SOCAR-a hücumun pərdəarxası: Moskvanın metodları qeyri-işləkdir - AÇIQLAMA
Son günlər Rusiyanın atdığı addımlar regionumuzda mövcud sabitlik və əməkdaşlıq mühitinə kölgə salmağa xidmət edir. Kreml rəhbərliyi Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı geosiyasi reallıqları, xüsusilə, Vaşinqton görüşündən sonra yaranan yeni təşəbbüsləri qəbul edə bilmir.
Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib.
Deputat hesab edir ki, rəsmi Moskva regiondakı varlığını hər zaman münaqişələr və onlardan qaynaqlanan qeyri-stabil siyasi konfiqurasiya sayəsində təmin edirdisə, indi həmin metodlar qeyri-işləkdir:
“Artıq Azərbaycan və Ermənistan yekun sülh müqaviləsinin bir addımlığındadır. Bu isə Rusiyanın regional proseslərdən kənarda qalması deməkdir. Məhz bu səbəbdən, Kreml bu ölkədə yaşayan soydaşlarımıza qarşı müxtəlif təzyiqlər həyata keçirir və Ukraynada SOCAR-a məxsus yanacaqdoldurma məntəqələrinə zərbələr endirməklə Azərbaycana gözdağı verməyə çalışır. Lakin bu tip qərəzli və perspektivsiz yanaşmalar bütün hallarda Rusiyanın əleyhinədir”.

Sədr müavini qeyd edib ki, Azərbaycanın müstəqil dövlət kimi suveren hüquqlarını tanımayan, təzyiqlə müşayiət olunan bu cür davranışlar qəbulolunmazdır: “Azərbaycan dəfələrlə bəyan edib ki, ölkəmizin milli maraqları və ondan qaynaqlanan siyasi-iqtisadi gündəlik müzakirə mövzusu deyil. Bu həqiqəti qəbul etməyən qüvvələr Azərbaycanın iradəsi və siyasi qətiyyəti qarşısında heç nə əldə edə bilməyəcək. Prezident İlham Əliyevin dəmir iradəsi, balanslı və praqmatik diplomatiyası sayəsində Azərbaycan bu gün beynəlxalq aləmdə söz sahibinə çevrilib”.

Günay Ağamalıya görə, Rusiyanın davranışı regionda təhlükəsizliyin və qarşılıqlı hörmətin təmin olunmasına xidmət etməlidir:
“Əks təqdirdə, atılan hər bir təxribatçı addım münasibətləri daha da gərginləşdirəcək. Azərbaycan dövləti öz strateji kursuna sadiq qalaraq, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan əməkdaşlıqdan, bərabərhüquqlu tərəfdaşlıqdan və regionda ədalətli sülhün qurulmasını dəstəklədiyini bir daha bəyan edir”.