Ölkəmizin gələcək inkişafına daha bir güclü töhfə
8 yanvar 2026-cı il tarixində Prezident İlham Əliyevin iştirakı ilə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılışı Azərbaycanın enerji siyasətində mühüm mərhələ kimi yadda qaldı. Bu hadisə ölkəmizin bərpa olunan enerji mənbələrinin inkişafına verdiyi strateji önəmin, eləcə də ekoloji dayanıqlığa və enerji təhlükəsizliyinə yönəlmiş ardıcıl siyasətin bariz nümunəsi oldu. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən bu layihə Azərbaycanın “yaşıl enerji” kursunun real nəticələr verdiyini nümayiş etdirməklə yanaşı, regionda müasir və innovativ enerji istehsalının genişlənməsinə yeni imkanlar açdı.
Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi və davamlı inkişafı son illərdə dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində ölkənin enerji infrastrukturu köklü şəkildə yenilənmiş, generasiya gücləri, iri yarımstansiyalar və ötürücü xətlər müasir standartlara uyğunlaşdırılmışdır. Son 20 il ərzində yaradılan yeni generasiya gücləri əvvəlki dövrlərlə müqayisədə təxminən üç dəfə artmış, ümumi generasiya gücü 10 min meqavata çataraq tarixi rekord səviyyəyə yüksəlmişdir. Eyni zamanda, qarşıdakı illərdə bərpa olunan enerji sahəsində nəzərdə tutulan çoxsaylı layihələr bu göstəricinin daha da artacağını deməyə əsas verir. Bu isə Azərbaycana həm artan daxili tələbatı etibarlı şəkildə təmin etmək, həm də elektrik enerjisi ixracını genişləndirmək imkanı yaradacaq.
Dövlət başçısı dəfələrlə vurğulamışdır ki, ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün ənənəvi və bərpa olunan enerji mənbələrinin paralel inkişafı xüsusi əhəmiyyət daşıyır. Bu yanaşmanın uğurlu nəticələri artıq özünü göstərir. Keçən il Mingəçevirdə istismara verilmiş, təxminən 2000 meqavat gücündə olan ənənəvi elektrik stansiyası Azərbaycanın enerji təminatını daha da gücləndirmişdir. Bununla yanaşı, bərpa olunan enerji sahəsində də mühüm addımlar atılmışdır. Bu yaxınlarda 230 meqavat gücündə Günəş Elektrik Stansiyası istifadəyə verilmiş, 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası isə fəaliyyətə başlamışdır. İşğaldan azad edilmiş ərazilərdə, xüsusilə Cəbrayıl rayonunda hazırda ümumi gücü 340 meqavat olan üç Günəş Elektrik Stansiyasının inşası davam edir.
Bütün bu layihələr Azərbaycanın enerji strategiyasının uzunmüddətli və balanslı xarakter daşıdığını, ölkəmizin həm enerji təhlükəsizliyini, həm də “yaşıl enerji” hədəflərini uğurla reallaşdırdığını aydın şəkildə nümayiş etdirir. həyata keçirilmiş və planlaşdırılan layihələr göstərir ki, Azərbaycanın bərpa olunan enerji sahəsində inkişaf strategiyası ardıcıl, sistemli və uzunmüddətli xarakter daşıyır. Artan külək, Günəş və su elektrik potensialının səmərəli istifadəsi üçün müasir enerji saxlanma infrastrukturunun yaradılması xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, ölkəmizdə ilk dəfə olaraq Batareya Enerji Saxlanc Sisteminin qurulması enerji təhlükəsizliyinin və dayanıqlığının təmin edilməsində mühüm addımdır. 250 meqavat gücündə ilk layihənin icrası ilə yanaşı, gələcəkdə bu sahədə xarici investorların da cəlb edilməsi Azərbaycanın açıq və çevik enerji siyasətinin göstəricisidir. 2030-2032-ci illəri əhatə edən dövrdə 8 giqavat gücündə külək və Günəş elektrik stansiyalarının inşası, eləcə də su elektrik stansiyalarının potensialının artırılması ölkənin ümumi generasiya imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcəkdir.
Qarabağ və Şərqi Zəngəzurda inşa edilən onlarla kiçik su elektrik stansiyası, eləcə də azad edilmiş ərazilərdə nəzərdə tutulan yeni layihələr Azərbaycanın enerji xəritəsini köklü şəkildə dəyişir. Vahid enerji şəbəkəsinin formalaşdırılması istehsal olunan enerjinin ölkə üzrə çevik və etibarlı paylanmasını təmin edir. Göründüyü kimi, Azərbaycan bərpa olunan enerji sahəsində regionun aparıcı ölkələrindən birinə çevrilməkdədir. Güclü generasiya imkanları, müasir enerji saxlanma sistemləri və inteqrasiya olunmuş şəbəkə infrastrukturu ölkəmizə həm daxili tələbatı tam ödəmək, həm də “yaşıl enerji”nin ixracı üçün geniş perspektivlər açır. Bu strategiya Azərbaycanın enerji təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, dayanıqlı iqtisadi inkişaf və ekoloji məsuliyyət baxımından da mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın həyata keçirdiyi “yaşıl enerji” siyasəti təkcə daxili enerji təhlükəsizliyini möhkəmləndirmir, eyni zamanda ölkəni regionun aparıcı bərpaolunan enerji mərkəzlərindən birinə çevirir.
Bərpaolunan enerji potensialının artması, mühüm infrastrukturun açılışı bir daha göstərdi ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizdə müasir, dayanıqlı və təhlükəsiz enerji infrastrukturu formalaşdırılır.
Anar Əhmədov,
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Salyan rayon üzrə nümayəndəsi