“Şəhidlərimizin əmanəti: Güclü və Qalib Azərbaycan”
Azərbaycan xalqı üçün 27 sentyabr təkcə hüzn günü deyil, həm də qürur və iftixar günüdür. Bu gün biz Vətən uğrunda canından keçən qəhrəman övladlarımızı dərin ehtiramla yad edirik. Onların müqəddəs xatirəsi qəlbimizdə daim yaşayacaq. Şəhidlərimiz Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda ən ali zirvəyə – şəhidlik zirvəsinə ucalaraq xalqımızın əbədi qürur simvoluna çevriliblər.
Xalqımız tarix boyu erməni millətçilərinin təcavüzkar siyasətinə məruz qalıb. Çar Rusiyası dövründən başlayaraq azərbaycanlıların tarixi torpaqlarında köçürülmüş ermənilər sonradan əsassız iddialar irəli sürərək xalqımıza qarşı kütləvi deportasiyalar, soyqırımlar və qətliamlar törədiblər. XX əsrin əvvəllərində Zəngəzur, İrəvan, Göyçə, daha sonra isə Qərbi Azərbaycan torpaqlarında yüz minlərlə soydaşımız öz doğma yurdlarından qovulmuşdur.
1988-ci ildən etibarən Ermənistanın yenidən başladığı ərazi iddiaları və silahlı təcavüz nəticəsində Qarabağ münaqişəsi alovlandı. Nəticədə minlərlə günahsız insan şəhid oldu, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkünə çevrildi. 1992-ci ilin fevralında törədilən Xocalı soyqırımı isə erməni vəhşiliyinin ən dəhşətli səhifəsi kimi xalqımızın yaddaşına əbədi həkk olundu. Uşaqlar, qadınlar, qocalar xüsusi amansızlıqla qətlə yetirildi.
Müstəqilliyin ilk illərində ölkədə yaranmış siyasi böhran və hakimiyyət uğrunda çəkişmələr Azərbaycanı fəlakətə sürükləmişdi. Orduda nizamsızlıq hökm sürür, torpaqlarımız ard-arda işğal olunurdu. Belə bir ağır məqamda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi. Onun uzaqgörən siyasəti nəticəsində dövlət idarəçiliyi bərpa olundu, ordu quruculuğu başladı, atəşkəs əldə edildi. Azərbaycan dünya birliyində özünə yer qazandı və gələcək inkişafın təməli qoyuldu.
Ulu Öndərin siyasi kursunu qətiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edərək regionun ən güclü dövlətlərindən birinə çevrildi. Güclü iqtisadiyyat və müasir ordu quruculuğu xalqımızı Böyük Qələbəyə hazırladı. Prezidentin qətiyyətli mövqeyi – “Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq!” – milyonlarla azərbaycanlının qəlbində inam və ümid yaratdı.
2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildi. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Hadrut və digər bölgələr azad olundu. 8 noyabrda Şuşanın alınması isə Böyük Qələbənin zirvəsi oldu. Azərbaycan 30 ilə yaxın işğal altında qalmış torpaqlarını azad edərək tarixi ədaləti bərpa etdi.
Bu Qələbə minlərlə şəhidimizin qanı, qazilərimizin şücaəti və fədakarlığı hesabına əldə olundu. Hər bir şəhidimizin həyatı bütöv bir dastandır. Onların qəhrəmanlığı, Vətən sevgisi gələcək nəsillər üçün örnəkdir. Şəhidlərimizin ailələri, övladları dövlət və xalq tərəfindən daim uca tutulur. Qazilərimizə, müharibə iştirakçılarına göstərilən diqqət və qayğı dövlətimizin onlara olan minnətdarlığının ifadəsidir.
2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində isə Azərbaycan Respublikasının dövlət suverenliyi tam bərpa edildi. Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və digər ərazilərdə üçrəngli bayrağımız dalğalanmağa başladı. Bu tarixi qələbə ilə Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etdi və dünya birliyinə gücünü, qətiyyətini bir daha nümayiş etdirdi.
Bu gün biz həm kədər, həm də qürur hissi ilə şəhidlərimizi yad edirik. Onların müqəddəs xatirəsi daim bizimlədir və Azərbaycan xalqı bu xatirəni uca tutur. Prezident cənab İlham Əliyevin də vurğuladığı kimi: “Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.”
Qazanılan Qələbə, bərpa olunmuş ərazi bütövlüyü və suverenlik uğrunda aparılan mübarizə tariximizin ən şərəfli səhifəsi kimi yaddaşlara həkk olunub. Azərbaycan dövləti və xalqı bu dəyərləri daim qoruyacaq, şəhidlərimizin əmanətinə sadiq qalaraq gələcək nəsillərə daha güclü, qüdrətli və qalib bir Azərbaycan miras qoyacaqdır.
Samin Əziz,
Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, YAP fəalı,
Vətən Müharibəsi iştirakçısı