Kəlbəcərdə yeni həyat və ədalətin qələbəsi
Kəlbəcər Azərbaycanın ən gözəl və ən zəngin guşələrindən biridir. Təbiətin möcüzəsi olan bu diyar füsunkar meşələri, saf bulaqları, zəngin su ehtiyatları, əlverişli iqlimi və əsrarəngiz dağları ilə xalqımızın qəlbində həmişə xüsusi bir yer tutub. Kəlbəcər həm strateji, həm iqtisadi, həm də mənəvi baxımdan Azərbaycan üçün əvəzolunmaz dəyərə malikdir. Burada hər qarış torpaq bir tarix, bir yaddaşdır. Ancaq təəssüf ki, uzun illər ərzində bu gözəl diyarda həyat sönmüş, kəndlərimiz və şəhərlərimiz viran edilmiş, əhalimiz didərgin salınmışdır. İşğal dövründə Kəlbəcərin sərvətləri talan edildi, evlərimiz yandırıldı, təbiətimizə və mədəni irsimizə ağır zərbələr vuruldu.
Lakin Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmadı. Xalqımızın inamı, dözümü və iradəsi nəticəsində, 2020-ci ildə tarixi Zəfər qazanıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz şanlı qələbə əldə etdi və Kəlbəcər də işğaldan azad olundu. Bu tarixi hadisə xalqımızın yaddaşına qürur, sevinc və qələbə günü kimi həkk olundu. 30 ildən sonra üçrəngli bayrağımız yenidən Kəlbəcərin zirvələrində ucaldıldı, bu torpaqlarda milli qürurumuzun rəmzi kimi dalğalanmağa başladı. Həmin anlar hər bir azərbaycanlının həyatında ən böyük qürur səhifələrindən birinə çevrildi.
Azadlıqdan sonra Kəlbəcərdə yeni bir dövr başlandı – quruculuq və bərpa dövrü. Dövlətimizin gücü, xalqımızın iradəsi bu torpaqlarda həyatın yenidən dirçəlməsinə səbəb oldu. Qısa müddət ərzində yollar çəkildi, elektrik və qaz xətləri bərpa edildi, yeni körpülər, məktəblər, səhiyyə ocaqları və sosial obyektlər tikildi. Kəndlərin yenidən salınması, şəhərin müasir üslubda qurulması istiqamətində mühüm layihələr həyata keçirildi. Bu gün Kəlbəcərdə yalnız evlər deyil, həm də ümidlər tikilir; yalnız yollar salınmır, həm də gələcəyə aparan yeni üfüqlər açılır.
Məhz bu quruculuq fonunda 2025-ci il avqustun 21-də Prezident İlham Əliyevin Kəlbəcərə səfəri xüsusi əhəmiyyət kəsb etdi. Dövlət başçısı burada görülən işlərlə yaxından tanış oldu, Kəlbəcərin sakinləri ilə görüşdü, onların qayğılarını dinlədi, arzularına şərik oldu. Prezidentin bu torpaqda söylədiyi fikirlər həm Azərbaycan xalqı, həm də dünya üçün çox mühüm mesajlar idi. Onlardan biri xüsusilə diqqət çəkdi: “Bizim kifayət qədər güclü tərəfdaşlarımız var və beynəlxalq təşkilatlar çərçivəsində mövqeyimiz hər zaman ədalətli mövqe kimi qəbul olunub.”
Bu fikirlər Azərbaycanın beynəlxalq siyasətdə tutduğu mövqeyin mahiyyətini tam şəkildə ifadə edir. Çünki Azərbaycan müstəqillik illərində heç vaxt ədalətdən, haqqdan kənara çıxmadı, daim beynəlxalq hüququn norma və prinsiplərinə əsaslandı. Qarabağ məsələsində də, regional əməkdaşlıqda da, beynəlxalq təşəbbüslərdə də ölkəmizin mövqeyi hər zaman haqqın yanında oldu. Məhz bu səbəbdən dünya ictimaiyyəti Azərbaycanın mövqeyini qəbul edir, tərəfdaşlarımız isə günbəgün artır.
Bu gün Azərbaycan yalnız Cənubi Qafqaz regionunda deyil, daha geniş coğrafiyada mühüm aktora çevrilib. Qardaş Türkiyə ilə sarsılmaz müttəfiqlik münasibətləri, Türk Dövlətləri Təşkilatında fəal iştirakı, Avropa ilə enerji əməkdaşlığı, Asiya ölkələri ilə strateji tərəfdaşlıq, İslam dünyasında möhkəmlənən nüfuzu – bütün bunlar ölkəmizin artan gücünün və diplomatik xəttinin bariz göstəricisidir. Azərbaycanın həyata keçirdiyi enerji, nəqliyyat və kommunikasiya layihələri təkcə regionumuz üçün deyil, qlobal miqyasda da böyük əhəmiyyət kəsb edir.
Ən mühüm məqamlardan biri isə beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyinin daim haqqın, ədalətin mövqeyi kimi qəbul olunmasıdır. Bu, sadəcə diplomatik nailiyyət deyil, həm də xalqımızın ədalətə olan sarsılmaz inamının təsdiqidir. Prezidentin Kəlbəcərdə səsləndirdiyi fikirlər xalqımıza güc verir, bütün dünyaya isə aydın mesaj göndərir ki, Azərbaycan yalnız öz gücünə deyil, həm də güclü tərəfdaşlıq münasibətlərinə, beynəlxalq aləmdə qazandığı etimada arxalanaraq gələcəyə doğru irəliləyir.
Bir sözlə, Kəlbəcərin azad olunması, yenidən qurulması və bu günkü dirçəlişi Azərbaycanın necə bir dövlət olduğunu bütün dünyaya nümayiş etdirir. Dövlətimizin gücü, xalqımızın iradəsi, beynəlxalq müstəvidə ədalətli mövqeyimiz və güclü tərəfdaşlarımız Azərbaycanın qüdrətini daha da möhkəmləndirir.
Bəli, bu gün Kəlbəcərdə yeni həyat başlayır. Bu torpaqlarda səslənən hər bir körpə səsi, tikilən hər bir ev, çəkilən hər bir yol Azərbaycanın gələcəyə doğru inamlı addımlarının təcəssümüdür. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz həm öz milli gücünə, həm də beynəlxalq aləmdə ədalətə əsaslanan mövqeyinə söykənərək daha parlaq gələcəyə doğru irəliləyir.
Emin Ağayev,
YAP Salyan rayon təşkilatının ərazi partiya təşkilatının sədr müavini