Azərbaycanda deputat yaşadığı evin qarşısında güllələndi - YENİLƏNİB + TƏFƏRRÜAT
Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsd təşəbbüsünün detalları bəlli olub.
“Musavat.com”un məlumatına görə, Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb.
F.Mustafa iki güllə yarası alıb. Çiyin nahiyəsindən və ayağından yaralanan millət vəkilinə hazırda öz evində həkim müdaxiləsi edilir. Polis hadisə yerindədir.
Fazil Mustafanın yaxınlarından biri “Musavat.com”a bildirib ki, deputat evə gələn zaman öz maşınını evinin qarşısında saxlayıb düşərkən avtomat silahdan önun üzərinə atəş yağdırılıb. Millət vəkilini öldürmək istəsələr də, xoş təsadüfdən güllələrdən ikisi həyatı təhlükə təşkil etməyən orqanlarına dəyib.
22:37
Deputat Fazil Mustafaya sui qəsd olunub.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Sabunçu rayonunda yaşadığı evin qarşısında deputata atəş açılıb. Əraziyə istintaq qrupu göndərilib. Əlavə məlumat veriləcək.