Müasir müharibə metodikalarında texnologiya, ağıl və strateji düşüncə həlledici faktordur.
Müasir müharibə metodikalarında texnologiya, ağıl və strateji düşüncə həlledici faktordur. Ötən əsr, ondan əvvəlki müharibələrin taleyini ümümi rakursdan götürərsək kəmiyyət üstünlüyü həl edirdisə, indi bu olduqca qarmaşıq və tamamilə fərqli yanaşmalar tələb edən bir məsələyə çevrilib.
Müasir dövrün ən qanlı savaşlarından biri kimi tarixə keçən Rusiya-Ukrayna müharibəsi məhz, qeyd etdiklərimin real mənzərəsini əks etdirir. İlk öncə onu qeyd etmək lazımdır ki, bu qeyri-bərabər bir müharibədir. Tərəflərin qüvvələr balansında kəskin fərqlər mövcuddur. Lakin, qəhraman Ukrayna xalqı üç ildən artıqdır olduqca çətin şəraitdə suverenliyi üçün misilsiz fədakarlıqlar edir və işğalla barışmırlar. Dərin məntiqdə isə onlar təkcə öz ölkələri üçün deyil, Rusiyanın potensial işğal hədəfində olan bütün xalqlar üçün döyüşürlər. Və kifayət qədər ağıllı hərbi gedişlərlə müqaviməti davam etdirirlər.
Bilindiyi kimi, artıq müasir müharibələri pilotsuz uçuş aparatlarsız təsəvvür etmək qeyri-mümkündür. Onlar həm ordunun işini asanlaşdırır, həm kəşfiyyat məlumatlarının dəqiqliyi təmin edir, həmdə gözlənilməz zərbələr endirməklə qüvvələrin hərəkət tempinə maneə yaradır.
Sözügedən taktiki gedişləri nəzərə alarsaq Ukrayna ordusu hərb tarixində yeni bir səhifə açır. Dəyəri milyardlarla dollar təşkil edən ənənəvi texnologiya əsaslı rus silahları bir neçə min qiyməti olan kiçik dronlarla məhv edilir. Bu rəqibi ciddi panikaya salan manevrlərdir.
Eyni zamanda, Ukraynanın son zamanlar Rusiyanın neft zavodlarına, enerji infrastrukturuna dəqiq zərbələr endirməsi onların kibermüharibə metodlarını düzgün qiymətləndiridiyinin göstəricisidir. Düzdür. Rusiya da eyni yanaşmanı tətbiq edir. Ancaq Rusiyadan fərqli olaraq Ukrayna enerji ixracatçısı deyil.
Bilindiyi kimi Rusiyanın bu qədər uzunmüddətli hərbi kompaniya aparmasına zəmin yaradan əsas faktor onun neft və qazdan əldə etdiyi gəlirlərdir. Kreml rəhbərliyi Çin və Hindistana ucuz neft satmaqla cəbhənin iqtisadi yükünü qaldırmağı bacarır. Bu aspektdə Ukraynanın rəqibin enerji infrastrukturlarını hədəf alması məhz Rusiyanın iqtisadi və siyasi dayaqlarını sarsıtmaq strategiyasının bir parçasıdır.
Təbii ki, bütün bunlar hərbi sferanın reallıqlarıdır. Ancaq siyasi müstəvidə işlər fərqlidir. İndi danışıqlar prosesi davam edir və çox təəssüf ki, Ukrayna burada ən çətin vəziyyətdə olan tərəfdir. Çox zəifdə olsa, böyük itgilər verməsinə baxmayaraq Rusiya irəliləyir, dayanmır. Bu onlara hər dəfəsində yeni şərtlər irəli sürməyə imkan qazandırır.
Lakin, ən pis halda Ukrayna tərəfi ərazi mübadiləsinə razı olsa belə Rusiya bu müharibədə qalib sayılmayacaq heç vaxt. Ruslar özlərinə yeni əbədi düşmən qazandılar və ən əsası, bu müharibə dondurulsa belə Ukrayna hər daim Rusiyaya qarşı bir təzyiq vasitəsi kimi istifadə ediləcək.
Siyasi şərhçi Pərviz Mirizadə