məsuliyyətini göstərir. Lakin artan enerji potensialı daha çox belə sistemlərə ehtiyac yaradacaq. Gələcəkdə Batareya Enerji Saxlanc sistemlərinin sayı artırılacaq. Bu sahədə xarici investorların iştirakı da xüsusi əhəmiyyət kəsb edir. Xarici sərmayədarlar bu perspektivli sahəyə dəvət olunur. Generasiya gücləri ilə bağlı planlar da olduqca iddialıdır. İmzalanmış kontraktlar bunu aydın şəkildə göstərir. 2030-cu ilə qədər 6 giqavat gücündə külək və Günəş elektrik stansiyaları inşa ediləcək. 2032-ci ilə qədər isə bu göstərici 8 giqavata çatacaq. Bu, region üçün rekord göstəricidir. Bura su elektrik stansiyalarının potensialı da əlavə olunur. Su elektrik stansiyaları enerji balansında mühüm yer tutur. Bu potensialın əlavə olunması ümumi gücü daha da artırır. Son beş il ərzində Qarabağ və Şərqi Zəngəzurda böyük işlər görülüb. Həmin bölgələrdə dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyası inşa edilib. Bu stansiyalar artıq istismara verilib. Onların ümumi gücü 300 meqavatdan çoxdur. Azad edilmiş ərazilərin hidroenerji potensialı xüsusi araşdırılıb. Həmin bölgələr üçün su elektrik stansiyalarının xəritəsi tərtib edilib. Bu ərazilərdə təxminən 500–600 meqavat gücündə stansiyalar tikiləcək. Bu potensialın təqribən yarısı artıq reallaşdırılıb. Enerji layihələri mərhələli şəkildə icra olunur. Bütün ölkə vahid enerji şəbəkəsi ilə birləşdirilib. Azad edilmiş ərazilər də bu şəbəkəyə inteqrasiya olunub. Enerji axınının istənilən istiqamətdə ötürülməsi təmin edilib. Bu imkan enerji təhlükəsizliyini daha da gücləndirir. Azərbaycanın enerji sistemi çevik və dayanıqlı xarakter alır.
Hədəflərimiz arasında təmiz ekoloji mühitin qorunması prioritetdir və bu baxımdan bərpaolunan enerji sektorunun inkişafı həlledici rol oynayır. Digər mühüm məsələ isə böyük hədəflər kimi müəyyən etdiyimiz süni intellekt və data mərkəzlərinin yaradılması və onların dayanıqlı elektrik enerjisi ilə təmin edilməsində bərpaolunan enerji sektorunun əhəmiyyətli rol oynayacağıdır. Bərpaolunan enerji potensialımızın artması ixrac qabiliyyətimizi də yüksəldəcəkdir. Bu günə qədər əsasən neft, neft məhsulları və təbii qaz ixrac edirdiksə, gələcəkdə bərpaolunan enerjini də Avropa bazarlarına ixrac etmək imkanına malik olacağıq. Bu isə ölkəmizin iqtisadi müstəqilliyini möhkəmləndirməklə yanaşı, siyasi mövqelərimizin güclənməsinə də töhfə verəcəkdir.
“Xızı-Abşeron” KES sadəcə bir stansiya deyil, Azərbaycanın “Xəzər dənizi – Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin mühüm bir həlqəsidir. Bu generasiya gücləri gələcəkdə Qara dənizin dibi ilə çəkiləcək sualtı kabel vasitəsilə Avropa qitəsini təmiz enerji ilə təmin edəcək. Bu isə Azərbaycanın enerji müstəqilliyini sarsılmaz edir və dövlətimizi qlobal enerji keçidinin liderlərindən birinə çevirir. Biz artıq yalnız neftimizlə deyil, həm də küləyimiz və günəşimizlə dünyanın işıqlandırılmasına töhfə veririk..
Azərbaycan enerji siyasətində yeni mərhələyə qədəm qoyur. Bərpaolunan enerji layihələri ilə yanaşı, “Xızı-Abşeron” Külək Elektrik Stansiyası kimi müasir və səmərəli stansiyalar enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, enerji ixrac imkanlarının genişləndirilməsinə, ətraf mühitin mühafizəsinə və regionda iqtisadi əməkdaşlığın güclənməsinə xidmət edir. Bu mühüm layihə Azərbaycanın enerji tarixində qızıl hərflərlə yazılaraq, ölkənin qüdrətini və dövlətçilik iradəsini bir daha təsdiqləyir.
Namiq Quliyev,
Salyan rayon Elektrik şəbəkəsinin rəisi