“Atalar və qızlar” - bir gün onlar sizin fəxriniz ola bilər!
Cəmiyyətin diqqətini son illər ölkəmizdə müşahidə olunan demoqrafik göstəricilərə, cinsi mənsubiyyətə görə hamiləliyin süni pozulmasına - yəni hələ də selektiv abortların davam etməsinə və eləcə də doğulan qız uşaqlarına oğlan övladları qədər şansların verilməməsinə cəlb etmək üçün “Atalar və qızlar” rubrikasını təqdim edirik.
Məqsəd qız uşaqlarına qarşı ayrı seçkiliyin aradan qaldırılmasına, onlara olan münasibətin birmənalı olaraq dəyişməsinə və onlar üçün sağlam mühitin formalaşmasına təsir etməkdir.
“Atalar və qızlar” rubrikasının qəhrəmanları selektiv abortların qurbanına çevrilməyən, əksinə bu həyata gəlib, uğurla mübarizə aparan və bu mübarizədən qalib çıxan qız övladlarıdır. Əlbəttə ki, onların uğur hekayəsində daim ikinci rolda olan digər qəhrəmanlar da olacaq – atalar!
İlk qəhrəmanlarımız Paralimpiya Oyunlarında dünya rekordunu yeniləmiş qızıl və eləcə də gümüş medalçımız Lamiyə Vəliyeva və onun ən yaxın dostu – atası Rövşən Vəliyevdir:
“Qızım idmana gedəndə məni çox qınayırdılar. Bildirirdilər ki, qız idmana getməməlidir. Mənim üçün qız və oğlan uşağının heç bir fərqi yox idi. Ona çox inanır və güvənirdim. Qızların həyatında anaların da, ataların da xüsusi yeri var. Ancaq düşünürəm ki, analar kimi atalar da qızları ilə dost olmalıdır. Lamiyə kimi qızım olduğu üçün fəxr edir, onu çox sevirəm”.
Lamiyə Vəliyeva həyatdakı bütün uğurlarında valideynlərinin, xüsusilə atasının böyük rolu olduğunu bildirir:
“Atam hər zaman mənə inanıb, arxamda dayanıb. Atamla hər zaman dost olmuşuq, bütün məsələlərdə məsləhətləşmişik və birgə qərar vermişik. Ümumiyyətlə, valideynlərim daim mənə dəstək olub! Çox şanslıyam ki, bu cür valideynlərim var.
Sevinirəm ki, həm dünya rekordunu yenilədim, həm qızıl, həm də gümüş medal qazandım. Şahid oldum ki, Allah heç bir əziyyəti yerdə qoymur. Ailəmin dəstəyi, mənim və komandanın əziyyətinin bəhrəsini gördük”.
Qeyd edək ki, son illər Azərbaycanda müşahidə olunan demoqrafik proseslərin təhlili doğulan uşaqlar arasında oğlanların üstünlük təşkil etməsini göstərir. Təbii cinsi tarazlığın pozulması cəmiyyət, qadının sağlamlığı və gələcəkdə doğulan uşaqlar üçün isə təsirsiz ötüşmür.
Gəlin elə yaşayaq ki, heç bir uşaq dünyaya gəlmə haqqından məhrum edilməsin, onlar cinsi ayrı-seçkiliyə məruz qalmasın!
Bir gün onlar sizin fəxriniz ola bilər!
Selektiv abortlara "YOX" deyək!
#Atalarvəqızlar #Qızlardəyərlidir #Selektivabortlarayox