Əsli məktəb rəhbəri necə olmalıdır?Sübhan Xəlilov yazır
İş mühitində ən çox önəm verilən məsələlərdən biri də münasibətlərdir. Xüsusilə də, işçi və rəhbər arasında olan münasibətlər işin gedişinə təsir göstərir. Bəzən görürük ki, insanlar rəhbərlərinin yaxşı olmadığından, işçilər arasında fərq qoymağından şikayətlənirlər. Bu zaman sual yaranır ki, bəs yaxşı rəhbər necə olmalıdır? İşçilərlə münasibətdə hansı nüanslara diqqət etməlidir?
Hər bir məktəb rəhbəri, etdiyi sahə haqqında müfəssəl bilgilərə, insanlarla ünsiyyətdə xüsusi yanaşmaya sahib olmalı və psixologiyanı bilməlidir. Çətin situasiyalarda sürətli, çevik qərar vermə qabiliyyətinə malik olmaqla yanaşı, həmçinin, işçilərə motivasiya verərkən və tənqid edərkən balansı gözləməlidir.
Məktəb rəhbəri mütləq şəkildə işçilərin inamını qazanmalı, səmimiyyətini hiss etdirməlidir. Məktəb direktoru həm də lider olaraq işçilərə problemlərin həllində, onların inkişafında xüsusi qayğı və dəstəyini göstərməlidir.
Rəhbərlə işçi arasındakı yaş fərqi nə işçi, nə də rəhbərlik tərəfdən biruzə verilməməlidir: Rəhbər bu mövzuda ədalətliliyi xüsusən diqqətdə saxlamalı, işçiləri yaş həddinə görə deyil, işlərinə və müəssisəyə olan münasibətinə görə dəyərləndirməlidir.