Rusiya Azərbaycan əleyhinə hər hansı bir addım atmayacaq.
Azərbaycanda Rusiya ilə bağlı bir narahatlıq hökm sürür. Xüsusilə 44 günlük II Qarabağ savaşının sonunda 10 noyabrda əldə olunan üçtərəfli anlaşma əsasında rus sülhməramlıları Qarabağa gələndən sonra bu hal müşahidə olunmağa başlayıb. Əsas narahatlıq isə “şimal qonşumuz bizə Qarabağda pis sürpriz hazırlaya bilərmi” sualı ətrafındadır.
Rusiya sülhməramlılarını “xoxan” kimi qələmə verənlər nə qədər haqlıdır? Moskvaya arxayın olaqmı? Yoxsa tədbirimizi, önləmimizi daha artıqlamasıyla alaq?
Yaranan bu tipli suallar ətrafında ən müxtəlif fikirlərə, təxminlərə, ehtimallara rast gəlməkdəyik.
Millət Vəkili, politoloq Arzu Nağıyev o qədər də narahat deyil:
“Düşünmürəm ki, Rusiya Azərbaycan üçün hansısa xoşagəlməyən sürpriz hazırlasın. Bunun marağında olduğunu da zənn etmirəm. Çünki cənab Prezidentin Şuşaya son səfəri də onu göstərdi ki, biz işğaldan azad etdiyimiz ərazilərdə iqtisadi, sosial, eyni zamanda kommunikasiyalarla bağlı planlarımızı həyata keçirməkdə israrlıyıq. Bu proses davam edir. Burada Rusiya şirkətlərinin iştirakı da birmənalı şəkildə təmin ediləcək. Ona görə də Kreml tərəfindən hər hansı bir sürprizin hazırlanması yaxud addımın atılması inandırıcı görünmür. Sülhməramlı qüvvələrə gəldikdə isə düşünürəm ki, mütəmadi olaraq, artıq bu məsələyə də qayıdılır. Çünki Moskva görüşündə bir daha göstərildi ki, nə qədər Ermənistan tərəfi terror anklavı saxlamaq istəsə də, orada onların əsir götürülməsi, yaxud bu istiqamətdə dəyişdirilmələrinə çalışılsa da, bu məsələ baş tutmadı və baş tutan da deyil. Artıq sülhməramlı və digər qüvvələr öz funksiyalarını yerinə yetirməyə başlamalıdırlar. Sülhməramlı Rusiya o qədər maraqlı olmalıdır ki, kimi kimdən, nədən qoruyursa, bu məsələni konkret şəkildə ortaya qoymalıdır. Füzuli və digər istiqamətlərdə yolların çəkilməsi, yeni aeroportların tikilməsi bir daha göstərir ki, biz inkişaf yolunda mütləq şəkildə irəliləyirik. Rusiya bunun marağında olmalıdır ki, nə qədər Azərbaycan tərəfi inkişaf etsə, eyni zamanda oradakı erməni icması Azərbaycan vətəndaşlığını qəbul edərək konstitusiyamıza uyğun şəkildə yaşamaq fikrində olsa, sakitçilik olacaq. Artıq hərbi məsələlərlə bağlı müəyyən detallar var.

Arzu Nağıyev: “Moskva görüşündə bir daha göstərildi ki...”
Düşünürəm ki, bugünkü gün üçün Rusiya Azərbaycan əleyhinə hər hansı bir addım atmayacaq. Təbii ki, demoqrafik məsələlərdən də çox şey asılıdır. Artıq böyük qayıdış başlamalıdır. Şuşa və digər rayonların sürətli bərpası, eləcə də ərazilərin minalardan təmizlənməsi və digər proseslərin hər birində Rusiya maraqlı olmalıdır. Rusiya gələcəkdə həqiqətən burada qalmaq istəyirsə, yəni razılaşdırılan beş il müddətində burada sülh şəraitində fəaliyyət göstərmək istəyirsə, hesab edirəm ki, hər bir addımını Azərbaycan tərəfi ilə razılaşdırmalıdır. Burada ən mühüm məsələlərdən biri də Qafqaz Platfomasının yaradılması məsələsidir. Cənab Ərdoğanın da təklifi ilə Gürcüstan, Azərbaycan, İran, Rusiya, Türkiyə, hətta Ermənistanın iştirakı ilə bunun baş tutmasının böyük əhəmiyyəti ola bilər. Bundan başqa, Rusiya-Türkiyə münasibətləri dinamik şəkildə inkişaf etdiyinə görə düşünürəm ki, Rusiya bunu da nəzərə alır. Hər hansı bir xoşagəlməyən addımların atılmasına və bunun müəllifi olmasına heç cürə imkan verə bilməz. Bu da çox mühüm əhəmiyyət kəsb edən detallardan biridir”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun isə fikirləri bir qədər fərqlidir: “Biz Moskvaya arxayın ola bilmərik. Əgər arxayın olsaq, Kremlin Azərbaycana qarşı təxribatları arta bilər. Rusiya tarixən güclə hesablaşır. Qarşısında zəifi görəndə onu əzib keçməyə, öz maraqlarını təmin etməyə çalışır. Onun üçün də boşluq buraxmamalıyıq. Mütləq mənada Türkiyə ilə birgə hərəkət etməliyik. Son günlər Türkiyə Cümhurbaşqanı və xarici işlər nazirindən çox mühüm açıqlamalar səslənir. Rusiya bölgədə əbədi deyil kimi önəmli fikirlər səslənməyə başlayıb. Şimal qonşumuz anlamalıdır ki, burada əbədi deyil. Bir müddətdən sonra onsuz da çıxacaq. Beş ildən sonra müddəti uzatmaya da bilərik. Belə açıqlamaların daim səsləndirilməsi çox vacibdir. Öz siyasətimizi yürütməliyik