Azərbaycan Güləşinin Avropa Fəthi
Azərbaycan idman ölkəsi kimi beynəlxalq arenada öz sözünü deməyə davam edir. Bu da Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının bariz nümunəsidir.
Ötən il Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı iki min medalın 600-dən çoxunun məhz qızıl olması o deməkdir ki, təltifetmə mərasimlərinin hər birində Dövlətimizin Himni səsləndirilib, Azərbaycanın Dövlət Bayrağını fərqli millətlərdən olan azarkeşlər ayaqüstə alqışlayıb. Bütün bu uğurların təməlində idmanın inkişafı ilə bağlı ardıcıl dövlət siyasəti və hərtərəfli qayğısı dayanır. Ən başlıcası, idmançılarımız artıq yaxşı bilirlər ki, qalib Dövlətin və qalib Xalqın təmsilçisi kimi indi daha böyük məsuliyyət daşıyırlar.
Bu uğurların ən parlaq səhifələrindən biri də Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında güləşçilərimizin qazandığı tarixi zəfərdir. Aprelin 30-da Prezident İlham Əliyevin bu möhtəşəm qalibiyyəti qazanan idmançıları və onların məşqçilərini qəbul etməsi dövlətin idmana olan qayğısının növbəti təzahürü oldu.Bu görüş zamanı Prezident cənab İlham Əliyevin səsləndirdiyi fikirlər, əslində, ölkəmizdə idmanın inkişaf strategiyasının və milli vətənpərvərlik ruhunun ali təzahürüdür.
Tiranadakı çempionat Azərbaycan güləşi üçün sadəcə növbəti bir yarış deyil, güc nümayişi idi. Həm yunan-Roma, həm də sərbəst güləş üzrə yığma komandalarımızın komanda hesabında Avropanın ən güclüsü olması Azərbaycan idman tarixində xüsusi yer tutur. Xüsusilə, Həsrət Cəfərovun dördqat Avropa çempionu olaraq yeni rekorda imza atması gənc nəsil üçün əsl motivasiya mənbəyinə çevrildi.
Cənab Prezidentin də vurğuladığı kimi, güləş bizim milli idman növümüzdür və onun Azərbaycanda böyük ənənələri var. Bu gün əldə olunan nəticələr təsadüfi deyil. Bu, düzgün qurulmuş məşq prosesinin, şəffaf seleksiya işinin və nəsillər arasındakı qırılmaz bağlılığın bəhrəsidir.
Dövlət başçısının çıxışında xüsusi diqqət çəkən məqamlardan biri idmançılarımızın mənəvi siması ilə bağlıdır. Çempion olmaq mühümdür, lakin ondan daha mühümü ləyaqətli vətəndaş və nümunəvi şəxsiyyət olmaqdır. Təəssüflər olsun ki, biz bəzən beynəlxalq yarışlarda, xüsusən də Avropa miqyasında idmançılarımıza qarşı qərəzli və ədalətsiz münasibətin şahidi oluruq. Görünür, Azərbaycanın hər sahədə olduğu kimi, idmanda da hamıdan öndə olması bəzi dairələri narahat edir. Lakin bizim pəhlivanlarımız həm ədalətsiz hakimlərə, həm də rəqiblərinə ən gözəl cavabı ləyaqətli davranışları və təmiz qələbələri ilə verirlər.
Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçilər və onların məşqçiləri ilə görüşündə beynəlxalq yarışlarda idmançılarımıza qarşı ədalətsizliklərdən danışıb. Dövlətimizin başçısı bununla bağlı deyib: “Maraqlıdır, bir qayda olaraq Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur. Yəqin ki, Avropada heç də hamı Azərbaycanın Avropa çempionatlarında iştirak etməsinə və təkcə iştirakına deyil, həm də bütün Avropa ölkələrinə qalib gəlməsinə sevinmir”.
Problemlərə baxmayaraq bu gün Azərbaycan idmanının ümumi inkişafı göz qabağındadır. Həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Əsas odur ki, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir.
Azərbaycan güləşçilərinin Avropa çempionatındakı qələbəsi və dövlət rəhbərliyi səviyyəsində qəbul edilməsi ölkədə idman siyasətinin düzgün qurulduğunun sübutudur. Bu zəfər göstərir ki, Azərbaycan gəncliyi həm fiziki, həm də mənəvi baxımdan zirvələri fəth etməyə hazırdır.
Prezident İlham Əliyevin 30 ilə yaxın müddətdə Milli Olimpiya Komitəsinə rəhbərlik etməsi idmana dövlət səviyyəsində göstərilən diqqətin ən bariz göstəricisidir. Bölgələrimizdə fəaliyyət göstərən Olimpiya İdman kompleksləri, müasir güləş zalları kütləviliyin təmin olunmasına xidmət edir. Bu gün qızlarımızın da güləşə marağının artması və medalçılar sırasına qoşulması idmanımızın çoxşaxəli inkişafından xəbər verir.
Məhərrəm Abışov,
Salyan rayonu, təqaüddə olan məşqçi-müəllim