ERMƏNİLƏR SİYASİ HOQQABAZLIQDAN ƏL ÇƏKMİRLƏR
Elman Nəsirov: "Bu, məğlub olan tərəfin özünə təsəllidən başqa bir şey deyil" Ermənistanla dövlət sərhədinin müəyyənləşdirilməsi zamanı sərhədçilərimiz bir sıra çətinliklər yaşayırlar. Məsələn, Qafan şəhəri tərəfdə Çakaten adlı erməni kəndinin yaxınlığındakı təpənin dikində ermənilər teleqüllə inşa ediblər. Topoqraflar GPS sistemi ilə müəyyənləşdiriblər ki, sərhəd xətti düz stansiyanın üzərindən keçir. Təbii ki, qüllə ləğv edilməlidir. Lakin ermənilər iddia edirlər ki, hələ ərazidə hələ sovet dönəmindən bir sərhəd dirəyi qalıb və o, qüllədən 30 metr aralıdadır. Bu cür müxtəlif bəhanələrlə Azərbaycandan ərazi qoparmağa çalışan ermənilərə ümid verən hansı səbəbdir? Milli Məclisin deputatı Elman Nəsirovun fikrincə, ermənilərin müxtəlif bəhanələrlə ərazi qoparmağa çalışmaları onların siyasi hoqqabazlıqlarından irəli gəlir: "Burada söhbət o dövlətdən gedir ki, 30 il ərzində Azərbaycan torpaqlarını işğal edib. Hadisələrin gedişatı, ermənilərin barbar və vandal hərəkətlərinin miqyası göstərdi ki, onlar torpaqlarımızı geri qaytarmaq niyyətindən çox-çox uzaq olublar. Tikdikləri istehkamlar buna dəlalət edir. Təbii ki, 30 il ərzində torpaqlarımızı işğal edib, qaytarmaq niyyətləri olmayıbsa, görün həmin müddət ərzində Azərbaycanla sərhəd ərazilərdə hansı siyasi hoqqabazlıqlardan çıxıb, hansı özbaşına xətlər çəkiblər. Sərhəd xəttini istədikləri kimi pozaraq çoxsaylı qanunsuzluqlara yol veriblər. Bunlar hamısı bəlli məsələdir. Amma burada bəlli bir həqiqət var. Azərbaycan ərazi bütövlüyünü təmin edib. Heç kimin hərbi-siyasi dəstəyi olmadan, şanlı Azərbaycan Ordusu və Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında bu baş verdi. Ölkəmizə bu zaman siyasi və mənəvi dəstək olan dövlətlər də olub ki, onun da başında qardaş Türkiyə dayanır". Həmsöhbətimiz qeyd etdi ki, İrəvanın hoqqabaz siyasətinin bundan sonra heç bir nəticəsi olmayacaq: "Hər halda dəyişməz həqiqət var ki, Azərbaycan işğaldakı torpaqlar üzərində suveren hüququnu bərpa edibsə, deməli Ermənistan tərəfinin bundan sonra siyasi hoqqabazlıqlar törətməsi, sərhədlə bağlı müəyyən avantüraya əl atmasının heç bir nəticəsi və mənası olmayacaq. Bu məğlub olan tərəfin özünə təsəllidən başqa bir şey deyil. Ermənistanda Paşinyanı ittiham edirlər ki, satqın və xaindir, torpaqları satıb. Bunlar hamısı əsassız ittihamlardır. Ali Baş Komandanımızın söylədiyi kimi, Azərbaycan Ordusu Köçəryan və Sarkisyanın yaratdığı ordunu məhv edib. Bu ən mühüm məsələdir. Ona görə indi Paşinyan deyil, digər "yan"lar hakimiyyətdə olsaydılar belə, hərbi əməliyyatlar ola bilsin 44 deyil, 54, 64 gün davam edirdi. Amma kim olursa-olsun onun məğlubiyyəti qaçılmaz olacaqdı. Çünki qarşısında 5-ci nəsil silahlarla silahlanan, yüksək döyüş ruhlu XXI əsrin ordusunu görüb. Bütün bu reallıqlar fonunda Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Azərbaycanın qələbəsi labüd idi. Paşinyan səriştəsiz, bacarıqsız siyasətçidir, hakimyyətə küçədən gəlib. Ancaq kim olur-olsun toplananların yerini dəyişəndə cəm dəyişmir. Onsuz da Ermənistanın məğlubiyyəti labüd idi. Çünki Azərbaycan dövləti Ermənistana münasibətdə taqətdənsalma taktikasını həyata keçirərək, hər gün güclənir, möhkəmlənirdi. Bu bütün parametrlər üzrə baş verirdi. Ona görə də sadaladığım bütün bu reallıqlar fonunda Ermənsitanın siyasi cığallıq və hoqqabazlıq etməsi, sərhəd və digər məsələləri ortaya atmasının heç bir faydası yoxdur. İndi Ermənistan daha çox onun üzərində baş sındırır ki, ölkədə növbəti inqilab olacaqmı? Yoxsa, generallar hərbi çevriliş edəcəklər? Ya da Ermənistanı vətəndaş müharibəsimi bürüyəcək? İndi Ermənsitan Azərbaycanın keçən əsrin 90-cı illərin əvvəllərini xatırladan bir dövrü yaşayır. Heç kim heç kimin kitabını oxumur. Hamı-hamıya düşmən kəsilib. 70 faiz Paşinyanı müdafiə etmirsə, 30 faiz onu dəstəkləyir. Bu da kiçik rəqəm deyil. Belə olan halda Ermənistanda, hətta vətəndaş müharibəsi də baş verə bilər. Fikrimcə, Ermənistan bu gün həmin sualların cavabını tapmalıdır, nəinki revanşizm hisslərilə yaşayıb özlərini daha ağır faciəvi günlərə salmaq yolunu tutmaq".
Emin Xuduyev