Ölkə başçısının müsahibəsində də davamlı inkişafın təmin olunmasında elm və təhsilin uzlaşdırılmış inkişafının müstəsna rolu xüsusi qeyd edilib.
Dövlətimizin başçısının yerli televiziya kanallarına müsahibəsi artıq ənənə halını alıb.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi proqram xarakterli müsahibə hər birimizi qürurlandırdı. Qalib Liderimizin beynəlxalq münasibətlər, xarici siyasət, strateji tərəfdaşlıqlar, sülh və təhlükəsizlik, iqtisadi inkişaf, xarici investisiyalar, enerji, nəqliyyat və logistika, sosial rifah, azad olunmuş ərazilərdə bərpa və quruculuq prosesləri, idarəetmə modeli, dilimizin qorunması, müasir texnologiyalar, elm, təhsil və kadr islahatları, mədəniyyət və turizmlə bağlı səsləndirdiyi konseptual fikirlər məhz Azərbaycanın yaratdığı yeni reallıqların və strateji vizyonun əsl mahiyyətini ortaya qoymuş oldu.
Prezident İlham Əliyevin xarici ölkələrə, onların liderlərinin Azərbaycana çoxsaylı səfərləri, Prezidentimizin beynəlxalq tədbirlərdə iştirakı, qlobal çağırışların yerinə yetirilməsində Azərbaycanın mövqeyinə xüsusi önəmin verilməsi və sair kimi məqamlar da xarici siyasətimizin uğurları sırasındadır. Ötən il Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü, Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü, Xankəndidə Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumu və sair kimi beynəlxalq tədbirlər keçirildi. Türk dünyasının birliyi Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərindən biridir. Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə Görüşünün keçirilməsinin təşəbbüsçüsü də Azərbaycan Prezidenti İlham Əliyevdir. Həmin təşəbbüsə uyğun olaraq ötən il Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Görüşü Macarıstanda keçirildi
Prezident İlham Əliyevin budəfəki müsahibəsi Azərbaycanın bütün sahələrdə qazandığı uğurların, həmçinin onların əsasında qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərin təqdimatı oldu. Müsahibədə bu məqamı xüsusi qeyd edildi ki, ölkəmiz iqtisadi cəhətdən tamamilə müstəqil olduğuna və hər hansı bir dəstəkdən, istənilən kreditdən və ya nədənsə asılı olmadığına görə bugünkü vəziyyət bizi qane edir. Bir neçə il bundan əvvəl xarici borcumuzu azaltmaq üçün hökumətin qarşısına vəzifə qoydum və buna nail olduq. “Rəqəmlər, əlbəttə ki, vacibdir, lakin ən önəmlisi insanların gündəlik həyatı və ölkənin iqtisadi imkanlarıdır” söyləyən Prezident İlham Əliyev vurğuladı ki, iqtisadiyyat nə qədər böyükdürsə, hər bir faiz artımının dəyəri də bir o qədər yüksək olur. Belə ki, iqtisadiyyatın həcmi təxminən 70-80 milyard ABŞ dolları olduqda, hər bir faiz artımı demək olar ki, 1 milyard dollar edir. Bu 1 milyard dolları cəmi bir il ərzində əldə etmək isə asan məsələ deyil. Sözügedən müsahibədə Azərbaycanın qaz ixracı sahəsində qazanılan uğurlara da diqqət yönəldildi. Reallıq budur ki, həcm və coğrafiya baxımından qaz ixracımız artır. Azərbaycan indiyədək 11-i müntəzəm əsasda olmaqla 14 ölkəni qazla təchiz edib. Bu il onlara daha iki Avropa ölkəsi əlavə olunaraq onların sayı 16 olacaq. Bu, boru kəməri qazı ilə bağlı ən böyük rəqəmdir. Dünyada heç bir ölkə Azərbaycan kimi bu qədər ölkəni boru kəməri vasitəsilə qazla təchiz etmir. Ötən il ixracımız artım potensialına malik olmaqla, 25 milyard kubmetrdən çox olub.
