Gender bərabərliyi məsələsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir" – DEPUTAT
"Gender bərabərliyi məsələsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ölkəmizdə bu sahədə əldə olunan nailiyyətlərin əsasında möhtərəm cənab Prezident İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasəti dayanır. Ölkə başçımızın rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı sosial islahatlar gender bərabərliyinin real təmininə xidmət edir. Qadınların ictimai-siyasi həyatda fəal iştirakının genişləndirilməsi, onların dövlət idarəçiliyində, parlamentdə, yerli icra strukturlarında təmsilçiliyinin artırılması bu siyasətin bariz nümunəsidir. Azərbaycan qadını yalnız ailənin deyil, dövlətin və cəmiyyətin inkişafında söz sahibi olan aparıcı qüvvələrdən biridir". Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı danışıb.
O, açıqlamasında qeyd edib ki, sosial müdafiə mexanizmlərinin gücləndirilməsi, qadın sahibkarlığının təşviqi, məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində atılan addımlar gender bərabərliyinin iqtisadi əsaslarını möhkəmləndirir:
"Günümüzdə qadınların potensiallarını reallaşdırmaq imkanları daha da artır. Xüsusi olaraq qeyd etmək istərdim ki, ölkəmizdə məişət zorakılığına qarşı mübarizə, ailə institutunun qorunması və sağlam sosial mühitin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər də məhz dövlət başçısının müəyyən etdiyi strateji xəttin tərkib hissəsidir. Bu yanaşma göstərir ki, gender bərabərliyi məsələsi Azərbaycanda hüquqi, mənəvi və ictimai məsuliyyət kontekstində qiymətləndirilir.
Qarşıdakı dövrdə də bu sahədə daha sistemli və nəticəyönümlü proqramların həyata keçirilməsi gender siyasətinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini təmin edəcək. Sözügedən siyasətin əsas məqsədi cəmiyyətdə bərabərliyin davamlılığı, ədalətli, sağlam və güclü sosial mühitin qorunması və daha da möhkəmləndirilməsidir".
“Sonxeber.az” saytı
Vüsalə İbrahimli
06 aprel 2026-cı il
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusuna uyğun olaraq dərc edilir.