Deputatdan Ceyhun Bayramovun XİN-nin rəhbəri təyin olunmasına MÜNASİBƏT
Prezident İlham Əliyevin sərəncamı ilə bundan öncə Təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramov, Xarici işlər naziri təyin edildi. Onun bu vəzifəyə təyin olunması çoxları üçün gözlənilməz olub.
Bəs bu təyinatı millət vəkilləri necə dəyərləndirir?
Deputat Fəzail Ağamalı bu haqda danışaraq bildirib ki, Elmar Məmmədyarovun vəzifəsindən uzaqlaşdırılması gözlənilən idi:
“Çünki artıq dünən ölkə prezidenti İlham Əliyev Elmar Məmmədyarovla bağlı münasibətini birmənalı şəkildə ortaya qoydu. Bununla da bəlli idi ki, bu fikirlərdən sonra Məmmədyarov bütün mənalarda etimadını itirmiş şəxsdir və artıq bu cür yüksək vəzifədə işləyə bilməz.
Əlbəttə, cənab prezidentin bu addımı çox düzgün və doğrudur. Bunun səbəbləri üzərində qeyd etdiyim kimi, prezident dünənki çıxışında çox lakonik şəkildə dayandı”.
Fəzail Ağamalı yeni təyinat alan Ceyhun Bayramovu təbrik edib, olduqca çətin və məsuliyyətli işində uğurlar arzulayıb:
“Ümidvaram ki, Ceyhun Bayramov ölkə prezidentinin bu etimadını doğruldacaq. Lakin Ceyhun Bayramova Elmar Məmmədyarovdan çox xoşagəlməz bir miras qalıb. O, XİN-nin işini tamamilə dəyişməlidir. Ölkə prezidentinin diplomatiyasına uyğun olaraq, iş qurulmalıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan təcavüzə məruz qalmış ölkədir. Bizim xarici siyasətimizdə işğal olunmuş torpaqlarımızın azad edilməsi mühüm və həlledici yer tutur. Bu baxımdan əmin olmaq istərdim ki, Ceyhun Bayramov bunun öhdəsindən gələcək və XİN-nin bütün pəncərələrini açaraq, oradakı abı-havanı tamamilə təmizləyəcək.
Bu işlər əlbəttə ki, Ceyhun Bayramov üçün çətin olacaq. Çünki bundan əvvəl orada sistem xarakteri daşıyan yanaşma olub.
Lakin inanıram ki, Ceyhun Bayramov Təhsil Nazirliyində nümayiş etdirdiyi yüksək keyfiyyətlərini bu nazirlikdə də ifadə edəcək və vəzifəsinin öhdəsindən uğurla gələcək”.
KANAL 4
Səmil Şahlaroğlu