Sülh, tərəqqi və bilik cəmiyyəti kimi prioritetləri vurğulayan dövlət başçısı iqtisadi və siyasi dayanıqlılığın təmin olunması, insan kapitalının və innovasiya infrastrukturunun davamlı inkişaf etdirilməsi, gənc nəslin təhsil və elmi potensialının gücləndirilməsinin vacibliyinə diqqət çəkib, uzunmüddətli perspektivlərə hədəflənən sosial rifah və dayanıqlı inkişaf strategiyası çərçivəsində atılan addımlardan bəhs edib.
Real faktlara və kompleks təhlilə əsaslanan tarixi müsahibədə davamlı inkişafın təmin olunmasında elm və təhsilin uzlaşdırılmış inkişafının müstəsna rolu xüsusi qeyd edilib, cəmiyyətin iqtisadi tərəqqisi və sosial rifahında elmin, təhsilin və biliyin rolu ön plana çəkilib. Bu, Prezidentin kadr islahatı, elm, təhsil, cəmiyyətin ümumi intellektual səviyyəsi ilə bağlı səsləndirdiyi fikirlərdə öz əksini aydın şəkildə tapıb. Elm və təhsil sahəsindəki islahatların labüdlüyünü bildirən Prezident iqtisadi resurslardan daha çox, insan kapitalının, təhsilin və elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsinə diqqətin artırılmasını vacib hesab edib. Aparılan islahatlar universitetlər üçün də yeni imkanlar yaradır, gənc və istedadlı kadrların irəli çəkilməsi, elmi və pedaqoji potensialın artırılması istiqamətində aydın prioritetləri ortaya qoyur”.
Son 20 il ərzində ölkəmizdə 10 yeni ali təhsil müəssisəsinin, o cümlədən Qarabağ Universitetinin yaradılması ali təhsilə verilən strateji önəmin, göstərilən yüksək diqqət və qayğının bariz təzahürüdür. Ali təhsil məkanını genişləndirməklə yanaşı, təhsilin keyfiyyətinin, müəllimlərin sosial təminatının və peşəkarlığının artırılmasına xidmət edən belə strateji addımlar Azərbaycan cəmiyyətinin uzunmüddətli inkişafını təmin etmək, insan kapitalını gücləndirmək və gələcək nəsillərin bilik səviyyəsini yüksəltmək baxımından olduqca əhəmiyyətlidir.
Atılan bütün addımlar müasir müstəqil, qalib Azərbaycanın gələcəyinə xidmət edir. Azərbaycan ən sabit, təhlükəsiz ölkələr sırasındadır. Ölkəmizin hərtərəfli inkişafı üçün kompleks tədbirlər həyata keçirilir. Şəffaflığın təmin edilməsi əsas prioritetlər sırasındadır. Prezident İlham Əliyev müsahibəsində bir daha bu çağırışı etdi ki, hər halda ümumi inkişafımız üçün hər bir insan, xüsusilə vəzifə sahibi ürəklə işləməlidir, xüsusilə belə möhtəşəm və tarixi Zəfərdən sonra cəmiyyətdə indi bu qədər xoş əhvali-ruhiyyə var. Biz hamımız son beş ili, necə deyərlər, qürurlu, xoşbəxt insanlar kimi yaşayırıq. Ona görə hamımız cəmiyyətdə olan problemlərə, kadrlarla bağlı məmur özbaşınalığına - buna daha dözülməz olmalıyıq. Bizim cəmiyyətimiz çox gözəl cəmiyyətdir. Ölkədə işlər müsbət istiqamətdə gedir, ölkəmiz dünya arenasında görün, nə qədər böyük uğurlara nail olub.
Gülşən Piriyeva
Salyan rayonu,Əməkdar müəllim