Ermənistanın yanında olmağa çalışanların hamısı Fransanın təsiri altındadır
Ermənistan Fransa ilə hərbi sahədə əməkdaşlığı genişləndirir. Məlum olduğu kimi, Ermənistan müdafiə naziri Suren Papikyanın Fransaya səhəri zamanı hərbi-texniki əməkdaşlıq və yeni silahların alınması ilə bağlı müqavilə imzalanıb. Göründüyü kimi, Fransa Ermənistandan istifadə edərək Cənubi Qafqaza müdaxilə etmək istəyir. Rəsmi Paris keçmiş münaqişə dövründə də Ermənistanı dəstəkləməklə işğal prosesinin davam etməsinə çalışıb. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi rəsmi Paris münaqişənin tənzimlənməsi ilə deyil, onun idarə olunması ilə məşğul olub. Ermənistanın bir vaxtlar işğal altında saxladığı Azərbaycan ərazilərini anneksiya edə bilməsi üçün Fransa bu ölkəyə vaxt qazandırmağa çalışıb. Fransanın məqsədlərindən biri də Ermənistandan istifadə edərək Cənubi Qafqaza müdaxilə imkanları əldə etmək olub. Əlbəttə, bu yanaşma təkcə Fransaya aid deyil. Avropa siyasi dairələrində yanaşma bundan ibarətdir ki, "beynəlxalq mexanizm" adı altında bölgəyə və Azərbaycan ərazisinə müdaxilə olunsun.
Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı "sherg.az"a açıqlamasında deyib ki, Fransanın Ermənistanı silahlandırmasında, bu ölkəni militarist dövlətə çevirməsində məqsəd fürsət düşən kimi Azərbaycana təcavüz etmək və artıq cəhənnəmə göndərilmiş "Artsax"ı diriltmək niyyətidir.
Deputatın sözlərinə görə, Fransa özü militarist bir ölkədir və tarixi keçmişi də bunu sübuta yetirir:
"Fransanın dünya miqyasında apardığı müstəmləkəçilik siyasəti neokolonizmin ən eybəcər formalarından biridir. Avropa İttifaqı və xüsusən Ermənistanın yanında olmağa çalışanların hamısı Fransanın təsiri altındadır. Fransa onları istiqamətləndirir. E.Makronun komandası ilə erməni lobbisi birlikdə fəaliyyət göstərir. Azərbaycana qarşı genişmiqyaslı informasiya müharibəsi aparmaqla yanaşı, həm də Ermənistanı silahlandırmağa çalışırlar və iddia edirlər ki, Azərbaycan Ermənistana hücuma hazırlaşır və s. Ancaq unutmaq olmaz ki, 30 ildə Rusiyanın hərtərəfli yardımı ilə, hətta B.Yeltsinin dövründə qarşılıqsız bir milyard dollarlıq silah-sursatla təmin edilən Ermənistan 44 günlük müharibədə yerlə-bir edildi, müdafiə sistemi dağıdıldı. 30 ildə bütün gücü ilə, Qərbin və Rusiyanın dəstəyi, erməni lobbisinin maliyyə yardımı hesabına militaristləşən, təpədən-dırnağa qədər silahlanan Ermənistanı qəhrəman Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında məhv etdi. Bundan sonra Ermənistanın Afrika səhralarında hərəkət edən zirehli maşınlar alması, Hindistandan hərbi texnika daşıması da ona fayda verməyəcək. Çünki Ermənistan daha 30 il dayanmadan silahlanmalıdır ki, Azərbaycan Ordusunun qarşısına çıxmaq cəsarətini göstərsin".
Parlament üzvü bəyan edib ki, Fransanın məkrli planlarına sərt reaksiya verilməsi normaldır:
"Çünki bu hərəkətlər Cənubi Qafqazda sülhün təmin olunmasına ciddi maneçilik və sülhü pozmaq cəhdləridir: "Fransa kimi ölkələr bulanıq suda balıq tutmağa çalışırlar. Yaranmış situsiyadan öz maraqları üçün istifadə etmək istəyirlər. Ermənistan vasitəsilə regionda möhkəmlənmək məqsədi güdürlər. Aİ-nin missiyası da bu məqsədə xidmət edir. Təəssüf edirəm ki, Fransadan daha güclü iqtisadiyyata malik olan Almaniya kimi ölkəyə də Paris istiqamət verir, onu öz təsiri altında saxlayır. Bunun da səbəbi Almaniya kanslerinin zəif olması ilə bağlıdır. Ancaq onların təşəbbüsləri faydasızdır. Nə qədər çalışsalar da, Azərbaycanın gücü qarşısında heç nə edə bilməyəcəklər. Üz-üzə gələn iki tərəf olacaq. Bir tərəfdə güclü, qüdrətli, dünya səviyyəli lider, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan, digər yanda isə bloger, zəif, xarizması olmayan Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan. O halda Ermənistanın məğlubiyyəti və dövlət kimi çökməsi qaçılmaz olacaq. Əgər İrəvan hökuməti bu siyasətini davam etdirərsə, Azərbaycan hərbi gücdən istifadə etməli olacaq"